Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib
İyunun 29-da Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Öncə
yeni seçilmiş rayon təşkilatları sədrlərinin məclis üzvü səlahiyyətləri təsdiq
edilib. Sonra Məclisin komissiyalarının hesabatları dinlənildi. “Qarabağ”
komissiyasının sədri Qalabəy Ağalar və İnsan Haqları komissiyasının sədri Məmməd
Zeynallı rəhbərlik etdiyi komissiyaların fəaliyyəti barədə məlumat verib və
məclis üzvlərinin suallarını cavablandırıblar.
Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında dayanan
vəzifələr müzakirə olunub. Bununla bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbər
məruzə edib.
Başqan çıxışına “Müsavat Məclisində təsadüfi adamlar yoxdur”
fikrini səsləndirməklə başladı: “Müsavatın rəhbərliyində tarixin sınaqlarından
keçmiş, özünü təsdiqləmiş insanlar cəmləşib. Ona görə də bu insanlar bir-birinə
qarşı maksimum diqqətli, qayğıkeş olmalıdırlar. Bir-birinin üzərində qalib
gəlməyə çalışmağa ehtiyac yoxdur. Bir-birinin qədrini bilmək çağırışını yada
salıram”.
O, ötən üç ay ərzində Azərbaycanda qeyri-adi proseslərin getmədiyini bildirdi:
“Hər şey əvvəlki qaydada davam edir. Ən diqqəti cəlb edən məsələ qəzetlərə,
mətbuat azadlığına qarşı hücumlar, hazırda 7 jurnalistin həbsdə saxlanmasıdır.
Bu məsələ Müsavatın gündəliyindədir. Həm jurnalistlərin azad olunması, həm də
ölkədə söz azadlığının sərhədlərinin genişləndirilməsi istiqamətində əlimizdən
gələni edirik. İkinci uzun müddətdir davam edən proses hakimiyyətlə xalq
arasında uçurumun dərinləşməsidir. Bu proses də çox sürətlə davam edir. Üçüncü
proses hakimiyyətin öz daxilində gedən proseslərdir. Bu proses çox ciddi şəkildə
davam edir. Hakimiyyətdaxili ziddiyyətlər artıq antaqonist ziddiyyətlərə
çevrilib. Bu ziddiyyətləri təmsil edən qrupların barışdırılması qeyri-mümkündür.
Bu vəziyyət isə Azərbaycanın idarəedilməsinə də dəhşətli mənfi təsir göstərir.
Əliyev rejiminin ölkə və beynəlxalq miqyasda nüfuzdan düşməsi prosesi də sürətlə
davam edir. Son dövrlər diqqəti cəlb edən bir neçə hadisə baş verib. Biri Rusiya
prezidentinin Corc Buşa Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifi, digəri
isə Azərbaycanın bir qrup kifayət qədər yüksək rəsmi vəzifə tutan ziyalılarının
Dağlıq Qarabağa və Ermənistana səfəri ilə bağlı məsələdir. Birinci məsələ ilə
əlaqədar partiyamızın Divanı rəsmi münasibət bildirib. Qəbələ RLS Azərbaycana
ziyanı xeyirindən çox olan obyektdir. Biz hər zaman onun ləğvini tələb etmişik.
Eyni zamanda mövqeyimiz belədir ki, əgər Putinin təklifi ətrafında ciddi
danışıqlar başlansa, Azərbaycan da RLS-in sahibi kimi danışıqlarda tərəf
olmalıdır.
Ziyalıların Qarabağ və Ermənistan səfərinə gəlincə, bu gün hakimiyyət, İlham
Əliyev çox sərt bəyanatlar verir. Bu bəyanatlarda müharibə sözü sülh
danışıqlarından bəzən çox səslənir. Ancaq birdən-birə Azərbaycanın Rusiyadakı
səfiri bir qrup ziyalı ilə Xankəndidə separatçı rejimin rəhbəri ilə onun
iqamətgahında görüşür. Bu səfər İlham Əliyevin həmin o sərt bəyanatları ilə
uyğun gəlmir. Biz hakimiyyətdən izahat tələb etməliyik. Tənqidimiz də Əliyev
rejiminə yönəlməlidir. Səfərdə iştirak edən soydaşlarımızı da tənqid edə
bilərik. Ancaq onları xain, vətənin düşməni adlandırmaq doğru deyil. Əvvəla
Polad Bülbüloğlu, Kamal Abdulla və Fərhad Bədəlbəyli kifayət qədər
sayılıb-seçilən ziyalılardır, hərəsinin öz sahəsində uğurları var. Bir qayda
olaraq özlərinə hörmət qoyan adamlardılar. Heç birimiz iddia edə bilmərik ki,
onların hər üçü Qarabağı bizdən və ya başqa azərbaycanlılardan az sevirlər.
Hədəf Azərbaycan hakimiyyəti olmalıdır. Bu kontekstdə İlham Əliyevin komandası
ilə birgə istefası tələbi də tam haqlı tələbdir".
İsa Qəmbər yayın istisi olsa da Müsavatın bütün strukturlarının işləməkdə davam
etdiyini dedi: “Həlledici qərarlarımızı bu ilin sonlarında qəbul edəcəyik. Çox
ciddi qərarlar qəbul etmək ərəfəsindəyik. Biz ölkədə vəziyyəti dəyişib
problemləri həll etmək istəyiriksə, deməli nədənsə başlamalıyıq. Bizim hələlik
anlaşa biləcəyimiz yeganə qüvvə xalqdır. Xalqı özünə inandırmağı bacarmalıyıq.
