“MÜSAVAT HEÇ BİR QÜVVƏNİN QARŞISINDA GÖZÜKÖLGƏLİ DEYİL”

İsa Qəmbər: “Gedən proseslər, baş verən hadisələr dəyişikliklərin olacağına əsas verir”
İsa Qəmbər: “Əli İnsanov, Sirus Təbrizli və Hüseyn Abdullayevin dedikərini təqdir edir və edəcəyik”

Müsavat Partiyası Məclisinin dünənki toplantısında Müsavat başqanı İsa Qəmbər geniş məruzə ilə çıxış etdi. Məclis üzvlərini salamlayandan sonra İsa bəy diqqəti seçkinin çətinliyinə yönəldərək bildirdi ki, bir az əvvəl özü də səs verərkən bu çətinliklə üzləşib.

Partiya başqanı Məclis üzvü olmağa layiqli insanların sayının həddən artıq çox olduğunu, yerlərin isə azlığını qeyd etdi. Axırıncı Məclisdən sonrakı üç aylıq müddətin çox maraqlı keçdiyini vuğulayan İsa bəy qeyd etdi ki, ötən dövr əsasən partiyanın son illərdə apardığı işlərin, verdiyi qərarların, apardığı təhlillərin düzgünlüyünü sübut etdi:

“Çünki bu üç aylıq müddətdə bir neçə istiqamətdə proseslər çox sürətlə dərinləşməyə başladı. Bu istiqamətlərdən biri hakimiyyətlə xalq arasında uçurumun dərinləşməsidir və təəssüf ki, bu proses davam edir. Bəlkə də biz müxalifət olaraq təəssüflənməməliyik. Ancaq Azərbaycanın taleyinə cavabdeh bir partiya kimi təəssüflənirik. Hakimiyyət elə bir siyasət aparır ki, xalqla özü arasında uçurum gündən-günə dərinləşir. Bizim Məclisimizdən bir-iki həftə keçməmiş bu hakimiyyət heç bir ehtiyac olmadan, heç bir düzgün hesablama, təhlil aparılmamış, heç bir proqrama əsaslanmadan qiymətlərin kəskin surətdə artırılmasına yol verdi. O zaman biz bunun düzgün qərar olmadığını iddia edəndə Heydər Babayev və başqa nazirlər bir həftə, 10 gün gizlənəndən sonra üzə çıxıb əsaslandırmağa başladılar, bu qərarı tənqid edənləri “diletant” adlandırdılar, özlərinin mütəxəssis olmalarına açıq və gizli işarələr vurmağa başladılar. İndi zaman keçib və bu müddət göstərib ki, professionallar kimdir, diletantlar kim. Özləri məcbur oldular ki, bir sıra siyasi qərarlar qəbul etsinlər. Əvvəlcə planlaşdırmadıqları halda maaşların və pensiyaların cüzi də olsa, artırılmasına qərar verməyə məcbur oldular. Onlar bunu ən tezi 2007-ci ilin sonlarına planlaşdırmışdılar. Ancaq ilin əvvəlində bu addımı atmağa məcbur oldular”.

