Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müzakirə zamanı
əsas diqqət bu ilin payızında keçiriləcək prezident seçkilərinə yönəlib. Bu
yöndə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb. Ermənistanda
keçirilmiş prezident seçkilərinin nəticələri və İrəvanda baş vermiş son
hadisələr də nəzərdən keçirilib. Bu qonşu ölkədə seçkilərin nəticələrinin
açıq-aşkar saxtalaşdırılmasına və dinc nümayişçilərə qarşı 8 insanın ölümü ilə
nəticələnən zorakılığa görə yalnız Koçaryan-Sarkisyan rejimi deyil, beynəlxalq
qurumların loyal münasibəti də qınanılıb, baş verənlərdə onların da ən azı
mənəvi məsuliyyət daşıdığı vurğulanıb və bu haqda bəyanat qəbul edilib.
Rusiyada keçirilmiş prezident seçkiləri isə bu ölkədə avtoritarizmin
möhkəmlənməsinin növbəti mərhələsi və hakimiyyətin varisə ötürülməsi əməliyyatı
kimi qiymətləndirilib.
Divan üzvü, professor Adil Qeybullanın hakimiyyətin təzyiqləri nəticəsində
çalışdığı özəl tibb müəssisəsindən işdən çıxarılması qətiyyətlə pislənilib.
Daha sonra Kosovanın müstəqilliyi ilə bağlı məsələ müzakirə edilib. Azərbaycanın
Kosovanın müstəqilliyini heç vaxt tanımayacağı haqqında verdiyi bəyanat, bu
ölkədən əsgərlərimizin çıxarılması qərarı, ümumiyyətlə bu məsələdə Rusiya ilə
eyni mövqedən çıxış etməsi strateji baxımdan səhv mövqe hesab edilib.
Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 03 mart 2008-ci il, Bakı