Müsavat Partiyasının Bəyanatı

Dünən “Dalğa” Gənclər Hərəkatının, Azərbaycan Demokratik Gənclər Hərəkatının üzvləri, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi və Müsavat Partiyasının təmsilçiləri ulu öndər, Azərbaycan İstiqlalının banısı M. Ə. Rəsulzadənin doğum günü ilə bağlı şəhərin müxtəlif yerlərində tədbirlər keçiriblər. M. Ə. Rəsulzadənin adı ilə bağlı yerlərə gül dəstələri düzülüb, əhaliyə onun əksi olan təqvimlər və broşurlar paylanıb. Polis demək olar ki, hər yerdə bu aksiyaların keçirilməsinə ciddi maneçilik törədib, 14 nəfər gənc qeyri-qanuni olaraq tutularaq polis şöbəsinə aparılıb. Bir müddətdən sonra onlar sərbəst buraxılsa da, bəziləri haqqında inzibatı tədbirlər görülüb.

Müsavat Partiyası polisin bu özbaşınalığını ölkədə siyasi azadlıqların məhdudlaşdırılması, Azərbaycan hakimiyyətinin ölkənin tarixinə, siyasi-mənəvi irsinə, Azərbaycan Xalq Cümhuriyyətinə və onun banisi M. Ə. Rəsulzadəyə qarşı apardığı ənənəvi düşmənçilik siyasətinin bariz nümunəsi kimi qiymətləndirir. Biz hakimiyyəti ölkə tarixinin görkəmli simalarına qarşı yürütdüyü bu iyrənc siyasətdən çəkinməyə çağırır və bəyan edirik ki, 70 il ərzində repressiv kommunist rejiminin, Stalin irticasının xalqın qəlbindən silə bilmədiyi bu ünlü simaların, birinci növbədə ulu öndər M. Ə. Rəsulzadənin parlaq şəxsiyyətinə kölgə sala bilməyəcəklər. Azərbaycan xalqı öz tarixini və bu tarixdə kimin hansı rol oynadığını yaxşı bilir.

Müsavat Partiyası habelə gənclərin aksiyası vaxtı onlara qarşı təhqir və təzyiqlərə yol verən bütün günahkar şəxslərin cəzalandırılmasını tələb edir.

isagambar.az, 01 fevral 2008-ci il, Bakı