Müsavatın etiraz mitinqi baş tutdu
14 aylıq sükut pozuldu
Dünən milli azadlıq hərəkatının yeni mərhələsinə start verildi
![]() |
![]() |
![]() |
![]() |
Dünən Müsavat Partiyasının təşkilatçılığı ilə “Qiymət artımına yox!” şüarı
ilə metronun “Həzi Aslanov” stansiyasının qarşısından Ukrayna meydanınadək
yürüş-mitinq keçirildi. Bir il iki aylıq qeyri-rəsmi fövqəladə vəziyyətdən
sonra, özü də kütləvi aksiya üçün ilk dəfə sınaqdan keçirilən ərazidəki tədbirin
necə alınacağı hamı üçün maraqlı idi. Hakimiyyət də möhkəm hazırlıq görmüşdü.
Demək olar ki, bütün ətraf binaların arasında içərisində “döyüşə hazır” olan
polislərlə doldurulmuş avtobuslar yerləşdirilmişdi. Təkcə Ukrayna meydanı ilə
üzbəüz bağın yuxarı başında içində polislər olan 7 avtobus dayanmışdı.
Meydanı üzük qaşı kimi əhatəyə alan polislərdən əlavə, mülki geyimli
əməliyyatçılar da çox idi. Üzərində “DİN-in qərargahı” yazılan avtobus isə
görünür, mitinq yerindən “canlı yayın” məqsədilə gətirilmişdi və meydanın bir
küncündə saxlanılmışdı. Hakimiyyətin kütləvi tədbirdən ehtiyatlanması açıq-aydın
diqqət çəkirdi. Hətta ətrafdakı dükanların fəaliyyəti məhdudlaşdırılmış, bağdakı
obyektlərin sahiblərinə isə işləmək qadağan edilmişdi. Çoxsaylı polis qüvvəsi
xof yaratmaqla insanların aksiyaya axınının qarşısını almağa çalışırdı. Hətta
Daxili Qoşun hissələrinin də ehtiyat qüvvə kimi yaxın ərazilərə gətirildiyi
barədə xəbərlər dolaşırdı. Lakin bütün bu kimi tədbirlərə baxmayaraq xalqın
fədakar nümayəndələri aksiyaya gəlib etiraz səslərini ucaltmaqla hakimiyyətin
qiymət artımına qarşı çıxdılar.
Saat 16:00-da əllərində Azərbaycanın və Müsavatın bayraqlarını tutmuş gənclərin
“Müsavat” hayqırtıları ilə neçə aylardan bəri ölkə paytaxtını saran cansıxıcı
sükut pozuldu. Müsavat Partiyasının başqanı İsa Qəmbərin yürüş iştirakçılarına
qoşulması coşqunun artmasına səbəb oldu. Fədakar insanlar “İsa bəy”, “Müsavat”
sədaları ilə başqanı qarşıladılar. Onu partiya rəhbərliyinə daxil olan şəxslər,
Müsavat deputat qrupunun üzvləri və digər nüfuzlu simalar müşayiət edirdi. Bunun
ardınca aksiyada yeni şüar səslənməyə başladı: “İnsanları eşidin, qiymətləri
endirin!” Adamlar sanki bir yerə toplaşmaq üçün qəribsəmişdilər. Hətta bir sıra
aksiya iştirakçılarının bu tədbirdən riqqətə gələrək sevinclə digərlərinə
“bayramın mübarək” dediyini eşitdik. Gənclərin növbəti şüarları “İs-te-fa!”,
ardınca da “Rejimə yox!” oldu. Daha sonra “Zalımlara, soyğunçulara ar olsun!”,
“Su, işıq, qaz!” hayqırtıları eşidildi. Tarif Şurası da yaddan çıxmadı, insanlar
bu qurumun ünvanına “Ar olsun!” qışqırdılar. Yürüşçülərin sırasında cəbhəçilər
də var idi, demokratlar da, milli istiqlalçılar da. İnsanların içərisində
məşhurlar da az deyildi: Cümə məscidinin imam-camaatı Hacı İlqar, tanınmış
yazarlar Hacı Zamin, Şahvələd Çobanoğlu, hüquq müdafiəçisi Novella Cəfəroğlu,
QAT sədri Akif Nağı və digərləri.
Ukrayna meydanı çox da uzaqda olmadığından, yürüşçülər bu ünvana tez yetişdilər.
