MÜSAVAT SEÇKİDƏ İŞTİRAKDAN İMTİNA ETDİ
Partiya Məclisi mövcud şərtlərlə prosesə qoşulmağı lüzumsuz saydı
İsa Qəmbər: “Qərarımız apardığımız mübarizənin tərkib hissəsi olmalıdır”
Dünən Müsavat Partiyası Məclisinin toplantısı keçirildi. Partiyanın himni
səsləndirildikdən sonra toplantını açıq elan edən Məclis sədri Sülhəddin Əkbər
gündəliyi açıqladı. Gündəliyə yeni seçilmiş rayon təşkilatları sədrlərinin
səlahiyyətlərinin təsdiqi, prezident seçkisi haqqında müzakirələr, məclisə boş
qalmış yerlərə seçkilər və cari məsələlər daxil idi. Yeni seçilmiş rayon
təşkilatları sədrlərinin səlahiyyətləri təsdiqləndikdən və say komissiyası
yaradıldıqdan sonra çıxış üçün ilk söz Müsavat Partiyasının başqanı İsa
Qəmbərə verildi.
Müsavat başqanı Sülhəddin Əkbəri 48 yaşı, Rafiq İsmayılı 60 illik yubileyi
münasibətilə təbrik etdi. Sonra o, seçkilərlə bağlı veriləcək qərarın 2008-ci
ilin prezident seçkisinə öz möhürünü vuracaq qərar olacağını söylədi: “Əgər
Müsavat seçkidə iştirak qərarı qəbul edəcəksə, bu, tamamilə başqa bir seçki
olacaq. Çünki Müsavatın istənilən prossesi ciddi hərəkata çevirmək qüdrəti var.
Partiyanın seçkidə iştirak etməməsi isə sadəcə olaraq, İlham Əliyevin özünəlayiq
”namizədlərlə" və Ramiz Mehdiyevin rəhbərliyi ilə planlaşdırılan bir seçki oyunu
olacaq. Odur ki, məsələyə millət və dövlətimiz qarşısında partiyanın
məsuliyyətini, bugunkü və sonrakı prosseslərə təsirini dərk edərək, hər şeyi
ölçüb-biçərək dəqiq qərar vermək məcburiyytindəyik".
İsa Qəmbər ötən ilin oktyabrında Məclisin seçkidə iştirakla bağlı verdiyi qərarı
xatırlatmaqla yanaşı, təşkilatın seçkilərdən imtina hüququnu da özündə
saxladığını qeyd etdi: “Bu qərar ətrafında diskussiyalar hələ də gedir. Bəziləri
onun vaxtından əvvəl verildiyini iddia edirdilər. Amma mən qərarın düzgün
verildiyini hesab edirəm. Çünki 2007-ci ildə də ölkədə siyasi passivlik hökm
sürürdü. Bizim qərarımız seçki mövzusunu aktuallaşdırdı. Həmin qərarın həyata
keçirilməsi istiqamətində bu gunədək xeyli işlər görülüb. Müsavat Partiyası
2008-ci il prezident seçkilərində iştirakla bağlı ciddi və əhatəli fəaliyyət
proqramı hazırladı. Həmin proqrama əsasən, partiya seçkilərə hazırlaşırdı. İmza
toplanmasından tutmuş, müşahidəçilər və konkret iş tələb edən işlər üzrə
namizədlər müəyyənləşib. Zona müşavirələri keçirilib. Mitinqlərə cəhdlər edilib.
Demokratik qüvvələrin bir araya gəlməsi üçün bir sıra səylər göstərilib.
Qeyri-hökumət təşkilatları və ictimai qurumlarla əməkdaşlıq addımları atılıb.
Şərtlər daxilində mümkün olan kifayət qədər böyük həcmli işlər həyata
keçirilib”.

