"Belarus millisi Azərbaycan polisi qədər qəddar deyil"

İsa Qəmbər: "Postsovet məkanında iki mübariz xalq varsa, biri Azərbaycan, digəri Belarus xalqıdır"


Müsavat Partiyasının başqanı İsa Qəmbər Belarus səfəri yekunlaşıb. Xatırladaq ki, başqan Minskə bu ölkənin müxalifət lideri Aleksandr Milenkeviçin dəvətilə getmişdi. İsa bəyin səfərlə bağlı təəssüratlarını öyrənmək üçün onun özü ilə görüşdük və fürsətdən istifadə edib başqana digər suallar da ünvanladıq.

- İsa bəy, səfəriniz necə keçdi, kimlərlə görüşdünüz?


- Çox maraqlı səfər oldu. Belarusda 25 mart azadlıq, istiqlal günü kimi qeyd olunur. 1918-ci ilin həmin mart günündə Belarus Xalq Respublikası qurulub. Lakin Azərbaycandan fərqli olaraq Belarusdakı avtoritar rejim bu günü tanımayıb və istiqlal gününü yalnız demokratik, milli dəyərlərə sadiq qüvvələr qeyd edirlər. Bu məqsədlə hər il onlar müxtəlif tədbirlərə, o cümlədən mitinqlərə cəhdlər göstərirlər, hakimiyyət isə bunun qarşısını almağa çalışır. Bu dəfə də təəssüf ki, belə oldu. Şəhərin mərkəzində mitinq keçirilməli idi. Biz Belorus müxalifətinin bir sıra liderləri və Avropadan gələn qonaqlarla bərabər ora gedəndə milis qarşımızı kəsdi, getməyə imkan vermədilər. Milinkeviç meqafonla çıxış edəndən sonra isə milis daha şiddətlə aksiya iştirakçılarını sıxışdırmağa başladı. Doğrudur, insaf naminə qeyd etmək lazımdır ki, Azərbaycandan fərqli olaraq Belarus milisi dəyənəkləri yerli-yersiz işə salıb insanlara hücum eləmirdi. Əsasən onları sıxışdırmaq, itələmək, hardasa kardon yaradıb, buraxmamaqla kifayətlənirdi. Amma hər halda bizə meydana girməyə imkan vermədilər və sıxışdırıb o biri küçəyə keçməyə sövq etdilər. Şəhərdə xeyli piyada yürüş etdik. Maraqlı yürüş oldu, çoxdandır ki, belə uzun yürüşdə iştirak eləmirdim. Yürüşün sonunda Belarus Milli Akademiyasının qarşısındakı meydanda toplaşdıq. Ora minlərlə insan yığışmışdı, burada mitinq baş tutdu. Tədbirdə ölkənin demokratik qüvvələrinin təmsilçiləri və xarici qonaqlar çıxış etdilər. Fikirlərimizi Belarusun demokratik ictimaiyyətinə çatdırdıq. Səfər zamanı həm cənab Milinkeviç və Belarusun demokratik düşərgəsinin digər təmsilçiləri, həm də Polşa və Almaniyadan gələn qonaqlarla görüşmək, söhbət etmək imkanlarımız oldu. Kifayət qədər maraqlı təəsüratla ayrıldıq.

- Yerli mətbuat, televiziya çıxışlarınıza diqqət ayırdımı?


- Orada müxalifətin üzünə açıq olan telekanal yoxdur. İnternet saytlarında bir çox məqamlar öz əksini tapıb. həm Belarusun, həm də bu ölkədə gedən proseslərlə maraqlanan ölkələrin internet saytlarında məsələlər kifayət qədər işıqlandırılır. Onu qeyd edim ki, mitinq iştirakçıları Azərbaycandan siyasət adamının gəlib, onları bayram münasibəti ilə təbrik etməsini böyük ruh yüksəkliyi ilə qarşıladılar. Çünki Azərbaycan demokratları da bu məsələlərdə onlara dəstək verir.

- Bildiyimiz qədər mərasimə Ukrayna demokratlarının da nümayəndələri qatılıb. Köhnə dostlarla təmaslarınız oldumu?


- Köhnə dostlarımdan gələnləri görmədim. Əsasən Belarus müxalifətçiləri ilə təmaslarım oldu. Bəzilərini əvvəlcədən tanıyırdım, məsələn Xalq Cəbhəsinin sədri Viçorka çox fədakar, mübariz insandır; onunla hər zaman əlaqə saxlamışıq. Aleksandr Milinkeviçlə şəxsi tanışlığım yox idi, onunla bir sıra məsələləri ətraflı müzakirə edə bildik. Eyni zamanda digər partiyaların rəhbərləri ilə görüşdük. Rusiyanın Sağ Qüvvələr İttifaqının (SPS) sədri Nikita Beluk da orda idi. Onunla təmasımız mitinq zamanı oldu.

- Maraqlıdır, Azərbaycan müxalifətindən yalnız sizə dəvət gəlmişdi, yoxsa başqa gedənlər də var idi?


- Doğrusu, dəqiq bilmirəm. Amma burda yayılan xəbərlərdən belə başa düşdüm ki, məndən başqa daha bir nəfər - müəyyən müddət Avropa Şurası Parlament Assambleyasında Belarus üzrə məruzəçi olmuş Asim Mollazadə dəvət olunub. Mən bilən başqa heç kim yox idi.