Meydandakı insanları görən yürüşçülər bir az da coşqu ilə hayqırmağa, haqlarını
tələb etməyə başladılar. Mitinqdə aparıcılıq missiyasını Müsavat Məclisinin üzvü
İbrahim İbrahimli öz üzərinə götürmüşdü. İbrahim bəy Azərbaycanda neçə vaxtdan
bəri hökm sürən fövqəladə vəziyyət rejiminə son qoyaraq ilk dəfə qiymət artımına
etiraz edən Müsavat Partiyasının meydana daxil olduğunu elan edəndən sonra
“Müsavat!” sədaları ucaldı. İ.İbrahimli sözünə davam etdi: “Nə qədər ki,
Azərbaycanda Müsavat Partiyası var, bu millətə, bu xalqa qarşı aparılan
soyqırıma həmişə etiraz olacaq!” Yenə də “Müsavat” hayqırtıları ətrafa yayıldı.
Tarif Şurasının məlum qərarını pisləyən İbrahim bəy Azərbaycanın əli iş tutan
kişilərinin böyük əksəriyyətinin dünyanın müxtəlif yerlərinə səpələndiyini
xatırlatdı: “Bu qədər sərvəti, var-dövləti olan məmləkətdən Azərbaycan
vətəndaşları qaçaq düşüb. Belə bir vəziyyətdə dövlət başçısı televiziyadan deyir
ki, Azərbaycanda tərəqqi, inkişaf var. Bir azdan dünyadan əmək miqrantları
Azərbaycana gələcək. Sual olunur, didərgin düşən 3 milyon vətəndaşını vətənə
qaytara bilməyən, öz vətəndaşının qazını, işığını, suyunu kəsənlərin ölkəsinə
kimlər gələcək? Nəyə gələcək bu məmləkətə? Öz ailə-uşağının gözünə dik baxa
bilməmək üçünmü?”
İbrahim bəy bildirdi ki, bu gün Heydər Babayevin bağındakı quşların yediyi yemi
heç Azərbaycan vətəndaşlarının orta təbəqəsi də yeyə bilmir. Onun bu sözləri “Ar
olsun!” hayqırtıları ilə müşayiət olundu. Mitinqdə xüsusi şövqlə və məharətlə
aparıcılıq edən İ.İbrahimlinin giriş nitqindən sonra meydan əhli yumruğunu göyə
qaldırıb dövlət himnimizi oxudu.
Çıxış üçün ilk söz alan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri
Arif Hacılı hakimiyyətin xalqın taleyini düşünmədiyini, Azərbaycana yalnız
varlanmaq yeri kimi baxdığını dedi: “Hakimiyyət hər vasitə ilə xalqın cibinə
girməklə məşğuldur. Bu gün o, Azərbaycan xalqının nəinki gələcəyini, hətta bu
gününü də düşünmür. Xatırlayırsınızsa, İlham Əliyev seçki kampaniyası apardığı
dövrdə bildirirdi ki, Bakı-Ceyhan neft kəmərinin işə düşməsilə insanların həyat
səviyyəsi, sosial-iqtisadi vəziyyət yaxşılaşacaq. Bu gün bəyan edir ki, ölkənin
dövlət büdcəsinin artması ilə əlaqədar guya xalqın həyat səviyyəsi yüksəlib.
Ancaq siz bilirsiniz ki, Azərbaycanda hazırda dəhşətli və ədalətsiz bir
təbəqələşmə prosesi gedir. Əhalinin 5-7 faizi milyardlara sahib olduğu halda, 90
faizindən artığı yoxsulluq həddində yaşamaq məcburiyyətindədir. İnsanlar çörəklə
imtahana çəkilirlər”.
Arif bəy vətəndaşlarımızı bu günü və gələcəklərini düşünməyə səslədi və hər kəsi
öz haqları uğrunda mübarizəyə çağırdı. Müsavatın isə daim bu mübarizənin önündə
olacağını vurğuladı: “Əgər biz indi etiraz səsimizi qaldırmasaq, neft gəlirləri
azalmağa başlayanda, təqribən 10-12 il sonra Azərbaycan neft ixrac edən ölkədən
neft idxal edən ölkəyə çevriləndə ölkə indikindən daha dəhşətli bir xarabazara
çevriləcək”.