Müsavat başqanı eyni zamanda bu günlərdə bir sıra böyük şirkətlərin enerji ilə təchiz olunmasının şərtlərini dəyişdirmək barədə qərar qəbul olunmasına diqqət çəkdi: “Bunu da biz əvvəlcədən demişdik ki, bu qərar əhalinin həyat səviyyəsinə dəhşətli zərbə vurmaqla yanaşı, iqtisadiyyata dəhşətli bir zərbə olacaq, ölkədə iş yerlərinin bağlanmasına gətirib çıxaracaq və sair. Çox özlərindən razı şəkildə sübut eləməyə çalışırdılar ki, guya onların qərarları elmi, əsaslandırılmış qərarlardır. Ancaq indi qərarlarını dəyişdirdilər, böyük şirkətlərə, külli miqdarda enerji istehlak edən idarələrə enerjinin qiymətini aşağı salmağa başladılar. Öz-özlüyündə vəziyyətdən çıxış yolu kimi bəlkə də bu, düzgün qərardır. Çünki belə etməsəydilər, onminlərlə işçi öz iş yerini itirəcəkdi. Ancaq digər tərəfdən nəyə görə həmin müəssisələr üçün güzəştli şərait yaradılmalıdır, ancaq digər müəssisələr nəzərə alınmamalıdır? Guya müəssisə çox böyük olmayanda onlar bu qiymət artımından ziyan çəkmirlər? Kimya şirkətinin müəssisələrində 10 minədək işçi işləyirdi. Təbii onlar qorxurdular ki, birdən-birə bu qədər böyük bir qüvvə işsiz vəziyyətə düşər. Ancaq hərəsində 30, 40, 50 nəfər işləyən kiçik müəssisələr var, onlar müflisləşib buraxılanda, dağılanda necə olacaq? Bunun cavabdehliyini kim daşıyacaq? Yəni istənilən baxımdan bu, yanlış, hesablanmamış və bizim dəfələrlə dediyimiz kimi, hakimiyyətin savadsızlığından, acgözlüyündən və xalqa sayğısızlığından irəli gələn qərarlar idi. Bu qərarların acısını hələ hakimiyyət özü çəkəcək. Eyni zamanda bu müddət ərzində hakimiyyətin bir çox digər qərarları da mövcud iqtidarın nə qədər ədalətsiz olduğunu da sübut elədi və bu da hesab edirəm ki, hakimiyyətlə cəmiyyət arasında uçurumun dərinləşməsinə xidmət edən hadisələr oldu”.

İsa Qəmbər daha sonra mövcud hakimiyyətindəki durumla bağlı fikirlərini bölüşdü: “Biz mütəmadi şəkildə deyirdik ki, Əliyev rejiminin içində çox ciddi qruplaşmalar, ziddiyyətlər var. Bu qüvvələr siyasi nüfuz, mülkiyyət uğrunda bir-birinə qarşı ən qəddar düşmənçiliyə də hazır qüvvələrdir. Hər zaman bu hakimiyyətin nümayəndələri bildirirdilər ki, bu, yalandır, hakimiyyət, YAP monolitdir, birgə qüvvədir. Məclisimizdən keçən bu üç ay ərzində bu mif də darmadağın oldu. Bu müddətdə hakimiyyət daxilində gedən proseslər daha da sürətləndi, hakimiyyətdaxili ziddiyyətlər daha da aydın şəkildə təzahür etdi. Əli İnsanovun məhkəməsi, Hüseyn Abdullayevin parlamentdəki qalmaqalla bağlı həbs edilməsi, Sirus Təbrizlinin açıqlamaları və bir sıra başqa hadisələr hakimiyyətdaxili ziddiyyətlərin nə qədər dərin olduğunu və bu ziddiyyətlərin nə qədər qarşısıalınmaz həddə çatdığını nümayiş etdirdi. Yeri gəlmişkən, bəzən hakimiyyət nümayəndələri müxalifəti bu qüvvələri müdafiə etməkdə ittiham edir. Hətta yersiz atmacalar da atırlar. Guya müxalifətin hansısa maraqları olduğu üçün onları müdafiə edir. Amma biz kifayət qədər sərt, kəskin cavabımızı vermişik, lazım gəlsə, yenə verə bilərik. Ancaq bir neçə məqam var və özümüz də onlara diqqət yetirməliyik ki, bizim mövqeyimiz dəqiq ifadə olunsun. Biz konkret adamları, yaxud onların nə zamansa yol verdikləri hərəkətləri, səhləri, qanundankənar addımları müdafiə eləmirik və heç də onları keçmirik, yaddan çıxartmırıq. Biz əvvəla, insan haqlarını müdafiə edirik və o insan kimdirsə, onun haqları müdafiə olunacaq. İstər hakimiyyət nümayəndəsi olsun, istərsə də bitərəf və ya müxalifət nümayəndəsi. Əgər parlamentdə qalmaqala görə deputat həbs olunursa, biz buna etirazımızı bildirəcəyik. Çünki dünya tarixində belə bir presedent yoxdur ki, parlamentdaxili münaqişəyə, ordakı davaya görə kimsə həbs edilsin. Hər ay ən azı bir-iki dəfə hansısa ölkənin parlamentində davanın şahidi oluruq. Bir az gülürük, zarafatlaşırıq. Eşitmisiniz ki, indiyə qədər hansısa ölkədə deputat parlamentin daxilindəki davaya görə həbs olunsun? Belə bir şey olmayıb. Digər tərəfdən xüsusilə deputat onun haqqında toxunulmazlıq qərarı verilməmiş həbs olunursa, təqiblərə məruz qalırsa, bu da qanun pozuntusudur. Bu, kimin xoşuna gəldi-gəlmədi, biz bunu qanun pozuntusu kimi qeyd edəcəyik. Hətta bu şəxs zamanında müxalifətə qarşı atdığı addımlarla, qəddarlığı ilə fərqlənmiş bir insan olsa belə, biz həqiqəti söyləyəcəyik. Yaxud Əli İnsanov “xalqa sözüm var” deyir və məhkəməsində müxalifətin nümayəndələrinin olmamasından şikayətlənir ki, “hakimiyyət nümayəndələri mənim dediklərimi təhrif edirlər” təbii ki, biz onun da, jurnalistlərin də haqlarını müdafiə edəcəyik. Eyni zamanda qanunun da icra olunmasını tələb edəcəyik ki, məhkəmələr Azərbaycan qanunlarına görə şəffaf keçirilməlidir. Bu məsələnin hüquqi və insan haqları tərəfidir. Məsələnin digər bir tərəfi var ki, həmin insanlar nə zamanda yalan danışanda, xalqa ziyanlı fəaliyyətlə məşğul olanda biz bunu açıq tənqid eləmişiksə, indi onlar həqiqəti deyəndə də biz bunu təqdir edəcəyik. Yəni bu gün əgər Əli İnsanov deyirsə ki, YAP iflasa məhkumdur, Sirus Təbrizli deyirsə ki, “Ramiz Mehdiyev regionlarda, bölgələrdə taxıl əvəzinə, Heydər Əliyevin heykəllərini “əkir”, bu, həqiqətdir” və biz bu həqiqətin deyilməsini təqdir edirik və edəcəyik”.

