“DEMOKRATİYA NÖVBƏSİ AZƏRBAYCANA ÇATMAQ ÜZRƏDİR”
“SEÇKİ MƏCƏLLƏSİNİN DƏYİŞİLMƏ EHTİMALI QALIR”
İsa Qəmbər: “Qərbin demokratiya istəyinin reallaşmamasının kökündə neft - qaz amili dayanmır”
İsa Qəmbər: “Dəyişiklik istəyən qüvvələrin bədbinləşməyə haqqı yoxdur”
İsa Qəmbər: “Demokratiyaya maneə yaradan Qərb yox, Rusiya ilə İrandır”

Hakimiyyətin yeni qəbul etdiyi Seçki Məcəlləsinə əsasən seçki kampaniyasının başlanmasına bir ay vaxt qalıb. Bir aydan sonra seçkidə iştirak qərarı verən partiyalar 75 günlük kampaniyaya başlayacaqlar. Lakin ölkədəki mövcud ictimai-siyasi vəziyyət, cəmiyyətin ovqatı heç də seçki kampaniyası öncəsi vəziyyət üçün xarakterik deyil. Ölkədə bir növ durğunluq hökm sürür. Hakimiyyətsə seçkilərlə bağlı istədiyi kimi hərəkət etməkdədir. Bu günlərdə Brüsseldə Avropa Birliyinin nümayəndələri ilə görüşlər keçirən Müsavat Partiyasının başqanı İsa Qəmbərlə müsahibəmizdə seçkilərlə bağlı ortaya çıxan bu və digər suallara aydınlıq gətirməyə çalışdıq.

- Avropa Birliyinin rəsmiləri ilə görüşlərinizdən sonra sizdə hansı təəssürat yaranıb? Bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanda seçkilərə diqqəti demokratiyanın xeyrinə olacaqmı?

- Hər bir təşkilat özünün məram və məqsədlərinə, qərarlarına uyğun şəkildə fəaliyyət göstərir. Avropa Birliyi də Azərbaycanla qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq proqramı hazırlayıb. Bu proqram imzalanıb və təşkilat imzalanmış sənəddə nəzərdə tutulan məsələlərin yerinə yetirilməsini istəyir. Əməkdaşlıq haqqında proqramda 9 prioritetdən biri demokratiya, insan haqları və seçkilərlə bağlı məsələlərdir. Azərbaycan həmin sənədi imzalamaqla öz üzərinə öhdəlik götürüb. Avropa Birliyi həmin öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycandan addımlar gözləyir. Bu, məsələnin formal tərəfidir.

Qeyri-formal tərəfi ondan ibarətdir ki, Birlik dünya miqyaslı aparıcı iqtisadi-siyasi mərkəzlərdən biri kimi, təbii ki, Azərbaycanın yerləşdiyi bölgədə də müəyyən pozitiv proseslərin getməsində maraqlıdır. Proseslərin getməsi isə önəmli dərəcədə siyasi və iqtisadi sahədə demokratik islahatlardan asılıdır. Avropa Birliyi Azərbaycandan bunu gözləyir. Bu səfərimdə mən hiss elədim ki, artıq gözləntilərinin doğrulmaması Avropanı da yormağa başlayır.

- Ötən il daxil olduğunuz Avropa Liberal Demokratik İslahat Partiyaları İttifaqının seçkilərdə Müsavat Partiyasına hansısa formada dəstəyi olacaqmı?

- Təbii ki, üzvü olduğumuz Avropa Liberal Demokratik İslahat Partiyaları İttifaqı ilə əlaqələrimiz davam edir. Avropadakı müttəfiqlərimiz bizə siyasi dəstək verməyə hər zaman hazırdılar. Bu dəstək seçki müddətində də müxtəlif formalarda özünü göstərəcək. Həm Avropa Liberal Demokratik İslahat Partiyaları İttifaqının mövqeyinin bəyan edilməsi şəklində, həm Avropada yerləşən müxtəlif beynəlxalq təşkilatların parlament assambleyalarının, digər qurumlarının bəyanatları, qətnamələri şəklində siyasi dəstək olacaq. Bu mənəvi və siyasi dəstək var, davam da edəcək. Eyni zamanda biz fəaliyyətimizi Avropadan və dünyanın digər bölgələrindən gələn dəstək üzərində qurmaq fikrində deyilik. Avropanın, Qərbin dəstəyi o zaman önəmli olacaq ki, Azərbaycan cəmiyyəti hərəkətə gəlsin, siyasi qüvvələr gərəkən düzgün qərarlar qəbul etsinlər.