Mitinqin keçirildiyi ərazidəki 34-cü dairədən deputat seçilən millət vəkili
Nəsib Nəsibli öncə bu ünvanda ağır vəziyyətdə yaşayan seçicilərinin, xüsusilə də
ailəvi yataqxanalarda məskunlaşanların problemlərindən bəhs etdi. Bildirdi ki,
işsiz seçicilərinin elektrik enerjisinin haqqını hələ köhnə qiymətlə ödəyə
bilmədiyi barədə Milli Məclisdə məsələ qaldırmışdı. Lakin nəinki bu barədə
tədbir görülmədi, hətta enerjinin qiyməti üç dəfə artırıldı: “İndi bu işsiz,
binəva insanlar elektrik enerjisinin haqqını, digər kommunal xərcləri necə
ödəsinlər?” Nəsib bəy neftin hesabına dövlət büdcəsinin artmasına toxunaraq qeyd
etdi ki, bütün bu artımlar cəmiyyətin həyatına təsir göstərmir: “O millətdə ki,
həqiqətən əyriyə əyri, haqsızlığa “yox” deyən insanlar var, həmin millətin
gələcəyi təhlükədə deyil. Burda olan müxalif əhval-ruhiyyəli, haqsızlığa,
hoqqabazlığa, əliəyriliyə “yox” deyən insanlardır. Azərbaycanda nəinki müxalifət
yoxdur, əksinə, on minlərlə, yüz minlərlədir. Bu müxalifətin nümayəndələri indi
burdadır. Sizlərə eşq olsun!"
Vaxtilə müxalifəti MSK-da ləyaqətlə təmsil etmiş Ənvər Əliyev bildirdi ki,
mitinq iştirakçılarının sayı həddindən çox ola bilərdi: “Mən bu millətdən həmişə
razıyam. İnanıram ki, normal şərait olsa, o, istədiyi sözü deyəcək və qüdrətini
göstərəcək. Arzu edirəm ki, sıralarımız daha qüvvətli olsun. Haqqı deməyi
bacaran millət tarixdə yaşayır. Hər şeyə baş əyənlərin axırı heçdir, bunu hamı
bilməlidir”. Daha sonra o, sual etdi: “Mən başa düşmürəm, indiki hakimiyyət
hansı adla bu vətəni idarə edir? 3 milyon insan xaricdədir. Onlar burdakı 3
milyonu dolandırır. Qalan 30 faiz də acından ölür”. Ənvər bəy müxalifəti yox
etmək istəyənlərə də sərt mesaj verdi: “Müxalifəti yoxa çıxaran hakimiyyətlərin
axırda özləri yoxa çıxdı”.
ADP funksioneri Nurəddin İsmayılov çıxışında öz haqqı uğrunda mübarizəyə qalxan
insanları meydanda görməkdən şərəf duyduğunu bəyan etdi. Eyni zamanda bütün
insanların bir araya gəlməsini zəruri saydı. Bildirdi ki, 2003-cü ildə bütün
demokratik düşərgənin bir araya gəlməsi nəticəsində İsa bəy prezident
seçkilərinin qalibi oldu və 2005-ci ildə “Azadlıq” bloku parlament seçkilərini
uddu: “İndiyədək bizim səsimizi oğurlayan, seçki qutularına girənlər indi də
bizim cibimizə, evimizə giriblər. Baş verənlər bir partiyaya, bir bloka qarşı
yox, bütövlükdə millətə qarşıdır. Ona görə də bütün cəmiyyət aktiv mübarizəyə
başlamalıdır. Səs-səsə, əl-ələ verməli, haqq işimizi davam etdirməliyik”.
İ.İbrahimli bu bahalaşmadan sonra da bəzi insanların televiziyadan hökumətə 25
faizlik artıma görə minnətdarlıq etmələrinə diqqət çəkəndə yerbəyerdən “Ar
olsun!” sədaları ucaldı. Bundan sonra qiymət və maaş artımına gerçək reaksiyanın
necə olduğunu mitinq Lətifə anadan eşitdi. Çıxışı çox maraqla qarşılanan və
dəfələrlə alqışlan Lətifə ana kreslolara yayxanıb qiymətləri artıranlara “Ar
olsun!” deməklə sözünə başladı. O, Azərbaycanda şan-şöhrət içində yaşayanları
işğal altında olan Qarabağa, çadırlara, vaqonlara baxıb xəcalət çəkməyə çağırdı:
“50 yerdə villa tikdirib, quşla, delfinlə oynayıb, öz şanında-şöhrətində
gəzənlərə ar olsun!” Lətifə ana insanları çörəklə imtahana çəkənləri öz
əməllərindən geri çəkilməyə çağırdı: “Vicdanınız olsun. Toyuq da su içəndə
Allaha baxır. Bir siz də Allahınızı yadınıza salın. Bəsdir, bu camaatı qırdınız.
Gecəyarısı qiymətləri qaldırırsınız, elə bil səhər camaat bir-birinə 20 Yanvarın
xəbərini verir. Neçə-neçə adamları infarkt vurub. Deyirlər arığa dərisi də
yükdür. Millət dolana bilmədiyi halda, beş gündən bir nəyə qiyməti
qaldırırsınız? Sizinçün nə var, hər gün kefdə, şənlənməkdə, yemək-içməkdəsiniz.
