Bu gün Partiya Başqanının müavini
M.Cavadoğlu hər iki TV-nin rəhbərliyinə müraciət göndərib
Xəbər verdiyimiz kimi Müsavat Partiyasının Divanı dünənki toplantısında Müsavat
Partiyasına efir vaxtı ayrılması ilə bağlı AzTV və İTV rəhbərliyinə müraciət
etmək barədə qərar qəbul edib. Bu gün Partiya Başqanının müavini M.Cavadoğlu hər
iki TV-nin rəhbərliyinə müraciət göndərib. Hər iki müraciətin mətnini nəzərinizə
çatdırırıq:
AZƏRBAYCAN DÖVLƏT TELEVİZİYASI VƏ RADİO
ŞİRKƏTLƏRİ QAPALI TİPLİ SƏHMDAR CƏMİYYƏTİNİN
SƏDRİ ARİF ALIŞANOV CƏNABLARINA
Hörmətli Arif müəllim!
Müsavat Partiyası Azərbaycanda aparıcı siyasi partiyalardan biridir. 2003-cü
ilin Prezident seçkilərində Mərkəzi Seçki Komissiyasının rəsmi rəqəmlərinə görə
partiyanın namizədi seçicilərin səslərinin 14%-ni toplayaraq ikinci yeri
tutmuşdur. Hazırda isə Müsavat Partiyası Milli Məclisdə deputatların sayına görə
ikinci partiyadır.
Rəhbərlik etdiyiniz televiziya vergi ödəyicilərinin hesabına dövlət büdcəsindən
maliyyələşir və dövlət televiziyası olaraq ölkədəki bütün siyasi qüvvələrin
fəaliyyətini işıqlandırmaq bu TV kanalının vəzifələrinə daxildir.
Bunu nəzərə alaraq Müsavat Partiyasının Divanı 29 yanvar 2007-ci il tarixdə
Partiyaya həftədə 1 saat efir vaxtı ayırmaq xahişi ilə AzTV rəhbərliyinə
müraciət etməklə bağlı qərar qəbul edib. Bu qərara uyğun olaraq Sizə müraciət
edir və Partiyaya həftədə 1 saat efir vaxtı ayırmağınızı xahiş edirəm.
İCTİMAİ TELEVİZİYANIN BAŞ DİREKTORU
İSMAYIL ÖMƏROV CƏNABLARINA
Hörmətli İsmayıl müəllim!
Müsavat Partiyası Azərbaycanda aparıcı siyasi partiyalardan biridir. 2003-cü
ilin Prezident seçkilərində Mərkəzi Seçki Komissiyasının rəsmi rəqəmlərinə görə
partiyanın namizədi seçicilərin səslərinin 14%-ni toplayaraq ikinci yeri
tutmuşdur. Hazırda isə Müsavat Partiyası Milli Məclisdə deputatların sayına görə
ikinci partiyadır.
İctimai Televiziya adında da ifadə olunduğu kimi, bütün ictimaiyyətin
televiziyası olmalı və bütün siyasi qüvvələrin fəaliyyətini bərabər səviyyədə
işıqlandırmalı, ən azı balansı qorumalıdır. Əslində Azərbaycan cəmiyyətinin,
Avropa Şurasının və digər beynəlxalq qurumların İctimai Televiziyanın
yaradılmasında israr etmələrinin də əsas səbəbi bu idi.
Bundan əlavə, dövlət büdcəsindən, yəni vergi ödəyicilərinin hesabına
maliyyələşən qurum olaraq da siyasi qüvvələrin fəaliyyətinin işıqlandırılmasına
şərait yaratmaq İctimai TV-nin vəzifələrinə daxildir.
Bunu nəzərə alaraq Müsavat Partiyasının Divanı 29 yanvar 2007-ci il tarixdə
Partiyaya həftədə 1 saat efir vaxtı ayırmaq xahişi ilə İctimai TV rəhbərliyinə
müraciət etməklə bağlı qərar qəbul edib. Bu qərara uyğun olaraq Sizə müraciət
edir və Partiyaya həftədə 1 saat efir vaxtı ayırmağınızı xahiş edirəm.