Xalq hiss etməlidir ki, onlarla bir yerdəyik. Məsələn, Azərbaycandakı müəllim və
ya həkim ordusu Müsavatın müttəfiqi olarsa, bu bəlkə də bütün partiyalardan
üstün bir qüvvədir. Məncə, biz yaxın dövrlərdə ziyalı, müəllim, həkim, mühəndis,
qaçqınlar kateqoriyası ilə yanaşı, kiçik və orta sahibkarlıqla məşğul olan
təbəqələrə diqqətimizi artırmalıyıq. Çünki bu gün onlar çox ciddi yaşamaq
mücadiləsi aparırlar. İş adamlarına qarşı soyğunçuluq siyasəti aparılır. Bir
tərəfdən Vergilər, bir tərəfdən Fövqəladə Hallar Nazirliyi, bir tərəfdən Gömrük,
bir tərəfdən hüquq-mühafizə orqanları halal iş qurmaq istəyən adamları qul kimi
rejimə işlətmək siyasəti həyata keçirir”.
Müsavat başqanı sonda 2008-ci ilə ciddi hazırlaşmaq lazım olduğunu dedi: “Tam
əminliklə deyirəm ki, 2008-ci ildə bu hakimiyyətə qalib gəlmək imkanları
2003-dən az olmayacaq. Bəlkə də çox olacaq. Bu şansları cəmiyyətin və bizim necə
dəyərləndirəcəyimiz isə artıq bizlərdən asılıdır”.
Məruzə ətrafında geniş
müzakirələr olub və müvafiq qərarlar qəbul edilib. Məclis partiyanın
demokratiyanın müdafiəsi sahəsində əsas prioritetləri barədə qərar qəbul edib.
Bundan əlavə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyini və mərhum prezidənt
Əbülfəz Elçibəyin 70 illiyini yüksək səviyyədə keçirməsi ilə bağlı da qərarlar
qəbul olunub. 2008-ci il Xalq Cümhuriyyəti ili elan olunub. Məclis Azərbaycan və
Ermənistan Respublikalarının Rusiya Federasiyasındakı səfirlarinin təşəbbüsü və
ATƏT-in xətti ilə hər iki ölkənin ictimaiyyət nümayəndələrinin qarşılıqlı
səfərləri barədə bəyanat qəbul edib (Bəyanatın mətni aşağıda tam dərc edilib).
Axırda cari məsələlərə toxunulub.
Müsavat Partiyası Məclisinin Bəyanatı
28 iyun 2007-ci il tarixdə Azərbaycan və Ermənistan Respublikasının Rusiya
Federasiyasındakı səfirlərinin təşəbbüsü və ATƏT-in xətti ilə hər iki ölkənin
ictimaiyyət nümayəndələrinin bir gün ərzində baş tutan qarşılıqlı səfərləri
Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
Azərbaycan respublikasını təmsil edən səfirin başçılıq etdiyi nümayəndə
heyətinin işğal zonasına və düşmən Ermənistana səfəri dövlət başçısının xəbəri
və dəstəyi olmadan baş tuta bilməzdi. Bu səfərin qısa zamanda və yüksək
səviyyədə baş tutması, Ermənistan nümayəndə heyətinin Azərbaycanda İ. Əliyev
tərəfindən qəbul edilməsi də bu fikri təsdiq edir. Azərbaycan cəmiyyəti üçün
gözlənilməz olan bu səfərlərin təşkili və yüksək səviyyədə qəbullar İ. Əliyevin
son zamanlarda sərtləşən siyasi ritorikası ilə uyğun gəlməməklə bərabər
Azərbaycanın ardıcıl xarici siyasətinin və Ermənistan-Azərbaycan konfliktinin
həlli ilə bağlı konsepsiyasının olmadığını bir daha göstərir.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri rəsmi şəxsdir və onun başçılıq
etdiyi nümayəndə heyətinin işğal zonasında yaradılan oyuncaq hərbi-polis
rejiminin hərbi cinayətlərdə ittiham olunan başçısı ilə görüşməsi bu rejimin
tanınması və legitimləşdirilməsi istiqamətində atılan addım kimi
dəyərləndirilməlidir. Azərbaycan tərəfindən hərtərəfli düşünülmədən atılan bu
addımın ölkəmizin bu qondarma, oyuncaq rejimin beynəlxalq aləmdə izolyasiyası
üçün apardığı siyasi-diplomatik iş üçün də ciddi problemlər yaradacağı
qaçılmazdır. Oyuncaq Dağlıq Qarabağ rejimi ilə rəsmi kontaktlar quran Azərbaycan
hökuməti artıq heç bir xarici ölkəni bu tip kontaktlardan qaçmağa çağıra
bilməyəcək və bu rejimin beynəlxalq siyasi-diplomatik izolyasiyadan çıxmasının
qarşısını ala bilməyəcəkdir.
Müsavat Partiyasının Məclisi Azərbaycan-Ermənistan konfliktinin dinc yolla
həllini tərəfdarı olduğunu və danışıqların resurslarının hələ bitmədiyini bir
daha bəyan etməklə bərabər, Azərbaycan Respublikasının dövlət başçısı İ. Əliyevi
ardıcıl xarici siyasət aparmağa, nəticələri öncədən hərtərəfli düşünülməmiş
addımlar atmaqdan çəkinməyə və konfliktin həli ilə bağlı yeni yanaşması varsa bu
barədə ictimaiyyətə açıqlama verməyə çağırır.
Bakı şəhəri, 30 iyun 2007-ci il