Müsavat Partiyası Divanının növbəti toplantısı olub
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı olub.
Toplantıda Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra
partiyadaxili məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Müsavatın 29
aprel 2007-ci il tarixli yürüş-mitinqinin nəticələri müzakirə edilib. Mayın
27-də növbəti mitinqin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Daha sonra son
vaxtlar PKK-çıların və onların himayə etdiyi şəxslərin ölkəmizə köçürülməsi ilə
bağlı məsələ müzakirə edilib və bununla bağlı bəyanat qəbul olunub ( Bəyanatın
mətni aşağıda tam şəkildə verilir).
Axırda cari məsələlərə baxılıb.
Müsavat Partiyasının Bəyanatı
Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra ona dost olmayan ölkələr və
güclər dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverernliyini təhlükə
altına almağa və təhdid etməyə, ölkəmiz üçün müxtəlif süni problemlər yaratmağa
başladılar. Azərbaycanın enerji ehtiyatlarını beynəlxalq şirkətlərlə birgə
istismara başlaması, Rusiya və İrandan yan keçməklə alternativ yollarla dünya
bazarlarına çıxarması, NATO ilə tərəfdaşlığı gücləndirməsi, AB-nin yaxın
qonşuluq siyasətinə cəlb olunması ─ beləliklə bir dövlət olaraq möhkəmlənməyə və
beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmağa başlaması bu xarici
güclərin narahatlığını daha da artırır.
Azərbaycanın ən böyük mövcud problemi davakar erməni etnik separatizmi və
ərazilərimizin bir hissəsinin işğal altında olmasıdır. Bu problemi yaradan və
arxasında duran qüvvələr müxtəlif dövrlərdə ölkəmizdə yaşayan digər etnik
qrupları da separatizmə təhrik etmiş, separatçı qüvvələrin əliylə Azərbaycanda
kütləvi insan itgisi ilə nəticələnən terror hadisələri törətmiş və bu gün də
nəinki bu niyyətlərindən əl çəkməmişlər, əksinə milli maraqlarımızı təhdid edən
yeni problemlər yaratmaq niyyətindədirlər.
Azərbaycanda stabilliyin yaranmasında maraqlı olmayan bu güclər 90-cı illərin
əvvəlindən başlayaraq ölkəmizdə PKK terror təşkilatının şəbəkəsini qurmağa
başlamışlar. Bu barədə dünya və ölkə mətbuatında çox saylı məlumatlar getməsinə
baxmayaraq bu günə kimi nəinki bu terror təşkilatına qarşı təsirli tədbirlər
görülməmiş, əksinə PKK ölkəmizdə daha da güclənmişdir. PKK lideri Abdulla Öcalan
məhkəmə prosesində verdiyi ifadədə ən güclü dayaqlarından birinin məhz
Azərbaycan olduğunu təsdiq etmişdir. Bunun başlıca səbəblərindən biri də PKK-nın
ölkəmizdə yüksək səviyyədə dəstəklənməsidir. Heç təsadüfi deyildir ki, PKK ABŞ
və AB tərəfindən terrorist bir təşkilat kimi tanındığı və ona qarşı mübarizə
aparıldığı bir halda Türkiyəyə qardaş deyən Azərbaycanda bu təşkilat nəinki
terrorist bir təşkilat kimi tanınmır və ona qarşı mübarizə aparılmır, əksinə son
zanmanlarda daha da güclənməyə başlamışdır.
Son dövrlər Türkiyə, İran və Rusiya üzərindən PKK-çıların və onların nəzarətində
olan kürdlərin kütləvi şəkildə ölkəmizə maneəsiz daxil olması, əsasən ticarət,
tikinti şəbəkələrində və bəzi müəssisələrdə yerləşdirilməsi hər bir Azərbaycan
vətəndaşı kimi bizi də narahat etməyə bilməz. Bu prosesin Ermənistan-Azərbaycan
münaqişəsınin həlli üçün aparılan danışıqların kritik dönəmə girdiyi, İranın
nüvə proqramı ətrafında böhranın dərinləşdiyi və Azərbaycanın strateji seçim
zamanının çatdığı bir dövrə təsadüf etməsi narahatçılığımızı daha da artırır.
Azərbaycanın pozitiv strateji inkişafını, ABŞ, NATO və AB ilə münasibətlərinin
keyfiyyətcə yeni mərhələyə keçməyə başlamasını öz geopolitik və geostrateji
maraqları üçün potensial təhdid hesab edən xarici qüvvələr bu prosesi
sürətləndirməklə ölkəmizdə bir tərəfdən süni miqrasiya problemi, yeni potensial
etnik qarşıdurma zəmini hazırlamaq, digər tərəfdən də yeni qüvvələrinin ölkəmizə
gətirilməsi ilə daha da güclənən PKK vasitəsilə ölkəmizin ictimai-siyasi
sabitliyini təhdid edəcək, hər zaman hərəkətə keçməyə hazır, inkişaf etmiş
terror potensialı yaratmaq niyyətindədirlər.
Müsavat Partiyası son zamanlar daha da güclənən bu prosesi milli maraqlarımıza
ciddi təhdid kimi dəyərləndirir və onun arxasında duran dövlətlərdən və
güclərdən Azərbaycan xalqına qarşı dost olmayan bu hərəkətləri durdurmağı tələb
edir.
Biz, eyni zamanda Azərbaycan hökumətini gec də olsa PKK-nı terror təşkilatı kimi
tanımağa və onunla mübarizə aparmağa, Azərbaycan vətəndaşı olmayan şəxslərin
Türkiyə və İran üzərəindən kütləvi şəkildə ölkəmizə gətirilməsinin qarşısını
almağa, artıq ölkəmizdə yerləşdirilənləri isə həmən deportasiya etməyə, bütün
Azərbaycan vətəndaşlarını isə ölkəmizin inkişafının tarixi bir mərhələsində
vətəndaş aktivliyi və sayıqlığı göstərməyə, xüsusən də yüz illərdir bizimlə
çiyin-çiyinə yaşayan kürdəsilli soydaşlarımızı gözlənilən təhriklərə uymamağa,
bir olan vətənimiz naminə birlik və bərabərliyimizi qorumağa çağırırıq.
Müsavat Partiyasının Mətbuat Xidməti, 30.04.2007