Balalarınız bu gün sürdüyü maşını sabah sürmür. Sizə ar olsun ki, Azərbaycan
oğlanları gedib 20 Yanvarda oğul-qızlarımızı əzənlərin qabağında işləyir. Ar
olsun sizlərə ki, qız-gəlinimiz Dubaya axışır. Bundan artıq binamusluq olar?
Bəsdir bu milləti ayaqladınız!” Məmurlara sözünü dedikdən sonra Lətifə ana üz
tutdu meydan əhlinə: “Xalq olaraq, millət olaraq ayağa qalxın, sözünüzü deyin”.
Qarabağdan qaçqın düşən Xudaverdi Orucov da qiymət artımına kəskin etiraz ifadə
etdi: “Bu gün artıq bıçaq sümüyə dirənib. Mən problemlər içərisində olan, iş
tapa bilməyən ali təhsilli övladımın üzünə baxa bilmirəm. Bu ədalətsizliyə son
qoymaq lazımdır”. Qarabağ itkisindən söz açan Xudaverdi kişi artıq Azərbaycan
ərazilərində ikinci erməni dövlətinin yaranması təhlükəsinin real olduğundan
danışdı. Bundan sonra isə bütün xalqa ünvanlı çağırışını elədi: “Müsavat haqq
sözü deyir. Durun ayağa, nə oturmusunuz? Onsuz da axırı ölümdür. Gəlin, kişi
kimi yaşayıb kişi kimi ölək!”
AMİP-in sədr müavini Əli Orucov bildirdi ki, hakimiyyət hər zaman xalqın
müqavimətini qırmağa səy göstərsə də, istəyinə çatmayıb: “Bu izdiham göstərdi
ki, heç bir rejim sizi sındıra bilməz”. Əli bəy partiyasının mövqeyini bir daha
ifadə etdi: “AMİP həmişə xalqla bir yerdə olub və bundan sonra da bu mübarizədə
sizinlə olacaq. Mən əminəm ki, bu millət yenə də haqq mübarizəsində qalib gəlib
ilin xalqı adını qazanacaq və öz hakimiyyətini quracaq”.
İ.İbrahimli sözü “Müsavat deputat qrupunun generatoru” kimi təqdim etdiyi millət
vəkili Pənah Hüseynə verdi. İnsanlar tribunaya qalxan Pənah bəyi böyük sayğı və
coşqu ilə qarşıladılar. Millət vəkili “Müsavat!” çağırışını edəndən sonra
izdiham da uzun müddət bu şüarı səsləndirdi. Pənah Hüseyn atalarının çiynində
mitinqi seyr edən uşaqlara diqqət çəkdi və “Bizi mübarizəyə bu uşaqların
gələcəyi səsləyir” dedi. Bildirdi ki, 10, 15, 20 ildən sonra bu torpağı, vətəni
və dövləti quru yurd şəklində bu balalarımıza verməyə haqqımız yoxdur: “Mən
bugünkü mitinqi Azərbaycanın ən yeni tarixində mübarizəmizin başlanğıcı hesab
edirəm. İnşallah, xalqımızın köməyi, millətimizin iradəsi, oğlanlarımızın,
kişilərimizin və xanımlarımızın köməyilə bu millət öz haqqını bərpa edəcək. Bu
gün onun cibinə girən, oğurluq edən, onun bu gününü, gələcəyini oğurlayan
adamların cavabını verəcək. Belə hökumət, belə nazirlər, belə qərarları verən
vəzifəlilər istefaya getməlidir”.
Meydan bunu gözləyirmiş kimi qəzəblə “İs-te-fa!” hayqırmağa başladı. Pənah bəy
bir neçə gündən sonra bu tələbi Milli Məclisdə səsləndirəcəklərini dedi:
“Müsavatın bu aksiyası çox böyük əhəmiyyətə malikdir. Amma biz bu hərəkatı
bütövlükdə Azərbaycan xalqının ümumxalq mübarizəsinə, ümumxalq hərəkatına
çevirməliyik”. Çıxışçı bunun üçün kifayət qədər resursların olduğunu bəyan etdi:
“Mən bu hərəkatın qələbəsinə əminəm. Müsavat Partiyası başda olmaqla bizim
şanlı, mübariz, fədakar müxalifətimiz, demokratik qüvvələrimizlə bərabər Müsavat
deputat qrupu da öndə olacaq. Biz haqqımızı bunların boğazından çıxaracağıq,
inşallah”.
Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər iştirakçıları salamlamaqla
yanaşı haqqı, hüququ uğrunda mübarizədən çəkinənləri qınadı: “Kimlər ki, zalımla
mübarizə aparmır, öz haqqı və hüququ ilə birlikdə şərəf və ləyaqətini də
itirəcək. Bu vaxtadək partiya liderləri, siyasətçilər hədəfə alınırdısa,
əzilirdisə, indi artıq sadə vətəndaşlar hədəfdədir. Bu aksiya onu göstərdi ki,
Müsavat həmişə xalqın yanındadır. Mübarizə bu gün də var, yarın da, biz də onun
ən ön sıralarında”.
Müsavat başqanının nitqi dinlənildikdən sonra (İsa bəyin çıxışı ilə səh. 7-də
tanış ola bilərsiniz - red.) İ.İbrahimli insidentsiz, yüksək əhval-ruhiyyədə
başa çatan yürüş-mitinqin qətnaməsini oxudu. Sənəddə hakimiyyətdən
enerjidaşıyıcılarının qiymətlərinin artımı ilə bağlı verdiyi məsuliyyətsiz
qərarları dərhal ləğv etmək, əhalinin aztəminatlı təbəqələrinin sosial
vəziyyətini yaxşılaşdırmaq üçün ciddi tədbirlər həyata keçirilməsi, əməkhaqları,
pensiya, müavinət və digər xarakterli yardımların ciddi surətdə artırılması
tələb edilir. Qətnamədə hakimiyyətdən korrupsiya, rüşvətxorluq, inhisarçılıq və
məmur özbaşınalığına qarşı sərt tədbirlərin görülməsi, neft və digər büdcə
gəlirləri, həmçinin onların xərclənməsi üzərində həqiqi ictimai nəzarət,
şəffaflığın təmin edilməsi, bu gəlirlərdən səmərəsiz istifadəyə son qoyulması
tələbləri də yer alıb. İbrahim bəy yekunda uca səslə mitinqçilərə müraciət etdi:
“Mən sizə Azərbaycan milli azadlıq hərəkatının yeni mərhələsinin başlaması
münasibətilə uğurlar arzulayır, gələcəkdə meydana səsləyirəm. Eşq olsun!”
Sürəkli alqışlardan sonra aksiya Müsavat Partiyasının himninin oxunuşu ilə başa
çatdı. Beləliklə, son onillikdə Müsavat yanvar ayında heç zaman müşahidə
olunmayan etiraz tədbirini keçirməklə sükunət buzunun vaxtından tez, yaz
gəlməmiş qırılmasına nail oldu.
Yeni Müsavat qəzeti, 29 yanvar 2007-ci il
“Biz
bu hakimiyyəti yerində oturdacağıq”
İsa Qəmbər: “Qiymət artımının səbəbi iqtidarın səriştəsiz, oğru və saymaz
olmasıdır”
“Qiymət artımına yox!” şüarı ilə dünən Ukrayna meydanında keçirilən mitinqdə
Müsavat Partiyasının başqanı İsa Qəmbər geniş nitq söylədi. Müsavat başqanının
sürəkli alqışlar, “İsa bəy” hayqırtıları ilə müşayiət olunan çıxışının mətnini
təqdim edirik:
- Mənim əziz bacılarım və qardaşlarım!
Sizləri, öz haqları uğrunda qəhrəmancasına mübarizəyə başlayan insanları,
Azərbaycan xalqının fədakar övladlarını salamlayıram. Eşq olsun sizlərə!
Bu gün burda bizim keçirdiyimiz kütləvi tədbir Müsavat Partiyasının mitinqi
deyil. Bu, xalqın mitinqidir, xalqın öz hüquqları uğrunda mübarizəsinin yeni
mərhələsinin başlanğıcıdır. Bu gün hamının ürəyi doludur. Biz xalqımıza
danışmaq, sözünü demək, öz hüquqları uğrunda mübarizə aparmaq imkanını
yaratmışıq, yaradırıq və yaradacayıq.
Bu hakimiyyət bütün xalqımızı şoka saldı. Minimum əməkhaqqı 40 manat, orta
əməkhaqqı 140 manat olan bir məmləkətdə, əhalisinin əksəriyyəti işsiz olan,
işləyənin də çox aşağı maaş aldığı bir ölkədə, 1 mln.200 min təqaüdçüsü olan bir
məmləkətdə işıqpulu 3 dəfə, benzin 60 qəpiyə, başqa enerjidaşıyıcılarının
qiymətləri və kommunal xərclər xeyli artırıldı. Hakimiyyət niyə bu addımı atır?
Bunun konkret səbəbləri var.