- Bir sıra ekspertlər və siyasətçilər ölkədə xalqın və siyasi qüvvələrin ruhdan düşməsinin, qanunların mürtəceləşdirilməsinin hakimiyyətin imkanlarını, şansını daha da artırdığını bildirirlər. Eyni zamanda deyilir ki, əhalinin hakimiyyətdən passiv də olsa kütləvi narazılığı iqtidarın şanslarını azaldır. Situasiyanı siz necə dəyərlənlirirsiniz?

- Deyilənlərin hər birində həqiqət payı var. Xüsusən ekspertlər üçün bədbin proqnozlar vermək çox rahat bir şeydir. Həyatda bir çox hallarda məhz bədbin proqnozlar doğrulur. Ona görə də bədbin proqnozları verib reallaşmasını gözləmək rahatdır. Nikbin proqnozu vermək isə işləmək, çalışmaq tələb edir. İşləmək, fədakarlıq göstərmək lazımdır ki, bu proqnozlar reallaşsın. Bədbin proqnozların yerinə yetməsi üçünsə onu söyləmək, əlini ağdan qaraya vurmamaq, hərdən bir də iş görənlərə badalaq vurmaq kifayət edir. Bu baxımdan hesab edirəm ki, məsələyə konseptual yanaşılırsa, dəyişiklik istəyən qüvvələrin bədbin olmağa ixtiyarları yoxdur. Nikbin olmağa və nikbinliklərini gerçəkləşdirmək üçün mübarizə aparmağa borcludurlar. Mən Müsavatı da həmin qüvvələrdən hesab edirəm.

Biz ölkəmizin bu vəziyyətə düşməsindən çox narahatıq və onu ağır vəziyyətdən xilas etmək istəyirik. Bunun üçün də fəaliyyət göstəririk və fəaliyyətimizi davam etdirəcəyik. Aydın məsələdir ki, əhalinin əksəriyyəti hakimiyyətdən narazıdır. O da aydındır ki, bu qədər narazılığa baxmayaraq ölkədə bir ruh düşkünlüyü, dəyişikliklərin mümkünlüyünə inamsızlıq var. Ancaq bugünkü şəraitlə barışıb mübarizədən kənara çəkilmək zəiflik əlamətidir. Gerçəkləri görərək, obyektiv dəyərləndirərək vəziyyəti dəyişməyə cəhd göstərmək isə vətənini sevən demokratik qüvvələrin borcudur.

- Bu ruh düşkünlüyü son vaxtlar ölkədə antiqərb əhval-ruhiyyəsini ortaya çıxarıb. Cəmiyyətdə Qərbə qarşı bir aqressivlik sezilməkdədir. Hətta artıq bir sıra tanınmış partiyaların rəhbərliyi səviyyəsində Qərb dövlətlərinə və təşkilatlarına qarşı etiraz aksiyalarının keçirilməsi çağırışları dilə gətirilir. Bunu siz də müşahidə edirsinizmi və proses daha da dərinləşə bilər?

