Son ilyarımda mobil rabitə bazarında nə
dəyişib?
Mobil provayderlər artsa da ümidlər doğrulmadı
2005-ci ilin sonu Azərbaycanın rabitə bazarında
təntənəli hadisələrlə yadda qaldı. İllər uzunu Azərbaycanın mobil rabitə
bazarındakı iki mobil operatorun inhisarçılığına rəsmən son qoyuldu. Elan olundu
ki, 2006-cı ildən daha 2 operator - “Catel” və “Azerfon” şirkətinə də lisenziya
verilib, beləliklə 2006-cı ildən mobil dünyamızda 4 operator fəaliyyətə başladı.
Düzdür, yeni operatorların işinin qızışmasına da xeyli vaxt getdi, budur
nəhayət, mobil rabitə istifadəçiləri üçün xoşbəxt gündən nə az - nə çox, düz bir
il yarım vaxt keçir. Bəs bu müddətdə nə dəyişib?
Nar, yoxsa, Əzgil Mobayl?
Gəlişinə bu qədər ümidlər bəslənilən, nəhəng imkanları olan “Azerfon”un
(şirkətin adı “Azerfon” olsa da sonradan o, müəyyən səbəblərdən “NarMobile”
adlandırıldı) gəlişi bazarda nə yenilik etdi? Digər köhnə-yeni operator
“Catel”in rolu nədən ibarətdir? Ən qədim operatorlar “Azercell” və “Bakcell”
qiymət və xidmətlərində nə dəyişiklik etdi? Nəhayət biz istifadəçilər bundan nə
isə qazandıqmı?
Aşağıda bütün bu suallara cavab axtarmışıq. Qabaqcadan qeyd edək ki, bütün
mülahizələrimizdə şəxsi müşahidələr və mütəxəssislərlə söhbətlərə daha çox
üstünlük vermişik. Beləliklə, “Azerfon”dan başlayırıq:
“Azerfon” - müasir iflasın təcəssümü
Oxuculardan bəziləri məni bu yarımbaşlığa görə qınaya bilər ki, hər şey hələ
qabaqdadır, biz niyə tez nəticə çıxarırıq. Məsələ burasındadır ki, “Azerfon”un
iflasını sübut etmək üçün çox dərinə getmək lazım deyil, çünki bu iflas həm
nəzəri, həm də praktik cəhətdən baş verib. Nəzəri iflas məsələsində mənimlə
marketinqdən azacıq başı çıxan adam o dəqiqə razılaşardı. Çünki bütün marketinq
dərsliklərində sərt rəqabət və ya ondan beşqat çətini - sərt inhisar şəraitində
bazara girmək qaydaları haqqında bilgi var. Biz təbii ki, həmin dərsliklərdən
sxemlər gətirmək fikrindən uzağıq, hər şey onsuz da göz qabağındadır:
“Azerfon”un nə investisiya, nə reklam, nə də ki, konyunktura siyasəti bazara
nəzəri cəhətdən lazımı qaydada girməyə imkan verməyib... “Azerfon”un indiyədək
həyata keçirdiyi kampaniyalar orijinal olsa da yarımçıq oldu, gerçək tələbata
cavab vermədi və bununla da əsas kütləni özünə cəlb edə bilmədi.
