Müsavat Partiyasının bəyanatı

İstər Ermənistanın demokratik inkişafı, istərsə də Cənubi Qafqazda və bütövlükdə postsovet məkanında demokratik proseslərin inkişafı və konfliktlərin həlli baxımından Ermənistandakı seçkilər çox önəmli idi. Seçki marafonu zamanı mühitin antidemokratikliyi və bu zaman siyasi müxalifətin əsas namizədi Levon Ter-Petrosyanın seçki prosesinə süni əngəllər yaradılması ən diqqətçəkici məqamlardan idi. Seçkilər bütünlüklə hakimiyyətin nəzarəti altında keçdi. Onun nəticələri saxtalaşdırılmaqla ədalətli və demokratik seçkilərin baş tutmasına imkan verilmədi. Seçkilərin nəticələrinə etiraz edən on minlərlə İrəvan əhalisinin etiraz mitinqlərinin ən vəhşi metodlarla dağıdılması və bu zaman mülki əhali arasında baş verən ölüm halları və çoxsaylı xəsarət təsdiq edir ki, arxasında Rusiyanın hərtərəfli dəstəyini hiss edən avtoritar rejim öz xalqı ilə də Dağlıq Qarabağın azərbaycanlı əhalisi ilə davrandığı kimi davrandı. Dinc əhaliyə qarşı odlu silah da daxil olmaqla bütün vasitələrdən istifadə edilməsi 8 nəfərin ölümünə, onlarla insanın yaralanmasına gətirib çıxardı. Beynəlxalq ictimaiyyətin, xüsusən də seçki prosesini müşahidə edən Qərb qurumlarının baş verənlərə loyal münasibət bəsləmələri də ciddi narahatlıq doğurur.

Müsavat Partiyası Ermənistanda seçkilərin saxtalaşdırılmasının və dinc əhalinin mitinqlərinin ən qəddar üsullarla boğulmasını, fövqəladə vəziyyət tətbiq edilərək, söz, mətbuat, sərbəst toplaşma və ictimai-siyasi fəaliyyətin məhdudlaşdırılmasını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini bu ölkədə insan hüquqları ilə bağlı baş verən kobud pozuntulara diqqət yetirməyə çağırır.

isagambar.az, 03 mart 2008-ci il, Bakı