- Antiqərb münasibətini nümayiş etdirən qüvvələri şərti olaraq üç hissəyə bölmək mümkündür. Birinci hissə Rusiyapərəst, İranpərəst qüvvələrdir. Onlar açıq şəkildə Qərbə qarşı təbliğat aparırlar, ölkədəki problemləri Qərblə bağlamağa çalışırlar. İkinci hissə birinci hissəyə yaxın hissədir ki, onlar da Rusiyapərəst, İranpərəstdirlər. Ancaq onlar özlərini üzdə Qərbpərəst qüvvələr kimi göstərirlər və guya Qərbin demokratiyaya yetərli dəstək verməməsinə etiraz əlaməti olaraq bu cür söhbətlər aparırlar. Onlar səmimi deyillər. Üçüncü hissə isə həqiqətən ölkədə demokratik dəyişiklik istəyən qüvvələrdir. Həqiqətən onlar hesab edirlər ki, beynəlxalq birlik Azərbaycanda demokratiyaya gərəkən dəstəyi vermir. Bu hissə təbii ki, səmimidir.

Ona görə də mən əvvəlki iki qrupu kənara qoyuram. Onlar mənim üçün maraqlı deyillər. Ancaq üçüncü qrupa aid etdiyim qüvvələr bir şeyi nəzərə almalıdırlar ki, Qərb Azərbaycanda demokratiyanın bərqərar olmasını istəyir. Azərbaycanda demokratiyanın qurulmasına imkan verməyən Rusiya ilə İrandır. Ona görə də səmimi şəkildə demokratik dəyişikliklər tərəfdarı olan qüvvələr istəklərinin qarşısını alan əsas oyunçuları görməyi bacarmalıdırlar. Qərbin isə indiki mərhələdə prioritetlər siyahısı var. Həmin siyahıda Cənubi Qafqazda, o cümlədən Azərbaycanda demokratiya məsələsi ən üst mərtəbələrə çatmaq üzrədir. Artıq Qərbin prioritetlərinin bir xeyli hissəsi həll olunub yekunlaşmaq üzrədir. Ona görə də demokratiya növbəsi buraya gəlməkdədir. Növbə Cənubi Qafqaza çatanda azad dünya, Qərb ölkələri Rusiyanın və İranın bütün müqavimətinə baxmayaraq, ölkələrdə gerçək demokratik proseslərin getməsi üçün öz üzərlərinə düşən işləri reallaşdıracaqlar.

Biz isə bu situasiyanın dəqiq təhlilini verməyi bacarmaqla yanaşı, bir məsələni başa düşməliyik ki, cəmiyyətin, ölkədəki siyasi qüvvələrin özü demokratik dəyişikliklər üçün fədakarlıq etməsələr, təkcə Qərbin istəyilə burada gerçək demokratiya qurula bilməz. Bunu hamı dərk etməlidir. Azərbaycanın taleyi Azərbaycanın xalqı tərəfindən həll olunur. Beynəlxalq qüvvələrin mövqeyi, fəaliyyəti isə yalnız burada daxildəki qüvvələrin fəaliyyətinin nəticəsində təzahür edə bilər.

- Cəmiyyətə və siyasi qüvvələrə belə bir fikir də hakimdir ki, beynəlxalq dəstək açıq görünməlidir. Əks halda daxildəki bütün fəallıqlar sonda 2003 və 2005-ci illərdəki kimi nəticələnəcək, hakimiyyət fəallığı zor aparatı ilə boğacaq. Beynəlxalq birlik isə həmişəki kimi susacaq...

- Mənim dediyim odur ki, biz öz üzərimizə düşəni etməliyik. Gözləməməliyik ki, kənar qüvvələrin prioritetlərində Azərbaycan neçənci yerdədir. Ola bilər ki, bu dəfə, ola bilər bir ildən, iki ildən sonra bizim səylərimizlə beynəlxalq birliyin səyləri üst-üstə düşəcək və məsələ həll olunacaq. Dünya Azərbaycanda nə zaman dəyişiklik etmək istəyəcəksə, onda mübarizə aparılmalıdır kimi yanaşmalar düzgün deyil. Çünki həmin halda, yəni beynəlxalq birlik Azərbaycanda demokratik dəyişiklik etmək istəyəndə istinad etməyə demokratik qüvvə tapa bilməyə bilər. Necə ki, İraqda uzun illərdir demokratiyadan danışılır, ancaq demokratik dəyişiklikləri həyata keçirəcək ciddi daxili qüvvə ortaya çıxmır.