Əvvəlcə söz var idi və bu söz www.azerfon.az
idi
Ümumiyyətlə, “Azerfon”un Azərbaycanda fəaliyyətə başlaması çox uğursuz
əlamətlərlə müşayiət olunub. Tövratda yazıldığı kimi problem “əvvəlcə söz var
idi... kimi başladı, daha doğrusu hər şey addan başladı. Çoxları ”Azerfon"
adının birdən birə nə üçün “NarMobile”a dəyişməsinin səbəbini bilmir. Bəzi
mülahizələrə görə bu adın şirkətin hakim Ailə üzvlərindən birinə məxsusluğunu
bildirmək üçün (Nərgiz - Nara) dəyişdirildiyi iddia olunur. Bildiririk ki, bu
heç də səbəb deyil, nəticədir. Şirkətin adının dəyişdirilməsi isə mənasız bir
problemdən - onun İnternet səhifəsinin (domenin) necə adlandırılmasından meydana
çıxıb. Məsələ burasındadır ki, “Azerfon” qeydiyyata alınmamışdan çox-çox əvvəl,
“Infogate” adlı heç kimin tanımadığı online maliyyə xəbərləri yayan
İnternet portalı www.azerfon.az domenini
qeydiyyata aldırmışdı, təbii ki, qanuni əsaslarla. Bu portal indiyədək
fəaliyyətdə olmasa da (saytda tanış Under Construction sözləri yazılıb)
adı, necə deyərlər, özündə saxlayırdı. Həqiqi “Azerfon” peyda olanda o, təbii
ki, “Infogate” ilə danışıqlara bşladı, onun təfərrüatlarından xəbərdar
olmasaq da, nə ilə qurtarmasından məlumatlıyıq. Danışıqlar alınmadı, “Azerfon”
xoşluqla domeni ələ keçirə bilmədiyini görüb geniş təzyiq kampaniyasına əl atdı,
beləliklə gələcəyin nəhəng mobil operatoru fəaliyyətə məhkəmə çəkişmələri ilə
başladı, təbii ki, o, bütün hakimiyyət rıçaqlarını (əsasən də Ədliyyə Nazirliyi
tərəfdən) işə saldı. Həmin zamanlar “az” domeninin satışı ilə məşğul olan
Network Technologies (NT) şirkətinin də hansı təzyiqlərlə qarşılaşdığını
şirkət əməkdaşları heç zaman unutmayacaq. Amma “Azerfon” istədiyinə nail olmadı,
məhkəmənin birini udub, sonrakını uduzaraq iddiadan geri çəkildi. Nə yaxşı ki,
“Azerfon” bu məsələdə yalnız Ədliyyə Nazirliyinin “xidmətlərindən” istifadə
edib, yoxsa işə Fövqəladə Hallar Nazirliyi qarışsaydı, güman ki, siyasi
məhbuslarımızın siyahısı bir az da genişlənərdi (şəkildə azerfon.az domeninin
əsl sahibini görürsünüz).
| Haşiyə: Domen məsələsi birbaşa ABŞ-ın ICANN adlı İnternet Cəmiyyəti ilə bağlı olduğundan respublika şəraitində qeydə alınmış hər hansı domeni ələ keçirmək elə də asan iş deyil. Məsələn, vaxtilə www.putin.ru adlı domeni Rusiya prezidentinə ruslar çox böyük məbləğə ala bilmişlər, hər halda “Azerfon” da belə bir metoda əl atmalıydı... |
Bağanis Ayrım faciəsi və “Azerfon”
Beləliklə, fəaliyyətə məhkəmə çəkişmələri ilə başlayan “Azerfon” ilk cəhdindəcə
uduzdu. “Azerfon”un ikinci uğursuzluğu da əlamətdar hadisə ilə bağlıdır.
Şirkətin top-menecerləri bir şeyə diqqət yetirməmişlər ki, şirkətin təqdimat
konserti keçirildiyi gün - martın 25-i - 1990-cı ildə erməni quldurlarının
Qazaxın Bağanis Ayrım kəndində olmazın vəhşilik törədərək bir neçə ailəni
diri-diri yandırdığı gündür... Deyəcəksiniz ki, Azərbaycanda indi hansı günə
əlini bassan arxasında bir faciə durur, lakin razılaşın ki, konserti bir gün
sonraya və ya əvvələ də salmaq olardı. Çünki martın 25-i başqa bir tərəfdən
bayram gününə düşdüyündən şirkətin təqdimatı üçün həddən artıq uğursuz gün idi.
Mən şəxsən indiyədək də bilmirəm ki, o təqdimat konsertində qabaqcadan elan
olunduğu kimi “Viagra” qrupu və Mustafa Sandal iştirak edibmi?
“Xoş sözlərlə yaşa”maq olmadı
Lakin şirkətin bir il yarım ərzində uğur qazanmaması, təbii ki, təkcə
əlamətlərlə bağlı deyil. Ümumiyyətlə “Azerfon” fəaliyyətə çox gec başladı, o,
hər şeydə gecikirdi, özünüz nəticə çıxarın: lisenziyanı 2005-ci ilin dekabrında
almış mobil operator (onun lisenziya alacağı hətta bir il əvvəl də məlum idi)
ilk nömrələrini yalnız 1 il 4 aydan sonra satışa çıxara bildi. Bəs, “üç ilə 300
milyon dollar” investisiya planı necə oldu? Məlumdur ki, “Azerfon” başdan
ayağadək hakim Ailəyə məxsusdur. Onda bəs hakimiyyətin pulları hanı? Hanı “Siemens”in
dəqiqliyi, hanı bəs İngilis şirkətlərinin inadı (“Siemens” və İngilis
şirkətləri əslində bir şirmadı)? Biz burada yalnız azərbaycanlı arxayınçılığı
görürük... Hətta bu yaxınlarda eşitdik ki, “Azerfon” Beynəlxalq Bankdan iri
kredit vəsaiti götürüb. Bu, açıq-aşkar onu sübut edir ki, şirkət sahibləri öz
pullarını xərcləmək istəmirlər... Məhz bu səbəblərdən, onsuz da bazarı tamam ələ
keçirmiş “Azercell” və “Bakcell” öz mövqelərini daha da möhkəmləndirdilər.