Birinci səbəb odur ki, hakimiyyət savadsız və səriştəsizdir. Bu insanlar neçə
illərdir hakimiyyətdədirlər, indiyədək xalqa öz sosial-iqtisadi proqramlarını
təqdim etməyiblər. Təbii onların da içində savadlı adamlar var, biz onlara da
hörmətlə yanaşırıq. Ancaq savadlı adamlar dönüb mirzələrə çevriliblər, bunların
yalan yazı-pozularını hazırlayıb ortaya qoymaq məcburiyyətindədirlər. Hətta
bəzən hakimiyyətin bu cinayətkar qərarlarını izah eləmək məcburiyyətindədirlər.
Bütövlükdə isə, yenə təkrar edirəm, bu hakimiyyət savadsız və səriştəsizdir.
İkinci səbəb ondan ibarətdir ki, indi ölkədə oğru, korrupsioner, rüşvətxor bir
hakimiyyət var. Əgər hakimiyyət rüşvətxor, oğru olmasaydı, qiymətləri bu qədər
artırmağa ehtiyac olmazdı. Yadınıza salırıq ki, keçən ilin sonunda parlamentdə
büdcə müzakirələri olanda bizim millət vəkillərimiz, mütəxəssislərimiz - hamımız
bunun oğru bir büdcə olduğunu dedik. Belə bir büdcə ilə proseslərin çox mənfi
istiqamətə yönələcəyini bildirdik. Bir-iki ay keçmədi, bu qiymət artımı baş
verdi. Niyə baş verdi? Çünki bunlar bu büdcəni doldurmalıdırlar. Rəqəmləri 6
milyarda qaldırıblar və büdcəni doldurmaq lazımdır. Büdcəni doldurmağın isə iki
yolu var: ya sən rüşvətdən, oğurluqdan əl çəkməlisən, ya da ki, xalqın cibinə
girməlisən. Bu hakimiyyət yenə əvvəlki kimi ikinci yolu, xalqın cibinə girmək
yolunu seçdi. Faktlar yüzlərlə, minlərlədir. Hamısını sadalamağa vaxt çatmaz.
Bircə faktı xatırladıram ki, 5-6 il əvvəl bunlar “Azərenerji” üçün 500 mln.
dollar məbləğində xaricdən kredit almışdılar. Bu krediti yeyib-dağıdıblar,
oğurlayıblar və indi həmin borcu qaytarmaq zamanı gəlib. Ancaq onu öz
ciblərindən, xalqdan oğurladığı milyardlardan qaytarmaq istəmirlər. Yenə də
xalqın cibinə girirlər. Bu, oğru bir hakimiyyətdir və qiymətlərin artırılmasının
əsas səbəbi də budur.
Üçüncü səbəb ondan ibarətdir ki, Əliyev rejimi öz xalqı ilə hesablaşmır, onu
saymır, vətəndaşlarına hörmət eləmir. Bu hakimiyyətin xalqa münasibətini
görürsünüz. Durub deyir ki, “müxalifətdən naftalin iyi gəlir”. Vallah, bilmirəm,
bunlar bizi nə vaxt iylədilər, niyə iyləyirlər bizi? Ancaq mən bilirəm ki,
naftalin iyi oğurluq, rüşvət, quldurluq, cinayət iyindən yaxşıdır. Müxalifət hər
zaman xalqla bir yerdədir. Qiymətlərin artması hər bir vətəndaşımız kimi, mənə
də, mənim müavinlərimə də, Müsavatın rəhbərliyində olan şəxslərə də, hər bir
sıravi müsavatçıya da, hamımıza zərbədir. Hamımız düşünürük ki, bu ayın axırında
işıqpulunu necə verəcəyik, supulunu, digər xərcləri necə ödəyəcəyik? Hamımıza
dəyir bu zərbə. Çünki biz bu xalqın içində yaşayırıq. Biz İlham Əliyev kimi,
onun məmurları kimi günlərimizi İsveçrə kurortlarında keçirmirik. Yanvar ayı
başa çatmaq üzrədir, bu adam cəmi iki-üç gün ölkədə olub, qalan vaxtlarını
İsveçrənin kurortlarında, xaricdə keçirib. Gəldi, Tarif Şurasının qərarlarını
müdafiə elədi. Elan elədi ki, “bu, mənim qərarlarımdır”. Sonra da xalqa həmişəki
yalanları danışıb və çıxıb getdi. Yenə də vaxtının çoxunu xaricdə keçirəcək.