- Belə çıxır ki, demokratik müxalifətin sıradan çıxmasına yönəlik siyasətin həyata keçirilməsi Azərbaycan hakimiyyətinin məhz bu hesablamasının nəticəsindən doğur?

- Təbii ki, avtoritar rejimlər çalışırlar ölkədə demokratik qüvvələr olmasın və elə təəssüart yaransın ki, hakim qüvvədən başqa mütərəqqi ciddi qüvvə yoxdur.

- Son vaxtlar hakimiyyətə yaxın qəzetlər və YAP-çı deputatlar tərəfindən ölkədə yeni real müxalifətin meydana çıxdığı təbliğatı aparılır. Bildirilir ki, artıq müxalifət kimi meydanda Müsavat, AXCP, ADP, ALP-ni yox, BAXCP, BQP, VHP və Ümid Partiyasının olduğunu bilmək lazımdır...

- Ortaya atılan bu mövzular mənasız mövzulardır. Ölkədə normal seçki olmalıdır və xalq imkan verilməlidir ki, hansı siyasi qüvvəyə etimad göstərirsə, onu hakimiyyətə gətirə bilsin. Bu qüvvə yüz illik tarixi olan Müsavat Partiyası olacaq, yoxsa bu gün yaranmış hansısa siyasi partiya olacaq, bunu nə Prezident Aparatı, nə biz həll etməliyik. Bu məsələni xalq həll etməlidir və xalq həqiqəti bilir.

- AŞ PA-nın yay sessiyasından sonra situasiyanın bir qədər də aydınlaşacağını və Müsavatın seçkilərlə bağlı qərarının qətiləşəcəyini bildirmişdiniz. Sessiya yekunlaşdı və Azərbaycanla bağlı qətnamə qəbul edildi. Situasiya aydınlaşdımı və son qərarınızın verilməsi gözlənilirmi?

- Biz öz seçki proqramımıza uyğun şəkildə fəaliyyətimizi davam etdiririk. Yəqin ki, zəruri saydığımız məqamda Məclis çağırılacaq və partiyadaxili müzakirələrin yekunu kimi orada da bir müzakirə keçirilərək sonrakı dövr üçün qərarlarımızı qəbul edəcəyik. Bu Məclis iyulun sonuna da, avqustun ilk günlərinə də təsadüf edə bilər. Hər halda təxminən bir aydan sonra olacaq.

- Müsavatın rəhbərliyində seçkiyə getməyin qəti əleyhdarları var? Bəzi qəzetlərdə iddia edilir ki, seçkidə bu məsələ Müsavatı hətta parçalaya bilər...

- Müsavatı 100 ildir ki, parçalayırlar, lakin parçalayıb qurtara bilmirlər. Tam məsuliyyətimlə deyirəm ki, Müsavatın rəhbərliyində bir nəfər də şəxs yoxdur ki, “mütləq seçkini boykot etmək lazımdır” desin. Və bir nəfər də yoxdur ki, nəyin bahasına olur-olsun seçkidə iştirak etmək mövqeyində olsun. Müsavat rəhbərliyindəki şəxslər ciddi insanlardılar, təcrübəli siyasətçilərdirlər. Partiyanın rəhbərliyi vəziyyəti tam, hərtərəfli müzakirə edib, bütün arqumentləri ortaya qoyub ondan sonra qərar qəbul etmək əzmindədir. Yəni bu günə olan qərarımız bəllidir. Hələ keçən ilin oktyabrında qərar qəbul etmişik ki, seçkidə iştirak edəcəyik. Eyni zamanda seçkidə iştirakdan imtina edəcəyimizi də istisna etməmişik. Qərarımızda bu da açıq şəkildə əks olunub. İstənilən mərhələdə qərarın məhz bu hissəsini fəallaşdıra bilərik. Bizdə təhlil mərhələsi gedir. İndiki mərhələdə biz seçkiyə hazırlığı davam etdiririk.

