Müsavat Partiyasının başqanı İsa Qəmbər Mehman Əliyevi 50 illik yubileyi
münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Mehman bəy!
50 illik yubileyinizi təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayıram. Siz
yeni dövr Azərbaycan jurnalistikasının yaradıcılarından birisiniz. Ölkədə
oxuculara müstəqil, tərəfsiz və obyektiv informasiya çatdırılmasının bayraqdarı
məhz Sizin yaratdığınız və bu günə kimi rəhbərlik etdiyiniz “Turan” İnformasiya
Agentliyidir. 90-cı illərin başlanğıcında yaranmış bu agentlik az müddət ərzində
nəinki ölkədə, hətta dünya informasiya məkanında geniş tanınıb, böyük nüfuz
sahibi olub. Təsadüfi deyil ki, dünyada Azərbaycan haqqında ən obyektiv
informasiya kimi məhz “Turan” agentliyinin informasiyaları qəbul edilir. Son on
illər ərzində jurnalistika sahəsində mövcud olan, daha çox hakimiyyətin özü
tərəfindən qəsdən yaradılan çoxsaylı problemlərin, təqib və təzyiqlərin,
qeyri-sağlam rəqabətin və informasiya mühitinin fonunda belə uğurlar qazanmaq
həqiqətən də çox böyük istedad və zəhmət tələb edir. Siz öz istedadınız və
zəhmətinizlə buna nail olmusunuz. Bu gün “Turan” İnformasiya Agentliyinin adının
ən ali kürsülərdən çəkilməsi, onun çox dəyərli beynəlxalq mükafatlara layiq
görülməsi hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır.
Siz Azərbaycan cəmiyyətində həm də ölkənin, xalqın problemləri ilə dərindən
maraqlanan bir ziyalı kimi tanınırsınız. Cəmiyyəti narahat edən vacib problemlər
haqqında həmişə öz sözünüzü demiş, obyektiv mövqe sərgiləmisiniz.
Hörmətli Mehman bəy!
Bir daha 50 illik yubileyinizi təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik ictimai
və peşə fəaliyyətinizdə uğurlar arzulayıram. Mən inanıram ki, Sizin rəhbərlik
etdiyiniz “Turan” İnformasiya Agentliyi hər cür çətinliklərə, təqiblərə rəğmən
daha da inkişaf edəcək, böyüyəcək və dünyanın informasiya nəhəngləri ilə
rəqabətə davamlı olan bir səviyyəyə yüksələcək”.
isagambar.az, 30 oktyabr 2007-ci il, Bakı