Müsavat başqanı bildirdi ki, keçmişdə nə hərəkətlər etməsinə, nələr deməsinə baxmayaraq, Əli İnsanov hakimiyyətdəki korrupsiya faktlarını, hakim rejimin mahiyyəti haqqında həqiqətləri dilə gətirirsə, bu, təqdir olunacaq: “İnsana bütövlükdə qiymət vermək o qədər də asan məsələ deyil. Ancaq insanın konkret əməllərinə, konkret sözlərinə qiymət vermək mümkündür. Səhv deyilənə səhv deməliyik, düz addıma, düz qərara müsbət fikrimizi bildirməliyik. O baxımdan həmçinin Hüseyn Abdullayevin də məhz hökumətin parlamentdəki hesabatını “nağıl” adlandırmasından sonra tutulması məsələnin siyasi mahiyyətindən xəbər verir. Təbii ki, biz də bu hesabatı nağıl hesab edirik. Bu həqiqət deyilibsə, buna dəstək verəcəyik. Biz hər zaman həqiqətin tərəfindəyik və bu həqiqəti kimin deməyindən, bizim xoşumuza gələn adamdır, yoxsa gəlməyəndir, bizimlə dostdur, yoxsa dostdeyil, bizimlə keçmişdə yaxşı, yoxsa pis münasibətdə olmasından asılı olmayaraq, kim o həqiqəti deyirsə, biz onu təqdir eləyəcəyik, həqiqətin deyildiyini qeyd edəcəyik”. İsa bəy məsələnin üçüncü, siyasi maraqlar tərəfinin olduğunu da vurğuladı: “Təbii ki, Müsavat Partiyasının, müxalifətin də siyasi maraqları var və biz də bu siyasi maraqları kənara qoymaq fikrində deyilik. Bu günə qədər bütün bu həqiqətləri bizlər demişik, bizə böhtanlar atılıb, deyilib ki, müxalifət hər şeyi qara görür, yalan danışır və sair. İndi öz içlərindən, hakimiyyətin, rejimin içindən çıxmış şəxslər bu həqiqətləri deyirlərsə, təbii ki, bu bizim mövqeyimizi gücləndirir. Bu, bir daha ictimaiyyətə sübut edir ki, biz bunları deyəndə haqlı olmuşuq. Əlbəttə ki, hakimiyyətin, rejimin, YAP-ın içindən çıxmış adamlar həqiqətləri deməyə başlayıblarsa, bu, bizim siyasi maraqlarımıza cavab verir və biz də bu məsələləri yüksək səslə altından xətt çəkərək qeyd edəcəyik ki, bəli, bu hakimiyyət rüşvətxor hakimiyyətdir, bu hökumətin hesabatları, gətirdiyi rəqəmlər nağıllardır, YAP simasız quldurlar partiyasıdır və bu, dağılacaq. Bu baxımdan bizim mövqeyimiz kifayət qədər aydın, şəffaf və kifayət qədər məntiqlidir”.