- Cəmiyyətdə bir fikir də var ki, indiyə qədər keçirilən seçkilər, demokratiya neftə qurban verilib. 2008-ci il prezident seçkisi isə qaza qurban veriləcək. Necə hesab edirsiniz, Azərbaycan qazı faktorunun ortaya çıxması budəfəki seçkilərdə öz rolunu oynayacaq?

- Bu, kifayət qədər mürəkkəb məsələdir. Ona görə də geniş şərh eləmək lazım gəlir. Qısaca deyə bilərəm ki, bütövlükdə bu yanaşma həqiqətə uyğun deyil. Azərbaycanda demokratiyanın neftə, qaza qurban verilməsi versiyası yanlışdır. Həmin məntiqlə yanaşsaq, nefti, qazı olmayan Ermənistanda niyə demokratik proseslərə gərəkən dəstək verilmir? Qərb Azərbaycanda və Cənubi Qafqazda demokratiya istəyir, Moskva və Tehran amili bu istəyin gerçəkləşməsinə imkan vermir. Yəni məsələnin kökündə neft, qaz amili deyil, Rusiya-İran faktoru dayanır. Qafqazın demokratikləşməsinin qarşısındakı əngəl, Xəzəri, Azərbaycanın nefti - qazı deyil, Rusiyanın və İranın bölgədəki mövqeyidir.

- Builki seçkilərdə seçicilərin böyük əksəriyyətinin iştirak etməyəcəyi barədə fikirlər səslənir. Seçkiyə inamsızlıq xalqın prosesdə iştirak etməməsinə səbəb ola bilərmi?

- Əvvəla, seçicilərin ən azı üçdə biri ölkədə deyil. İkincisi, ənənəvi olaraq Azərbaycanda seçkilərə elektoratın 30 faizindən 60 faizə qədəri maraq göstərir. Üçüncüsü, qanunda kvorum anlayışı olmadığından, seçicilərin neçə faizinin gəlməsindən asılı olmayaraq, seçkilər baş tutmuş sayılır. Yəni 8,5 milyonluq Azərbaycan xalqının hətta 1 faizi gəlib seçkidə iştirak edə və seçimini edə bilər və hakimiyyət formalaşa bilər. Bu amillər nəzərə alınmalıdır. Builki seçkidə seçicilərin nə qədərinin seçkiyə gələcəyini seçkiyə bir həftə qalmış dəqiq deyə bilərəm.

- Bir müddət əvvəl ABŞ-a dəvət olunmuşdunuz. Səfəri reallaşdıracaqsınızmı?

- Dəvət qüvvədədir. Səfərlə bağlı da müəyyən hazırlığımız olubdur. Ancaq seçki müddətinin məhdudlaşdırılması planlarımıza müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Ona görə də zamanı gələndə qərar verəcəyik.

- Seçki Məcəlləsi dövlət başçısı tərəfindən imzalansa da, qanuna yenidən əlavə və dəyişikliklərin ediləcəyi barədə söhbətlər yayılıb. Bu, baş verə bilərmi?

- Azərbaycanın müasir tarixində belə hadisələr çox olub. Hakimiyyət yanlış qərarlar qəbul edib, sonra isə hansısa amillərin təsiri həmin qərarları qismən düzəltmək məcburiyyətində qalıb. Bu baxımdan da hesab edirəm ki, yenə ehtimal var. Ancaq bizim siyasətimiz ehtimallar üzərində qurulmur. Öz seçki proqramımızı həyata keçiririk.

- Müsavat Partiyası öz namizədi ilə seçkidə iştirak etdiyinə görə, seçki komissiyalarında nümayəndələrinin olması vacib amilə çevrilir. Bunu nəzərə alıb komissiyalara nümayəndə göndərməyinizi gözləmək olar?

