“MÜSTƏQİLLİYİMİZİN ALTERNATİVİ YOXDUR”Məhəmmədəmin Rəsulzadə
İsa Qəmbər Respublika günü münasibətilə xalqı təbrik edib

Müsavat Partiyasının başqanı İsa Qəmbər 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli soydaşlarım! 28 may Respublika günü münasibətilə hamınızı təbrik edir, sizə uzun ömür və xoşbəxtlik arzulayıram.

Ötən əsrin əvvəllərində, 1918-ci ilin mayın 28-də Azərbaycanda ilk müstəqil və demokratik dövlət yaradıldı. Böyük öndər M.Ə.Rəsulzadənin və onun silahdaşlarının, o dövrün tanınmış siyasətçilərinin və ziyalılarının fədakarlıqları nəticəsində yaradılmış bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin tarixində çox böyük iz qoydu. Ölkənin ictimai və siyasi həyatının bir çox sahələrində - dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm işlər görüldü, ciddi islahatlar həyata keçirildi. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırıldı.

1920-ci ilin aprelində baş vermiş bolşevik istilası nəticəsində bu dövlət süqut etsə də, onun ideyalarını məhv etmək mümkün olmadı. 70 illik totalitar sovet rejiminin hədsiz təqib və repressiyalarına baxmayaraq, xalq demokratik cümhuriyyətin dəyərlərini, onun əsasını təşkil edən müsavatçılıq ideyalarını öz qəlbində qoruyub saxladı. Təsadüfi deyil ki, 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda da, məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı. Əsrin sonlarında Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamı öz təsdiqini tapdı və xalqımız yenidən müstəqilliyə qovuşdu.

90-cı illərin əvvəllərində ölkəmizin demokratik qüvvələri xalq cümhuriyyətinin yarımçıq qalmış ideallarını gerçəkləşdirməyə başladı. 1992-93-cü illərdə müstəqil və demokratik dövlət quruculuğu yolunda mühüm addımlar atıldı, islahatlar həyata keçirildi. Lakin 1993-cü ilin iyun ayında keçmiş kommunistlər bir sıra xarici havadarlarının köməyi ilə hakimiyyəti hərbi qiyam yolu ilə ələ keçirdi və ölkəni demokratik inkişaf yolundan yayındırdı.

Bu gün H.Əliyevin yaratdığı avtoritar rejim ölkəmizi acınacaqlı duruma salıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır, insan haqları və demokratik azadlıqlar yox səviyyəsindədir, korrupsiya və rüşvətxorluq baş alıb gedir. Ölkənin nefti və təbii sərvətləri bir qrup adam tərəfindən talan edilir. Əhalinin böyük əksəriyyəti isə aclıq və səfalət həddində yaşayır. Təəssüf ki, bütün bu acınacaqlı vəziyyət son nəticədə əhalinin müəyyən qismi arasında müstəqillik ideyasının gözdən salınmasına səbəb olur.

Müstəqilliyimizin alternativi yoxdur. Bu gün bizim əsas vəzifəmiz ölkədə demokratiyanı bərqərar etməkdən ibarətdir. Bunun üçün həm ictimai-siyasi qüvvələr, həm də bütövlükdə cəmiyyət və xalq fəal mübarizə aparmalı, öz taleyinin və sərvətlərinin sahibi olmalıdır. Yalnız bundan sonra bu ölkə inkişaf edər, dirçələr, insanlar layiq olduğu səviyyədə yaşaya bilərlər. Bu mübarizədə hamıya uğurlar arzulayıram!”

Bakı, 27.05.2007