Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı olub

Qərarların icra vəziyyəti və görülən işlər müzakirə edildikdən sonra partiya daxili məsələlərə baxılıb. Almaniyanın Frankfurt şəhərində mühacirətdə olan müsavaçıların yaratdıqları Frankfurt özəyi təsdiq olunub. Sonra Müsavat Partiyasının 28 yanvar mitinqinin yekunları geniş müzakirə edilib. Divan üzvləri bu kütləvi aksiyanın ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilib və uğurla keçdiyini bildiriblər. Qeyd olunub ki, kütləvi aksiyaların keçirilməsi davam etdirilməlidir. Divan növbəti aksiyanın fevralın 18-də keçirilməsi barədə qərar qəbul edib və Müsavat Partiyası Mitinq Komitəsinin yeni tərkibini təsdiqləyib. Arif Hacılı Mitinq Komitəsinin sədri seçilib.

Toplantıda “Sərbəst Toplaşmaq Azadlığı Haqqında” qanuna uyğun olaraq Bakı şəhərinin bütün rayonlarında xüsusi yerlərin ayrılması tələbi ilə şəhər rəhbərliyinə müraciət edilməsi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə Müsavat Partiyası üçün həftədə 1 saat efir vaxtı ayrılması tələbi ilə İTV-nin və AzTV-nin rəhbərliyinə müraciət göndərilməsi ilə bağlı da qərar qəbul olunub.

Sonra M.Ə. Rəsulzadənin doğum günü ilə bağlı keçiriləcək tədbirə hazırlıq məsələləri müzakirə edilib. Xatırladaq ki, yanvarın 31-də saat 12-00-da M.Ə. Rasulzadənin Novxanı qəsəbəsində yerləşən abidəsi ziyarət olunacaq.

Axırda cari məsələlərə baxılıb.

Müsavata Partiyasının mətbuat xidməti, 29 yanvar 2007-ci il