Bu adamların xalqdan xəbəri yoxdur, xalqın çəkdiyini onlar çəkmirlər. Bu
günlərdə çox adamlar haqlı suallar qoyurlar. Deyirlər ki, İlham Əliyev, onun
nazirləri xalqın orta aylıq əməkhaqqı ilə, pensionerin puluyla, işsizin
müavinəti ilə bir ay dolansınlar, görək yaşaya bilərlərmi? Ancaq öz maaşlarını
artırmağı unutmurlar. Sən demə, 22 yanvarda bunlar nazirlərin, baş nazirin,
nazir müavinlərinin, icra başçılarının maaşlarını artırmağı unutmayıblar. Rəsmi
dərc eləmirlər, ancaq deyəsən, onların da maaşını 25 faiz artırıblar. Ancaq
onların maaşı 25 faiz artanda, baş nazirin məvacibi 2 min dollara, bəzi
məmurların maaşı 1500, 1800 dollara çatır. Ancaq 40, 50, 80 manat maaş alan
həkim, müəllim, mühəndis, ondan az pensiya alan təqaüdçünün aldıqlarını 25 faiz
artıranda axı, bu, qəpik-quruş eləyir. Fərq burasındadır. Maaşları, pensiyaları
400-500 dollara, alimin, professorun maaşını heç olmasa 1000 dollara çatdırmış
olsaydılar, indiki 25 faizlik artımın bir xeyri, təsiri olardı. Benzinin
qiymətini 60 qəpiyə qaldırıb deyirlər ki, dünya bazarında belədir. Əvvəla,
Amerikada benzinin qiyməti Azərbaycandan ucuzdur. İkincisi, Azərbaycanda işləyən
insanın bir ayda qazandığını, Amerikada bir günə qazanırlar. Bunları nə cür
müqayisə eləmək olar? Sən dünya standartlarına uyğunlaşmaq istəyirsənsə,
qiymətlərlə yanaşı, maaşları da uyğunlaşdır, camaatı işlə təmin elə,
pensiyaları, tələbələrin təqaüdlərini, işləyə bilməyənlərin müavinətlərini
qaldır. Ondan sonra de ki, mən dünya standartları ilə iş görürəm.
Əzizlərim, biz bu gün seçki, hakimiyyət davası eləmirik, heç bir siyasi şüar
irəli sürmürük. Bu gün bizim bir şüarımız var - “İşıq, su, qaz - belə bahalıq
olmaz!” (Aksiya iştirakçıları “İs-te-fa!” hayqırmağa başladı).
Mənim əziz bacılarım və qardaşlarım! Mən sizinlə hər zaman açıq danışmışam. Biz
mitinq üçün müraciət edəndə dedik ki, aksiyaya təqribən 10 min adam yığışacaq.
Bu gün bura təqribən elə o qədər insan toplaşıb, bir qədər çox, ya az ola bilər,
say üstündə dava eləmirik. Ancaq mən sizə açıq deyim ki, 10 min adamın “istefa”
qışqırmasıyla bu hakimiyyət istefaya getməyəcək. Əgər biz bu hakimiyyəti
dəyişmək istəyiriksə, yüz minlərlə insan meydanlara yığılmalıdır. Əgər biz bu
hakimiyyəti xalqa zidd, cinayətkar siyasətdən çəkindirmək istəyiriksə, on
minlər, yüz minlər meydanlara yığışmalıdır. Bu hakimiyyət qiymətləri yenə
artırmağa hazırlaşır. Əgər müqavimət olmasa, bizlər öz hüquqlarımızı müdafiə
eləməsək, bunlar dayanmayacaqlar. Bir-iki aya qazın, başqa məhsulların da
qiymətini artırmaq fikrindədirlər. Bunun qarşısını yalnız xalqın müqaviməti ala
bilər. Ona görə də biz bir daha bütün xalqımızı öz haqlarını müdafiə eləməyə
çağırırıq. Bütün siyasi qüvvələri, ictimai təşkilatları, özünə hörmət eləyən
insanları, hamını müqavimətə, öz hüquqları uğrunda mübarizəyə çağırırıq. Yalnız
bizim birgə mübarizəmizlə bu hakimiyyətin cinayətkar siyasətini dayandırmaq,
onları susdurmaq, xalqla hesablaşmağa məcbur eləmək mümkün olacaq. Mən sizləri
bu mübarizəyə çağırıram. Müsavat Partiyası bu hərəkatı davam elətdirəcək. Bir
günlə, bir mitinqlə məsələ həll olunmur. Mübarizə davam edəcək. Mübarizə təkcə
bu, gözəl Ukrayna meydanında yox, Bakının bütün meydanlarında aparılacaq.
Bilsinlər, bizim Azadlıq meydanına çıxan günümüz də olacaq, bilsinlər bunu!
