Müsavat Partiyasının bəyanatı

Azərbaycan iqtidarı söz və mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində heç bir əndazəyə sığmayan növbəti addıma hazırlaşır. Belə ki, artıq uzun illərdir ki, Bakıda xüsusi büroları yaradılmış, ətrafına xeyli yaradıcı kollektivin toplaşdığı, eyni zamanda Bakı və onun ətrafında qısa dalğalarda yayımlanmasına icazə verilmiş “Azadlıq”, “Amerikanın səsi” və “Bi-bi-si” radiolarının qeyd etdiyimiz hüquqlardan məhrum edilməsi ilə bağlı qərar verilmişdir. Müsavat Partiyası belə hesab edir ki, baş verənlər Azərbaycanda informasiyasızlıq mühitinin yaradılmasına, yalnız mövcud rejimi vəsf edən məlumatların yayımlanmasına xidmət edən bir addımdır. Bütün bunlar söz və mətbuat azadlığının daha da məhdudlaşdırılmasına və beləliklə də cəmiyyətdə totalitarizmin bərqərar edilməsinə yönəldilmişdir.

Müsavat Partiyası səlahiyyətli orqanlardan Azərbaycan xalqının siyasi maariflənməsi və siyasi mədəniyyətinin inkişaf etməsinə xidmət edən bu radioların fəaliyyətinə əngəl törətməməyi, əksinə, onların daha normal çalışmaları üçün lazımi şəraitin yaradılmasını tələb edir. Partiya eyni zamanda beynəlxalq birliyə müraciət edərək, onları ölkədə gündən-günə möhkəmlənən avtoritarizmə və totalitarizmə qarşı prinsipiallıq göstərməyə çağırır.

isagambar.az, 03 noyabr 2008-ci il, Bakı