Müsavat Partiyasının bəyanatı
Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə “Realnıy Azerbaydjan” və
“Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə 8 il yarım
həbs cəzası verilib. Başdan ayağa saxtakarlıqdan ibarət olan bu məhkəmə
prosesində jurnalist terrorçuluqda, vergidən yayınmada və digər absurd
ittihamlarla təqsirli bilinib. Əslində isə o, öz yazılarına və müxalif siyasi
mövqeyinə, hakimiyyət, onun ən yüksək eşalonunda təmsil olunan adamlar
haqqındakı tənqidi fikirlərinə görə məhkum edilib. Məhkəmənin gedişi, irəli
sürülən ittihamların mahiyyəti açıq-aydın göstərirdi ki, ən yüksək dairələrdən
siyasi sifariş verilib və hakim bu siyasi sifarişi can-başla yerinə yetirməyə
çalışır. Əslində bu məhkəmə prosesi dünyada indiyə kimi keçirilmiş ən absurd
məhkəmə proseslərindən biri kimi tarixə düşəcək.
Müsavat Partiyası bu hökmü Azərbaycanda söz və mətbuat azadlığına qarşı yönəlmiş
növbəti bir repressiya faktı kimi qiymətləndirir və qeyd edir ki, əslində
hakimiyyətin məqsədi jurnalistlərdən tənqidi fikirlərinə görə intiqam almaqdan
ibarətdir. Odur ki, Müsavat Partiyası bu qanunsuz hökmün dərhal ləğv edilməsini,
Eynulla Fətullayevin, eləcə də saxta ittihamlarla həbsdə yatan digər
jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir.
isagambar.az, 30 oktyabr 2007-ci il, Bakı