- Seçki komissiyalarına nümayəndə göndərməməyimiz Müsavat Partiyasının bu məsələlərə, öz qərarına nə qədər ciddi, məsuliyyətli yanaşmasının daha bir sübutudur. Müsavat Partiyası Azərbaycanda yeganə partiyadır ki, Mərkəzi Seçki Komissiyasında ona təklif olunan yerlərdən imtina etməyə özündə güc tapa bilib. Bizim imtinamızın da konkret səbəbi var. Seçki komissiyalarının yenidən formalaşması tələbi ilə neçə illərdir çıxış edirik. Azərbaycanda demokratik qüvvələrin də əksəriyyəti bu fikirdədir. Beynəlxalq təşkilatlar da eyni mövqedə olduqlarını dəfələrlə ifadə ediblər. Biz hesab edirik ki, dəyişikliyə nail olmaq mümkündür. Ona görə yerlərdən imtina etməklə dəyişiklik ehtimalını bugünə qədər qüvvədə saxlamışıq. Diqqət etdinizsə, AŞ PA-nın qətnaməsində də hakimiyyət qarşısında qaldırılan əsas məsələlərdən biri seçki komissiyalarının tərkibi ilə bağlıdır. Bu baxımdan hesab edirəm ki, bizim prinsipial mövqe tutmağımız məsələlərə müsbət təsirini göstərir. Və bu prinsipial mövqe davam edəcək. Nə zamanadək davam edəcəyi isə hakimiyyətin öz yanlışlıqlarını aradan qaldırması ehtimalı ilə bağlıdır.

- Azərbaycanın müstəqilliyi dövründə ilk hərbi parad sizin iqtidarda olduğunuz zaman, 1992-ci il oktyabrın 9-da keçirilib. Təxminən 16 il sonra - bu ilin 26 iyununda ikinci hərbi parad keçirildi. Hərbi parada münasibətinizin necə olduğu barədə fikirlərinizə mətbuatda rast gəlmədik.

- Televiziyadan izləməyə çalışdım. Hər birimiz kimi, mən də ordumuzun qüdrətli olmasını arzulayıram. Hesab edirəm ki, iyunun 26-da keçirilən hərbi paradın əsasında ordumuzun qüdrəti haqqında danışmaq düzgün olmaz. Çünki parad ordunun qüdrətini nümayiş etdirmək üçün hər halda əsas vasitə deyil.

- Son vaxtlar GUAM-ın güclənməsi istiqamətində iş aparıldığı müşahidə olunur. Bu birliyin güclənməsini Azərbaycana xeyirli hesab edirsinizmi?

- GUAM çox önəmli birlikdir və Azərbaycanın maraqlarına tam cavab verir. Müsavat Partiyası GUAM-ın ciddi bir quruluş kimi fəaliyyətini davam etdirməsinin və güclənməsinin tərəfdarıdır.

- İyulun 3-də Rusiya prezidenti Dimitri Medvedyev Azərbaycana səfərə gələcək. Bu səfərin əsasən iqtisadi amillərlə bağlı olduğu bildirilsə də, Rusiya hakimiyyətinin seçkiərəfəsi dolayısı ilə İlham Əliyevə dəstək nümayişi deyilmi?

- Müasir dünyada siyasətlə iqtisadiyyatın arasında Çin səddi yoxdur. Hər ikisi bir-birinə sıx bağlıdır. Medvedyevin səfəri də, Ukrayna prezidenti Viktor Yuşşenkonun bugünlərdə reallaşan Bakı səfəri də bölgənin əhəmiyyəti ilə bağlıdır. Bir tərəfdən beynəlxalq təhlükəsizlik məsələlərində, digər tərəfdən enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın və bölgənin imkanları hamını maraqlandırır. Bu, özü-özlüyündə müsbət haldır. Sadəcə olaraq, biz arzu edərdik ki, bu imkanlardan Azərbaycan yararlana bilsin. Təəssüf ki, hakimiyyət bu imkanlardan ölkənin maraqları üçün istifadə etmək əvəzinə, ailə maraqları üçün istifadə etməyə üstünlük verir. Bu da Azərbaycanın çox böyük strateji və enerji potensialının boşa xərclənməsinə gətirib çıxarır.

Etibar SEYİDAĞA, "Yeni Müsavat", 02-03 iyul, 2008