Körpə uşaq da bilərdi ki, “Azerfon” bazara girmək üçün daha ekstremal və
radikal qərarlar qəbul etməliydi, əvəzində gecikmələr və çox sönük tarif
paketləri. Düzdür, hökumətin həm rəsmi, həm də qeyri-rəsmi himayəsindən (bir
faktı qeyd edək ki, “Azerfon”un təsisçilərindən biri 10 % payla AzTelekom dövlət
müəssisəsidir) maksimum bəhrələnən “Azerfon” onsuz da əlverişli və münbit
şəraitə düşmüşdü. Fikir vermisinizsə, “Azerfon”un bütün informasiyalarını biz ya
prezident aparatının yetkililərindən, ya da birbaşa rabitə nazirindən eşidirdik.
Hökumət AzTelekomun bütün daxili və xarici şəbəkələrini “Azerfon” üçün açdı,
şəhər telefonlarından bu operatorun nömrələrinə zəngin qiymətini digər
operatorlarınkına nisbətən xeyli ucuzlaşdırdı. Hakimiyyət qeyri-rəsmi olaraq
dövlət müəssisə rəhbərlərinə “Nar nömrəsi” alması “tapşırığını” verdi. Buraya
əhalinin, daha doğrusu, cavanların (və ya orta məktəb uşaqlarının) təbii
maraqlarını da əlavə etsək “Azerfon” çox əlverişli mühitdə işə başladı. Ancaq
bunlar işin bir yarısıdır, “Azerfon” bazara girərkən bilməliydi ki, o, bazara
gələnə qədər “xalqın başını yalnız 2 dəllək qırxıb”, indi keçəl başın yalnız
bir-iki yerində tük qalıb ki, bu yerləri qırxmaq üçün isə təkcə inzibati yollar
kifayət etmir. Bunun üçün “keçəlləşmiş” xalqda “başını təzədən qırxdırmağa”
maraq oyatmaq lazımdır. Maraq isə təkcə primitiv şəkildə konturu ucuzlaşdırmaqla
əldə olunmur...
Nar əvəzinə Əzgil
Bütün söylədiklərimizin havadan götürülmədiyinə əmin olmaq üçün “NarMobile”ın
açdığı satış yerlərinə diqqət yetirin, onlar həmişə boş olur, bəzi filiallar isə
heç bir ay çalışmamış bağlanır. Son dövrlərdə “NarMobile”ın şəhərin müxtəlif
yerlərində ən azı 50 (!) ofisi bağlanıb. Sizi bilmirəm, mən şəxsən əvvəlki
operatorların haradasa yeni ofis açıb sonradan onu bağlamasının şahidi
olmamışam. Şahidi olduğum bir faktı da diqqətinizə çatdırım ki, “NarMobile”ın
“Axundov bağı” yaxınlığında (M. Əfəndiyev küç.) açdığı və tezliklə bağladığı bir
ofisi, tezliklə “Azercell” özünə filial etmişdir və indi də həmin ofis çalışır.
Əslində, deyəsən, “Rəngarəng zövqlər” elə bundan ibarətdir.
***
Bu günlərdə “Azerfon” yeni ucuzlaşma kampaniyasına başladığını və
müştərilərinin 100 mini keçdiyini elan etdi. Çox adam bu rəqəmə şübhə ilə
yanaşır, lakin 8,5 milyon əhalisi olan Azərbaycanda 100 minlik abonent elə də
yüksək nəticə deyil. Bizim tələbə və gənclərin canı sağ olsun, onlar üçün fərqi
yoxdur Nar yoxsa Əzgil Mobayl, təki təzə bir şey olsun, hər nə olsa alacaqdılar.
Belə olmasaydı “NarMobile”ın 300 ilə başlayan nömrələri 5-10 günə qurtarmazdı...