Müsavat lideri ölkədəki vəziyyətin geniş şərhinə ehtiyacın olmadığını söylədi:
“Qeyd etməliyik ki, Əliyevlər hakimiyyəti Azərbaycanda elan edilməmiş fövqəladə
vəziyyət yaradıb. Məhz bu vəziyyətdə biz seçkilərdə iştirak etmək məsələsini bir
daha müzakirəyə çıxarmışıq. Seçki məcəlləsində mürtəce dəyişikliklərin həyata
keçirilməsindən, ictimai reaksiyanın çalarları aydın olandan sonra məsələyə bir
daha baxırıq. Bir tərəfdən beynəlxalq birlik Azərbaycanda demokratiyanın
olmadığını dərk edir, sərt mesajlar verir. Əliyevlər rejiminin ölkəni uçuruma
aparması qeyd olunmaqla yanaşı, beynəlxalq birlik Azərbaycanda gedən demokratik
proseslərə real dəstək verməyə hazır olmadığını nümayiş etdirir. Bu yaxınlarda
beynəlxalq təşkilatların nümayəndələrindən biri ilə söhbət zamanı bizə
bildirdilər ki, biz də siz də bilirsiniz ki, Əliyevlər rejimi ölkədə demokratik
islahatlar keçirmək üçün zəruri siyasi iradəyə malik deyil. Biz onlardan
soruşduq ki, beynəlxalq birlik olaraq siz bu tipli rejimləri demokratik
islahatlara yönəltmək üçün zəruri siyasi iradəyə maliksinizmi? Təəssüf ki, biz
suala müsbət cavab ala bilməmişik. Beynəlxalq birlik bir sıra siyasi və iqtisadi
səbəblərdən demokratik proseslərə dəstək verməyə hazır görünmür. Ölkədə siyasi
fəallığın aşağı olmasını, hakimiyyətə qarşı ümumxalq mübarizəsinin
aparılmamasını bəzən əsas, bəzən bəhanə kimi göstərirlər. Amma bu zaman
unudurlar ki, ölkədə siyasi fəallığın aşağı olmasının müxtəlif obyektiv və
subyektiv səbəbləri olduğu kimi, beynəlxalq birliyin ikili münasibəti də öz
təsirini göstərib. Bu zaman biz qərar qəbul etməliyik. Kim seçkidə iştirak
edirsə hakimiyyətin adamıdı, kim seçkidə iştirak etmirsə fəraridir kimi
ittihamlar ciddi deyil. Hakimiyyətin nəzarəti ilə seçkidə iştirak edənlər də
var, etməyənlər də. Məsələn, ”Azadlıq" partiyasının sədri Əhməd Oruc müstəqil
adamdır. Onlar vəziyyəti müzakirə edərək seçkidə iştirak qərarı veriblər.
Dediyim odur ki, hər bir qüvvənin qərarına diqqətlə yanaşmaq lazımdır".
Bəs Müsavatın qərarı nə olmalıdır? İsa Qəmbər: “Mən yenə o fikirdə qalıram ki,
seçkidə iştirak etmək və etməmək arqumentləri kifayət qədər ciddidir. Seçkiyə
qatılmaq istəməyənlər seçkidə iştirakı ölkədə demokratik mühitin olmadığı,
azadlıqların məhdudlaşdırıldığı, Seçki Məcəlləsinin mürtəceləşdirildiyi bir
zamanda hakimiyyətin senarisində yer almağa bənzədirlər. Seçkidə iştirak
tərəfdarı olanlar isə arqumentlər kimi cəmiyyətdə hakimiyyətdən narazılığın
həddən artıq böyük olmasını və onun ətrafında toparlanmağa qüvvə axtarmasını,
hakimiyyəti dəyişmək mümkün görünmürsə demokratiya və ictimai fəallıq naminə
seçkidə iştirak etmək zərurətini, partiya strukturlarının fəallığının daim işlək
vəziyyətə salınması zərurəti ilə yanaşı və bir sıra digər məsələləri gətirirlər.
Bunlar da kifayət qədər ciddi arqumentlərdir. Ondan çox qərar variantı üzərində
araşdırma aparılıb. Ölkədə ictimai fəallıq səviyyəsi, müxtəlif zümrələrin
hakimiyyətdən narazılıq səviyyəsi araşdırılıb. Üstün mövqe seçkilərdən imtina
olub. İştirak qərarı da imtina qərarı da zərurətdən doğan məcburi addım kimi ola
bilər. Verdiyimiz qərarı bütövlükdə Müsavat Pariyasının apardığı mübarizənin
tərkib hissəsi kimi görməliyik. Mən sizin müəyyənləşdirdiyiniz namizəd kimi
seçkilərdə iştirakdan imtinanı daha düzgün hesab edirəm. Lakin bu təklifimlə
qətiyyən fəallığın azaldılmasını, gözləmə mövqeyinə keçilməsini ağlıma belə
gətirmirəm. Bizim proqram hədəflərimiz var. Buna uyğun olaraq fəaliyyətimiz
davam etməlidir. Yeni səfərbərlik və yeni nəfəslə mübarizəmiz davam etməlidir.
