Müsavat Partiyasının bəyanatı

Bu günlərdə Naxçıvan MR-da növbəti qəribə hadisə baş verib. Müsavat Partiyası Naxçıvan Muxtar Respublikası Şəhər Təşkilatından verilən məlumata görə, bir neçə gün bundan əvvəl Naxçıvan MR Culfa rayon sakini, Müsavat Partiyasının üzvü İntiqam İsmayılov xarici pasport almaq istəyərkən insidentlə üzləşib. İntiqam bəy Naxçıvan MR Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsindən xarici pasport almaq üçün sənədlərini təqdim edərkən həmin idarənin əməkdaşları ondan 10 manat rüşvət tələb ediblər. İntiqam bəy rüşvət vermək istəməyərək buna etiraz etdiyi üçün həmin an orada olan polislər tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. Daha sonra o, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən guya “İctimai asayişi pozduğuna” görə həbs edilib.

Biz, Müsavat Partiyası olaraq bu hadisəni prezident seçkiləri ərəfəsində müsavatçılara qarşı edilən məqsədyönlü təqib və təzyiq forması olduğunu qeyd etməklə yanaşı, ölkədə rüşvətxorluğun yuxarıdan aşağı, hakimiyyətin iradəsi ilə sistem halına gətirildiyinin daha bir sübutu kimi dəyərləndiririk. Müsavat Partiyası müvafiq instansiyalardan İntiqam İsmayılovun tapdanmış hüquqlarının bərpa olunmasını, ondan rüşvət tələb edən məmurların və onu qeyri-qanuni olaraq həbs edən polis işçilərinin dərhal cəzalandırılmasını tələb edir.

isagambar.az, Bakı, 02 iyul 2008-ci il