SOS: “NarMobile”ın antenləri...
“NarMobile” haqqında söhbəti burada yekunlaşdıraraq ekoloqların diqqətini bir
şeyə yönəltmək istərdim. Şəkildəki “Azerfon”a məxsus nəhəng antena qurğusu Yeni
Günəşli qəsəbəsi, AB massivində quraşdırılıb. Onun yaxınlıqdakı yaşayış
binasından məsafəsi isə 30 metr ola-olmaya...
“Bakcell” - nə dəyişək, nə də inkişaf edək!
Bazarda ən az diqqətdən kənar qalan mobil operator “Baksell”dir. “Bakcell”in
fəaliyyətini araşdırarkən yazıçı Yusif Səmədoğlunun bir sözü yadıma düşür: “6
yaşımdan bəri,- indi 60 yaşın içindəyəm, çox az dəyişmişəm”. Bu operator həmişə
kölgədə qalıb. “Gecə qara, cücə qara”. Sözlərimi qəribçiliyə salmayın, əgər
1995-96-cı illərdə “Azercell” bazara girməsəydi, “Baksell” bizə hələ də 1,5
kiloqramlıq analoq “Motorola”larını sırımaqda davam edəcəkdi, hələ də dəqiqəsi 1
$-a, yenə də daxil olan zənglərə görə ödəniş alacaqdı, konturların “yeyilməsi”
isə öz yerində.
“Bakcell” - Cin-baladı bu!
Heç bir şişirtmə olmadan bildiririk ki, son bir il yarım müddətdə də bu
kompaniyanın işində xırda dəyişiklikləri nəzərə almasaq, heç bir yenilik yoxdur.
Əvvəlki kimi rayonlarda “Bakcell” tutmur, hamı “Parni iz Baku” demişkən,
“Marsell” işlədir, əvvəlki kimi mobil rabitədə ən primitiv xidmətlərdən olan
“çağrı yönləndirilməsi”, “danışıq konturunun nümayişi” və s. və i. a. xidmətlər
yoxdur. Əvvəlki kimi “Bakcell” şəbəkəsində qeyri-adi və məntiqsiz hallar baş
verir, məsələn zəng etdiyiniz abonentin telefonu bağlı və ya şəbəkə
xaricindədirsə belə, “Baksell” abonenti onun nömrəsini yığmaqla bunu
aydınlaşdıra bilmir və ya bir də görürsən bir otaqda bir “Bakcell” nömrəsi
işlədiyi halda, başqa birisi işləmir... Əvvəlki kimi “Bakcell”də konturlar
nisbətən ucuz olsa da “su kimi” işlənir, əvvəlki kimi “Bakcell” müştəri
xidmətlərinin səviyyəsi sıfra yaxındır və s.
“Üçü birində” nə deməkdir"
Əvvəlki kimi “Bakcell” şirkəti investisiya qoymaq əvəzinə, reklamlara nəhəng
vəsait xərcləyir. Amma Məşədi İbadın sözü olmasın, biz marketinq elmini
oxumuşuq, lakin reklama belə mənasız pullar xərclənməsinin şahidi olmamışıq.
Sizi bilmirəm, şəxsən mən aylarla televiziya ekranlarında fırladılan “Üçü
birində” adlı bir dəqiqəlik reklam klipinin mənasını başa düşə bilməmişəm. Eləcə
də 300 konturluq “Cin-kart”ı da bu qədər reklam etməkmi olar? Az qala Marsda
yaşayanlar da bildi ki, “Bakcell”in 300 konturluq kartı var, amma “Cin-bala”nın
reklamı dayanmır ki, dayanmır (gələn saylarımızın birində “Bakcell” və reklam
etikası mövzusunu davam etdirəcəyik)! “Bakcell” bir dövlət şirkəti olsa idi,
onun milyonlarla pulları mənasız TV reklamlara səpməsinin səbəbini izah etmək
olardı, o isə tamamilə özəl şirkətdir...
“Bakcell”, yoxsa “Konturcell”
İnanmaq olmur ki, guya yəhudi kapitalı ilə formalaşmış bir kompaniya fəaliyyətdə
olduğu 13 illik dövrdə bu qədər sönüklük nümayiş etdirə bilər. Bu, ancaq
Azərbaycan şəraitində baş verə bilərdi. Heç təsadüfü deyil ki, “Bakcell”ə xalq
arasında “Konturcell” də deyirlər, necə deyərlər, şərhə ehtiyac yoxdur!