Xalqımızın öz taleyinə sahib çıxması üçün mümkün olan və olmayan hər şeyi
etməliyik. 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkilərində
demokratik qüvvələrin uğurunu təmin etmək naminə strategiyamızı bugundən
hazırlamağa başlamalıyıq. Korrupsioner Əliyevlər rejiminə qarşı ümümi mübarizə
cəbhəsini genişləndirməliyik”.

Müsavat Partiyasında bütün ciddi məsələlərin hərtərəfli müzakirə edilməsi,
ölçülüb-biçilməsi, birgə qərarlar qəbul edilməsi ənənələrinin olduğunu deyən İsa
Qəmbər əmin olduğunu bildirdi ki, Məclis yenə həmin ənənələrə uyğun qərar
verəcək: “Əminəm ki, qərarımız rejimə qarşı mübarizənin yeni mərhələsinin ilk
addımı kimi tarixə düşəcək. Bu qərar azadlıqsevər Azərbaycan xalqının ölkədə
vəziyyəti köklü surətdə dəyişməsinə təkan verəcək. Bütün müsavatçılara bu yolda
uğurlar arzulayıram”.
Bundan sonra Sülhəddin Əkbər “Hədəf” gənclər koalisiyasının Müsavat
Məclisinə müraciətini səsləndirdi. Müraciətdə koalisiyanın prezident seçkisində
İsa Qəmbəri dəstəkləyəcəyi bildirilirdi. Gənclər eyni zamanda Müsavat Məclisini
prezident seçkilərində iştirakla bağlı qərar qəbul etməyə çağırırdı. Sonra
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı çıxış edərək partiyanın
namizədinin irəli sürülməsi məsələsinin təşkilatın şurasında müzakirə edildiyini
və şura üzvlərinin 95 faizinin seçkidə iştirak tərəfdarı olduğunu söylədi: “Biz
istənilən qanunla seçkiyə getmək tərəfdarıyıq. Siyasi imicimizə zərər gəlsə
belə, demokratiya uğrunda mübariz aparmalıyıq. Əhalinin Seçki Məcəlləsinə edilən
dəyişiklikdən xəbəri yoxdur. Biz seçkidə iştirak etməsək, İlham Əliyev bir
qapıya oynayacaq. Amma biz Müsavat Gənclər Təşkilatı olaraq Məclisin verdiyi
qərar və tapşırıqları yerinə yetirməyə hazırıq”.
Goranboy rayon təşkilatının sədri Yadigar Məmmədli də proseslərdən
kənarda qalmığın düzgün olmadığı qənaətində olduğunu söylədi.
Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli yerlərdəki vəziyyəti nəzərə
alaraq seçkilərdə iştirak etməyi məqbul saymadığını söylədi: “Sıravi vətəndaşlar
və partiya fəalları seçkidə iştirak ovqatında deyil. Seçkidə iştirak etməməyimiz
Məcəllədə dəyişiklik üçün zəmin yaradacaq”.
Naxçıvan təşkilatının sədri Meydan Babayevin fikrincə isə, seçkilərdən
imtina müxalifəti bir araya gətirib vəziyyəti dəyişə bilər.
Müsavat Məclisinin üzvü, “Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy
seçkidə iştirakın vacibliyini vurğuladı: “Seçki Məcəlləsi mürtəceləşdirilmiş
olsa da, seçkiyə getmək lazımdır. Məgər Məmməd Əmin Rəsulzadə Cümhuriyyəti
quranda vəziyyət çoxmu asan olub? Onda nə seçki məcəlləsi, nə də elektorat var
idi. Azərbaycanlıların çoxu müsavatçılardan ibarətdirsə, niyə ruh düşkünlüyü
olmalıdır? Gəlin, gənclərin gətirdikləri arqumentlərə önəm verək. Mən onların
arqumetlrini kifayət qədəl məqbul sayıram”.