Biz vəziyyəti ölçüb-biçib yaxın günlərdə növbəti mitinqimizin vaxtını elan
edəcəyik. Yenə də sizlərin hamınızı bu mitinqə dəvət eləyəcəyik. Gələn dəfə
artıq siz dostlarınızı, qonşularınızı, bu bahalıqdan əziyyət çəkən, buna etiraz
eləmək istəyən bütün insanları da bura dəvət eləməlisiniz. Daha möhtəşəm, daha
güclü etiraz tədbirləri ilə biz bu hakimiyyəti yerində oturtmalıyıq və
oturdacayıq!
Eşq olsun sizlərə!
Yaşasın Müstəqil, Demokratik, Bütöv, Firavan Azərbaycan!
Tanrı Azərbaycanımızı qorusun!
Tanrı sizləri qorusun!
Müsavat Partiyasının 28 YANVAR 2007-ci ildə keçirdiyi yürüş-mitinqin qətnaməsi
Hökumətin enerji daşıyıcılarının və digər kommunal xidmətlərin qiymətlərinin
birdən-birə kəskin şəkildə artırmaq haqqında qərarı ölkədə sosial-iqtisadi
durumu gərginləşdirib, əhalinin əksər təbəqələrinin, xüsusən də aztəminatlı
ailələrin vəziyyətini daha da pisləşdirib. Hakimiyyət dairələri, xüsusilə də
ölkə başçısı yol verdikləri səhvi düzəltmək əvəzinə nümayişkaranə surətdə, onsuz
da, psixoloji durumu gərgin olan xalqı hövsələdən çıxaran uğursuz və səviyyəsiz
bəyanatlar verir, ölkədə gərgin olan ab-havanı bir az da gərginləşdirirlər.
Bütün bunlar bir daha təsdiq edir ki, “sürətli iqtisadi inkişaf”, “xalqın
gündən-günə artan rifahı” haqqında söylənilən nağıllar sabun köpüyü kimi
dağılmaqda, hökumətin iqtisadi siyasətinin iflasa uğradığını əyani surətdə
təsdiq etməkdədir. Üstəlik korrupsiya və rüşvətin çiçəklənməsi, aydın surətdə
nəzərə çarpan özbaşınalıq və anarxiya mühiti, məmur özbaşınalığı və qanunlara
hörmətsizlik təkcə xalqın həyat səviyyəsi baxımından yox, həmçinin sahibkarlıq
sahəsində də vəziyyəti xeyli dramatikləşdirir. Nəticə etibarı ilə vətəndaşların
bu iqtidarın səriştəsiz siyasətinə, ölkə əhalisinə sayğısızlığına etirazları
günbəgün genişlənir.
Müsavat Partiyası hesab edir ki, indiki şəraitdə xalqın bütün təbəqələri
hakimiyyətin bütün özbaşınalıqlarına qarşı səfərbər olmalı, öz hüquqları uğrunda
ardıcıl mübarizəyə qalxmalıdır. Yalnız belə bir şəraitdə ölkədə hökm sürən
dərəbəyliyin və qanunazidd hərəkətlərin qarşısını almaq və ölkədəki vəziyyəti
normallaşdırmaq mümkündür. Partiya əmindir ki, xalqımız bu anormal hakimiyyətin
şıltaqlıqlarına dözməyəcək, onu öz yerində oturtmaq üçün daha geniş birlik və
həmrəylik nümayiş etdirərək mübarizəni davam etdirəcək.
Müsavat Partiyasının 28 yanvar 2007-ci ildə keçirdiyi mitinqin iştirakçıları
hakimiyyətin iqtisadi cəhətdən əsaslandırılması mümkün olmayan absurd siyasətini
kəskin surətdə pisləyərək tələb edir:
• geniş xalq kütlələrinin maraqlarına cavab verməyən bu məsuliyyətsiz
qərarlar dərhal ləğv edilsin;
• əhalinin aztəminatlı təbəqələrinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün
ciddi tədbirlər həyata keçirilsin, əmək haqları, pensiya, müavinət və digər
xarakterli yardımlar ciddi surətdə artırılsın;
• korrupsiya və rüşvətxorluğa, inhisarçılığa, məmur özbaşınalığına qarşı sərt
tədbirlər görülsün;
• neft və digər büdcə gəlirləri və onların xərclənməsi üzərində həqiqi ictimai
nəzarət və şəffaflıq təmin edilsin, bu gəlirlərdən səmərəsiz istifadəyə son
qoyulsun.
Müsavat Partiyasının mətbuat xidməti, 28 yanvar 2007-ci
il
![]() |
||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
||