Müsavat Məclisinin növbəti yığıncağı keçirildi
Bu gün Müsavat Partiyası Məclisinin toplantısı keçirilib. Yeni seçilmiş
rayon(şəhər) təşkilatlarının səlahiyyətləri təsdiq olunduqda sonra partiyanın 15
oktyabr 2008-ci il keçiriləcək prezident seçkilərində iştirak edib-etməməklə
bağlı məsələ müzakirə edilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər geniş
məruzə ilə çıxış edib. Sonra məruzə ətrafında müzakirələr olub. Sonda Müsavat
başqanı yekun nitqi söyləyib və Məclis müzakirə edilən məsələ ilə bağlı qərar
qəbul edib (qərarın mətni əlavə edilir).
Daha sonra Məclisə boş qalmış yerlərə seçkilər keçirilib.
Axırda cari məsələlərə baxılıb.
isagambar.az, Bakı, 02 avqust 2008-ci il
Müsavat Partiyası Məclisinin 2008-ci il 15
oktyabr prezident seçkiləri barədə qərarı
Müsavat Partiyası 12 oktyabr 2007-ci il tarixdə keçirilən Məclisdə ölkədə
keçiriləcək növbəti prezident seçkilərinə öz namizədi ilə qatılmaq haqqında
qərar qəbul etmiş, eyni zamanda seçkilərdə iştirakdan imtina edilə biləcəyini də
istisna etməmişdi.
Ötən müddət ərzində Müsavat Partiyası ölkədə ictimai-siyasi mühitin
canlandırılması, demokratik qüvvələrin inteqrasiyası istiqamətində ciddi
addımlar atmış, siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələri
ilə, beynəlxalq təşkilatlarla apardığı məsləhətləşmələrdə, habelə keçirdiyi
kütləvi tədbirlərdə seçkilərin mümkün qədər demokratikliyini təmin edilməsi üçün
maksimum səy göstərmişdir. Elə hakimiyyətin tam nəzarəti altında olan MSK-ya
partiya nümayəndələrinin göndərilməsindən imtina edilməsi də seçki
qanunvericiliyində demokratik müxalifətin, beynəlxalq təşkilatların, o cümlədən
Venetsiya Komissiyasının təkliflərinin nəzərə alınması naminə edilmişdi.
Cəmiyyətdə hökm sürən xof mühitini dağıtmaq, əhalinin fəallığının artırılması
üçün mitinq və digər tədbirlərin keçirilməsinə edilən cəhdlər hakimiyyətin
müqaviməti ilə üzləşmiş, repressiv rejim azadlıqların hüdudlarını daha da
daraltmışdır. Ölkədə həbs və repressiyaların davam etməsi, üç jurnalistin
qondarma ittihamlarla hələ də həbsdə saxlanılması bütün deyilənlərin əyani
təcəssümüdür. Seçki Məcəlləsinin daha da mürtəceləşdirilməsi seçkiqabağı mühiti
daha da antidemokratik etmiş və seçki prosesinin bütünlüklə hakimiyyətin
inhisarına keçməsinə şərait yaratmışdır. Seçki müddətinin və seçkiqabağı
təbliğata ayrılan vaxtın yarıbayarı azaldılması faktiki olaraq siyasi partiyalar
üçün əlverişsiz şərait yaradıb. KİV, xüsusən də elektron KİV üzərində
hakimiyyətin total nəzarəti siyasi müxalifəti öz fikirlərini ictimaiyyətə
çatdırmaq imkanlarından məhrum etmişdir.
Elə bunun nəticəsidir ki, hakimiyyətə qarşı ümumxalq narazılıgının maksimum
səviyyədə olmasına baxmayaraq, cəmiyyətdə seçkilərə və dinc demokratik yolla
hakimiyyət dəyişikliyinin mümkünlüyünə inam ciddi surətdə sarsılıb.
Bütün bunlar ölkədə elan olunmamış Fövqəladə Vəziyyət şəraitinin hökm sürdüyünü
sübuta yetirir. Nüfuzlu beynəlxalq müşahidəçilərin rəylərinə görə ölkədə
seçkiqabağı demokratik şərait mövcud deyil və belə bir şəraitdə azad və ədalətli
seçkilərin keçiriləcəyi ciddi şübhə altındadır.
Müsavat Partiyasının Məclisi 2008-ci il prezident seçkilərində iştirak
məsələsini geniş və hərtərəfli müzakirə edərək qərara alır:
- Azərbaycanın milli maraqlarının və demokratik inkişaf perspektivinin
qorunub-saxlanmasında və ölkənin bütün demokratik potensialının vahid mövqedə
toparlanmasında
Müsavat partiyasının qərarlarının strateji önəm daşıdığını;
- seçkiqabağı mühitin anti-demokratikliyini və bərabər imkanların olmamasını;
- seçki məcəlləsinin daha da mürtəceləşdirilməsini;
- cəmiyyətdə seçkilərə və dinc demokratik yolla hakimiyyət dəyişikliyinin
mümkünlüyünə inamın ciddi şəkildə sarsılmasını;
- demokratik qüvvələrin resurs və imkanlarının, eyni zamanda fəaliyyət
azadlığının hakim rejim tərəfindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını;
- partiyanın MSK-da iştirak hüququndan seçki komissiyalarının hakimiyyət və
müxalifət arasında paritet əsasında qurulması tələbi ilə imtina etdiyini və
nəticədə komissiyalarda müxalifətin təmsil olunmadığını nəzərə alaraq
1. 15 oktyabr 2008-ci ildə keçiriləcək prezident seçkisində iştirakdan
imtina edilsin.
2. Prezident seçkiləri dövründə təbliğat kampaniyası aparmaq hüququndan
istifadə edərək kütləvi aksiyaların və digər tədbirlərin keçirilməsi
məqsədəuyğun sayılsın, seçki prosesinin monitorinqi üçün digər siyasi qüvvələr
və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq imkanları araşdırılsın.
3. Xalqın öz taleyinə sahib çıxması, cəmiyyətin fəallaşdırılması, 2009-cu
il bələdiyyə və 2010-cu il parlament seçkilərində demokratik qüvvələrin uğur
qazanması, ölkədə siyasi vəziyyətin köklü surətdə dəyişdirilməsi naminə
avtoritarizmə qarşı mübarizənin geniş cəbhəsinin yaradılması məqsədəuyğun hesab
edilsin.
Bakı şəhəri, 02 avqust 2008-ci il