“Bakcell”in fəaliyyəti barəsində (eləcə də o birilərin) xalqın nə düşünməsinə
dair avtobusda təsadüfən iki qadın arasında şahidi olduğum bir söhbəti
diqqətinizə çatdırıram.
Qadının biri o birisinə:
- Özümə telefon nömrəsi almaq istəyirəm, bilmirəm hansından alım...
O birisi:
- Aaz, sənə nə məsləhət görüm bilmirəm, “Azercell” yaxşıdı, amma çox baha
çıxır. Külbaş “Bakcell”in konturu çoxdur, amma pis tutur, danışıb qurtarandan
sonra da nə danışdığını göstərmir, ondan alsan, dəqiq bilirəm, zəhlən
töküləcək... İndi də bu “Azerfon” peyda olub, bilmirəm nədir, nə deyil, amma
deyirlər “Bakcell”dən ucuz deyil, özü də fərli-başlı da tutmur. Yenə də bax ...
... yaxşı olar!
Biz indiki zamanda bir qadının başqasına məhz hansı operatoru məsləhət görməsini
xüsusi olaraq qeyd etmirik ki, “reklam olar”. Amma bunu təxmin etmək elə də
çətin deyil.
“Catel” - danışıq ucuz, telefon baha, xidmət isə yox!
Bu günlərdə “Bərabər.az” tarif paketini reklam etməsəydi, mən deyərdim ki, əksər
camaatın yadında “Catel” elə simsiz telefon xidməti göstərən (başqa sözlə 47-48
saylı ATS) kompaniya kimi qalacaqdı. Sanki 2005-ci ildə bu kompaniyaya CDMA
mobil sistemdə işləmək üçün lisenziya verilməyib. Bir sirr açım ki, əslində
“Catel” elə üç-dörd il idi ki, mobil rabitə xidməti göstərirdi. Yadınıza salın
“Catel” hələ 2005-ci ildə (lisenziya verilməmişdən çox-çox qabaq) ev
telefonlarının dəstəyinə oxşar “LG” telefonlarını bazara buraxmışdı. 190
$-a olan bu “trubka” telefonlarla, ayda köhnə pulla 100 min manat ödəməklə Bakı
və Gəncə ərazisində nə qədər istəyirsən danışmaq olurdu. Bu, mobil rabitə deyil,
bəs nədir? Məhz bu səbəbdən Azərbaycanın ən iri mobil operatoru “Azercell”
qəsdən “Catel”ə özünə SMS yollamaq üçün trafik ayırmır, indiyədək də “Catel”ə
məxsus telefonlarla “Azercell”ə SMS yollamaq və qəbul eləmək mümkün deyil.
***
Bu sətirlərin müəllifi özü təqribən bir həftə ərzində bir çox “Catel” abunə
yerlərini gəzib vəziyyətlə tanış olub. Bu gəzinti mənə böyük təəssüratlar
yaşatdığı üçün heç zaman yadımdan çıxmayacaq. Məsələ burasındadır ki, adı nəhəng
səslənən bu kompaniyanın nə öz işçilərinin, nə də dilerlərinin əksəriyyətinin
şirkətin xidmətlərindən, tarif paketlərindən, telefonlarından xəbərləri yoxdur.
Təəccübümə səbəb olan bir hal da bu oldu ki, mənim adi suallarımı şirkətin baş
ofisində belə cavablandıra bilmirdilər... Bir sözlə, bardaq!
“Catel”in geniş reklam etdiyi “Bərabər.az” paketinə qaldıqda isə, onu demək
istərdik ki, məsələ, həqiqət olsa da “hara zəng vurursan vur - 10 qəpiyə” kimi
deyil. Bu paketə qoşulmaq üçün əvvəla siz CDMA şəraitində işləyən mobil
telefon aparatı almalısınız. İkincisi, Bakıya gətirilmiş həmin telefonlar
çox baha və yöndəmsizdir. Üçüncüsü “Catel”in xidmətləri içərisində zəng
etməkdən savayı başqa bir şey yoxdur, yuxarıda qeyd etdiyim kimi hətta bu
telefonlarla digər operatorlara SMS də göndərmək olmur, məsələ 10 qəpikdə deyil.
Dördüncüsü, “Catel” barəsində də “yaxşı tutmur” ifadəsi tez-tez işlənir.