İsa Qəmbər bəyan etdi ki, Müsavat Partiyası nəinki ölkədə və məmləkətdə, həmçinin dünyada heç bir qüvvənin qarşısında gözükölgəli deyil: “Heç bir adam cəsarət edib deyə bilməz ki, Müsavat Partiyası, Müsavatın rəhbərliyi hansısa məsələyə görə bizdən asılıdır, bizdən çəkinməlidir, susmalıdır. Belə bir şey yoxdur. Bu baxımdan da arxayın şəkildə kim nə deyirsə, ağızlarından vurun və bu həqiqətləri, gerçəkləri yüksək səslə cəmiyyətə izah edin”. Müsavat başqanı eks-səhiyyə nazirinin açıq şəkildə müxalifətə keçdiyi barədə bəyanatına da toxundu: “Başqaları hələ bu sözü demirlər. Sirus Təbrizli neytral mövqeyə keçdiyini bildirir, Hüseyn Abdullayev hələ ki bilinmir nə deyəcək, Fərhad Əliyevin də nə deyəcəyi bəlli deyil. Ancaq konkret Əli İnsanov dedi ki, mən bu hakimiyyətə qarşı müxalifətəm. Sual yaranır ki, mövcud müxalifət bunu qəbul edir, ya yox? Burda məsələnin iki tərəfi var. Biri budur ki, biz müxalifət anlayışını monopoliyaya götürməmişik ki, buna qiymət verək. Yəni hər hansı bir insan, qüvvə deyə bilər ki, mən Əliyev rejiminə qarşı müxalifətdəyəm. Bizim elə bir səlahiyyətimiz yoxdur ki, deyək yox, sən müxalifətdə ola bilməzsən. Kim istəyirsə, müxalifətdə ola bilər. Müxalifət mövqeyinə keçmək hər bir insanın seçimidir. Ancaq indi müxalifətə keçdiyini bəyan edən və keçəcəyini bəyan edəcək qüvvələrlə müxalifət, Müsavat arasında əməkdaşlıq mümkündür, mümkün deyilmi, konkret bu günün məsələsi deyil. Hesab edirəm ki, bunu çox yaxın zaman göstərəcək. Yaxın zamanlarda bu proseslər çox sürətlə gedəcək. O zaman da hər bir qüvvənin real ortaya qoyduğu mövqedən asılı olaraq biz bu məsələni müzakirə edib qərar verə bilərik. Bu qərarı da şəffaf şəkildə partiyanın rəhbər strukturları, Məclisi, Divanı müəyyənləşdirəcək. İndidən nə bu qərarın yüz faiz müsbət olacağı, nə də mənfi olacağı barədə proqnozlar səsləndirməyin bir anlamı yoxdur. Zaman göstərər. Bu, bir çox amillərdən asılıdır. Nə avtomatik olaraq bu hakimiyyətə qarşı olan bütün qüvvələrlə biz müttəfiq deyilik, nə də ki, keçmiş səhvlərinə görə kimisə birdəfəlik rədd eləmək niyyətimiz var. Dövlətimizin, ölkəmizin maraqlarına, Müsavatın proqramına uyğun olaraq müzakirə edib müvafiq qərarlar qəbul edə bilərik”.