Gəncə rayon təşkilatının sədri Oqtay Zeynalov Gəncə müsavatçılarının
seçkiyə tam hazır olduğunu söylədi: “Beynəlxalq təşkilatlardan nəisə gözləmək
lazım deyil. Həmin təşkilatların nümayəndələri Azərbaycan torpağına ayaq
qoyduqdan sonra dedikləri sözləri dəyişirlər. Xalq hakimiyyətdən narazıdır.
Azadlığı vermirlər, onu zorla almaq lazımdır”.
Dilarə Əliyeva adına Qadın hüquqlarını müdafiə Cəmiyətinin sədri Novella
Cəfəroğlu isə seçkiyə getməyin əleyhinə olduğunu söylədi: “Seçkiyə getmək
naminə seçkidə iştirak lazım deyil. Mitinq və piketlər keçirərək mübarizəmizi
davam etdirəcəyik”.
Goranboy rayon təşkilatının sədri Məhərrəm Yusifli çıxış edərək seçkiyə
getməməklə 2013-cü ildə hakimiyyətin bizə yaxşı məcəllə ilə seçkidə iştirak
təklifi etməyəcəyini söylədi: “Səslənən təklif və fikirlərə hörmətlə yanaşıram.
Seçkidən imtina tərəfdarları demokratik cəmiyyətin olmadığından şikayətlənir.
Amma 2013-cü ildə yaxşı məcəllə olacağını söyləmək mümkün deyil”.
Müsavat Divanının üzvü Osman Kazımovun sözlərinə görə, Seçki Məcəlləsinə
edilən dəyişiklikləri və real vəziyyəti nəzərə aldıqda, seçkiyə getməkdən imtina
etməliyik.
Öz növbəsində Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı
Məclis üzvlərinə partiya rəhbərliyinin mövqeyini dəstəkləməyi və ona etimad
göstərməyi tövsiyə etdi.
Məclis üzvü Seyidəli Məmmədli isə çıxışında seçkiyə getmək
tərəfdarlarının arqumentlərinin əsassız olduğunu söylədi.
Müsavat başqanının müavinləri Qabil Hüseynli və Arzu Səmədbəyli də
partiya rəhbərliyilə eyni mövqedən çıxış etdilər.
Daha sonra Müsavat başqanı çıxış edərək ölkədə son bir neçə gündə seçkidə
iştirak məsələsinin siyasi müstəvidən hüquqi müstəviyə keçdiyini söylədi.
Çıxışını davam etdirən Müsavat başqanı digər partiyalarda da prezident
seçkisində iştirakla bağı müzakiələr getdiyini və qərarlar qəbul edildiyini
söylədi. Yekun çıxışında o, Məclis zamanı səsləndirilən fikir və arqumentlərin
partiya rəhbərliyi tərəfindən dəfələrlə müzakirə edildiyini və ən doğru qərara
gəldiklərini bildirdi. Müsavat Partiyasını seçkilərdən imtina etməyə çağıran İsa
Qəmbər bununla belə, Məclisin istənilən qərarını yerinə yetirəcəyini də söylədi.
Çıxışlar başa çatdıqdan sonra qərar lahiyəsi müzakirə olundu. 84 Məclis
üzvündən 65-i seçkilərdə iştirakın əleyhinə, 6 nəfər isə lehinə səs verdi.
Beləliklə Müsavat 15 oktyabr 2008-ci il tarixli prezident seçkilərində iştirak
etməmək barədə qərar qəbul etdi.
Daha sonra Məclisə boş qalan yerlərə seçkilər keçirildi. Qeyd edək ki, 29 yer
uğrunda 37 namizəd mübarizə aparırdı. Lakin səsvermədən sonra məlum oldu ki,
iddiaçılardan heç biri lazımi miqdarda səs yığa bilməyib.
Məclisin toplantısı partiya himninin oxunması ilə başa çatdı.
Leyla İLQAR, Yeni Müsavat, 3.08.2008
http://www.musavat.com/site/shownews.php?news_id=38039