Bir də ki, öz adının yanında mütləq 3G (üçüncü nəsil şəbəkə) yazan
“Catel” şirkətində üçüncü nəsil mobil rabitənin heç izi-tozu belə yoxdur. Qeyd
edim ki, Azərbaycanda, ümumiyyətlə hələ 3G mobil rabitə şəbəkəsi
qurulmayıb.
“Azercell” - uşaqlar da var, şərait də!
Bəri başdan qeyd edim ki, “Azercell” haqqında şəxsən mən azı 7-8 tənqidi məqalə
yazmışam və burada da onu tərifləmək fikrim yoxdur.
Çünki “Azərcell”in xidmətlərində də istənilən qədər qüsurlar tapmaq mümkündür.
Amma ədalət naminə qeyd etmək istərdik ki, “Azercell”i digər operatorlardan
fərqləndirən onlarca müsbət keyfiyyətlər də vardır. Əslində “Azercell”in bütün
mənfi cəhətlərini də doğuran məhz digər operatorların səbatsız və keyfiyyətsiz
fəaliyyətidir. Müqayisə edin, “Azercell”in tayı olan “Türkcell” Türkiyədə artıq
5-6 operatordan birinə çevrilib, onu heç kim tariflərdə xüsusi soyğunçuluqda
ittiham etmir... Nə üçün? Təbii ki, xalis rəqabətə görə! Təəssüf ki,
“Azercell”in qarşısına indinin özünədək də gerçək bir rəqib çıxmayıb. Bütün
ümidlər “Azerfon”a bağlanmışdı, lakin yuxarıda qeyd etdiyimiz kimi, o da
ümidləri doğrultmadı.
***
Bir maraqlı şeyi də qeyd edim ki, “Azerfon” bazara çıxmamışdan əvvəl, “Azercell”
rəsmiləri söhbətlərində buna tamamilə hazır olduqlarını deyirdilər, onlar
qeyri-rəsmi söhbətlərində hətta 300 minədək abonent itirməyə də hazır
olduqlarını bildirirdilər. Lakin “Azercell” “Azerfon”un uğursuz fəaliyyəti, daha
doğrusu fəaliyyətsizliyinə görə son bir il yarımda nəinki 300 min abonent
itirdi, hətta mövcud abonentlərinin sayını daha da artırdı. Düzdür, “Azercell”
abonentlərinin artma tempi xeyli azalıb, amma bu, təkcə “Azerfon” və illah da
ki, “Catel”lə bağlı deyil, onsuz da bazar getdikcə dolmaq üzrə idi.
***
Son bir il yarımda “Azerfon”un başbilənlərindən fərqli olaraq “Azercell”in top
menecerləri daha ayıq tərpənmişlər, bu da onların dünya təcrübəsini daha yaxşı
mənimsəməsindən xəbər verir.
“Azercell”in menecerlərindən “nə üçün indiyədək, ”Azerfon"un bazara daxil
olmasından sonra da hətta qiymətləri salmadınız?" deyə soruşanda
gözləmədiyimiz cavabı alırıq, onlar “sadəcə olaraq, şərait bizi məcbur
eləməyib", deyirlər. Vəssəlam!
Beləliklə, ANS-in bir verilişi yadıma düşdü, “Uşaqlar var, şərait yoxdur!”, amma
bizim halda “uşaqlar da var, şərait də!
Son il yarımda “Azercell”in bir fəaliyyəti də təqdirəlayiqdir. O, özünün “Optimist”
tarif paketi ilə kasıb abunəçilərinin qeydinə də az da olsa qaldı, belə ki, bu
paketə qoşulanlar faktiki olaraq, ay ərzində 10 dəqiqə pulsuz danışıqdan
istifadə edərək, ayda cəmi 2,4 manat ödəyə bilərlər...
Son il yarımda “Azercell”in fəaliyyətində başqa bir müsbət xüsusiyyət də görmək
olur. “Azerfon”dan gözlədiyimiz halda, “Azercell” özü “ucuz telefon + 1000
konturluq SimSim paketi” kampaniyalarını getdikcə genişləndirir. Əgər
“Azercell” belə kampaniyalarında telefonların qiymətlərini getdikcə aşağı,
məsələn 30 AZN-ə sala bilsə, bu, artıq Avropa səviyyəsi demək olardı...
Gözləyək görək!
Rafiq Məmmədli, mammadli@mail.com
AZADLIQ qəzeti, 29-30 iyun 2007-ci il sayları
![]() |
![]() |