Müsavat başqanı ölkəmizə və bu rejimin taleyinə ciddi təsir edən dünyadakı və bölgədəki vəziyyətlə bağlı da fikirlərini çatdırdı: “Hər zaman demişik ki, bu rejim müxtəlif qüvvələr arasında bir-birinə zidd öhdəlikləri üzərinə götürməklə çox çətin bir işin altına girib. Bu rejim Moskvaya bir, Vaşinqtona başqa söz verib bir-birinə daban-dabana zidd olan öhdəlikləri üzərinə götürüb davam eləmək, mövcud olmaq istəyir. Müəyyən müddətə qədər bu, mümkün idi. O müddətə qədər ki, Moskva ilə Vaşinqton hələ bu ziddiyyətləri hansısa bir şəkildə nəzarətdə saxlaya bilirdilər. Ancaq artıq bu ziddiyyətlər elə bir mərhələyə gəlib çatıb ki, hər kəs öz qərarlarını qəbul etməlidir. Əliyev rejimi də çox qısa bir müddətdə qərarlarını qəbul eləməli, mövqeyini müəyyənləşdirməlidir. Nə zamansa ola bilər ki, balans adlanan bir siyasətin mahiyyəti ola bilər. O zaman qədər ki, sən Qərblə Rusiya arasında apardığını siyasətə Qərb də, Rusiya da dözümlü yanaşır. Ancaq elə bir mərhələ gəlib çatır ki, hər iki tərəf seçim tələb edir və həmin anda da seçim olunmalıdır. Həmin mərhələ çox sürətlə yaxınlaşır. Onun kompanentlərindən biri enerji məsələlərilə bağlı gerçəkliklər idisə, indi İranla bağlı məsələ ortadadır. Hər iki istiqamətdə gərginlik artır və hesab edirəm ki, bizim gələn Məclisimizə qədər bu məsələlərin ətrafında çox geniş şəkildə söhbət eləməli olacağıq”. İsa bəy bildirdi ki, sadaladığı üç asbekt-hakimiyyətlə xalq arasında uçurumun dərinləşməsi, hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi və beynəlxalq amil hakimiyyətin ömrünü qısaldan, onu iflasa yaxınlaşdıran məsələlərdir”. Ancaq İsa bəy bildirdi ki, heç bir hadisə öz-özünə baş vermir və nəzəri cəhətdən bu rejimdən də hansısa mürtəce qüvvə önə çıxa bilər: “Ona görə də arxayınlaşmaq, gözləmə mövqeyinə keçmək kimi mövqelər qətiyyən bizim siyasətimizə uyğun deyil”. Daha sonra Müsavat başqanı partiyanın ötən Məclisində müəyyənləşdirdiyi fəaliyyət istiqamətləri barədə fikirlərini çatdırdı və partiya strukturlarına konkret tapşırıqlar verdi. Yekunda İsa Qəmbər hamını daha yaxşı fəaliyyətə səslədi. Bildirdi ki, görüləcək işlərin əksəriyyəti öndədir: “Yaxın günlər üçün bizim həlledici vəzifəmiz cəmiyyətdə dəyişikliklərin reallığına inamı bərpa etməkdir. Bu hədəf bu gün 1 il, 6 ay, hətta 3 ay əvvəl olduğundan daha realdır. Çünki artıq gedən proseslər, baş verən hadisələr dəyişikliklərin mümkün olduğuna inanmağa əsas verir”.

Yeni Müsavat, 01.04.2007