- Belarusda ictimai-siyasi vəziyyət necədi? Azərbaycanla hansı oxşar və fərqli cəhətlər mövcuddur?


- Oxşar cəhətlər də, fərqli cəhətlər də az deyil. Orada da avtoritar rejim var və bu rejim xalqın iradəsi ilə hesablaşmadan, öz bildiyi şəkildə ölkəni idarə etməyə çalışır. Orda da sərbəst toplaşmaq, söz, mətbuat azadlıqları kobudcasına məhdudlaşdırılır. Bu cür cəhətlərin sayını artırmaq olar. Fərqli cəhətlərdən birini artıq dedim - oranın milisi Azərbaycandakı polis qədər kütləvi tədbirlərdə qəddarlıq göstərmir. Doğrudur, 25 mart mitinqində milisin günahı ucbatından bir sıra qarşıdurmalar olmuşdu, amma hər halda bütövlükdə onlar daha sakit davranmağa üstünlük verirlər. Fərqli cəhətlərdən biri də budur ki, Avropa Birliyi və ABŞ Belorusda demokratik məsələlərə həddindən artıq diqqət yetirirlər və hər cür siyasi, mənəvi dəstək verirlər. Bu çox ciddi, əhəmiyyətli fərqdir. Məsələn, Belarus universitetlərindən siyasi səbəblərə görə xaric olunan tələbələrə Avropa universitetlərinin qapılarının açıq olması ilə bağlı ümumi qərar var. Bu qərar da psixoloji cəhətdən gəncləri kifayət qədər sərbəstləşdirir, bilirlər ki, əgər siyasi fəaliyyətlərinə görə təqib olunacaqlarsa tək qalmayacaq, çıxılmaz vəziyyətə düşməyəcəklər.

- Məlumdur ki, hər iki ölkədə qeyri-legitim, qəddar rejimlər iş başındadır. Ancaq Avropa Birliyi, digər mötəbər Qərb qurumları nədənsə yalnız Lukaşenko rejiminə qarşı sərt sanksiyalar tətbiq ediblər. Məsələn, Belarus məmurlarının maliyyə hesabları dondurulub, onların Qərb dövlətlərinə səfərləri yasaqlanıb. Sizcə, bu ikili standart nəylə bağlıdır?


- Birincisi, Azərbaycandakı hakim rejim Lukaşenko rejimindən fərqli olaraq birmənalı Moskvapərəst mövqedən çıxış etmir. heydər Əliyevin dönəmində də, indi də hakimiyyət əksər məsələlərdə balans qurmağa çalışır. Nə dərəcədə uğurlu və ya uğursuz alınması başqa söhbətin mövzudur. İkinci səbəb qismində təbii ki, Azərbaycanın enerji zənginliyi məsələsi qeyd olunmalıdır. Qərbin, xüsusən də Avropanın enerji çatışmazlığından yana problemlərlə üzləşmək narahatlığı kifayət qədər böyükdür. Ona görə də enerji qaynaqlarına malik olan ölkələrin rejimləri ilə çox ehtiyatlı davranmağa üstünlük verirlər. Üçüncü gerçəklik isə odur ki, Qərb Belorusu Avropanın bir hissəsi kimi qəbul edir. Mən də mitinqdəki çıxışımda bu məqamdan çıxış edərək söylədim ki, nə qədər Belarus Avropa Birliyinin üzvü deyil, Avropanın bütövləşməsi haqqında deyilənlər tam həqiqət olmayacaq.

- Yəni burada bir növbəlilik məsələsi var, eləmi?


- Bəli, o da var, yəni hazırda Avropa üçün proritet Belarus məsələsidir. Əslində məsələ Azərbaycanın sərhədlərinə, qapılarına gəlib çatıb, ancaq bu məqamda da bölgədəki gərginlik - xüsusən İranla bağlı vəziyyət Qərbin regionda öz prinsiplərinə, dəyərlərinə birmənalı şəkildə əməl etməsini çətinləşdirməkdədir. Yəni ki, nə qədər Belarus, Ukrayna məkanında vəziyyət mürəkəb olsa da, orda Qərb üçün birbaşa təhdidlər yoxdur. Buradakı vəziyyəti isə Qərb bir sıra baxımlardan təhdid kimi dəyərləndirərək, çox ehtiyatlı davranır.

- Azərbaycan müxalifəti ilə Belarus müxalifəti kənardan necə görünür?


- Bu məsələdə də fərqli və oxşar cəhətlər var. Sözün açığı, Minskdən dönəndən iki gün sonra Belarus müxalifətini təhlil obyektinə çevirmək istəmirəm, ən önəmlisi odur ki, orda çox fədakar insanlar var və uzun illərdir heç nədən çəkinmədən öz xalqlarının azadlığı, hüquqları uğrunda mübarizəni davam etdirirlər. Bu dəyərləndiriləsi məsələdir. Ortaq cəhət kimi onu qeyd edim ki, hazırda postsovet məkanında demokratiya, azadlıqlar uğrunda ən çox mübarizə aparan iki xalq varsa, biri Azərbaycan, digəri isə Belarus xalqıdır.

X. ƏSGƏROVA Z. SƏFƏROĞLU