Müsavat Partiyasının bəyanatı

Müsavat Partiyası Moskvada Dağlıq Qarabağ məsələsinin nizamlanmasına dair Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü narahatlıqla izləmişdir. Rusiyanın Cənubi Qafqazda siyasətinin aqressivləşdiyi indiki mərhələdə nizamlama prosesinin daha çox Rusiyanın nəzarəti altına keçməsi təhlükəsi mövcuddur. Belə ki, ilk dəfə olaraq Azərbaycan və Ermənistan dövlət başçılarının müəyyən öhdəlikləri özündə ehtiva edən bir sənədə imza atmaları və burada məsələnin Madrid bəyannaməsinə uyğun aparılması müddəalarının yer alması Dağlıq Qarabağın gələcək statusu ilə bağlı Azərbaycan üçün qeyri-məqbul olan bir şəraitin yaranmasına gətirib çıxara bilər. Çünki danışıqlar prosesində baza prinsipləri rolunu oynaması nəzərdə tutulan Madrid bəyannaməsində həm Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsi, həm də bölgəyə beynəlmiləl sülhyaratma qüvvələrinin gətirilməsini tələb edir. Bu isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələləri ciddi şübhə altında qoyur. Narahatçılıq doğuran bir də odur ki, daxildə Azərbaycanın ərazi bütövlüyü məsələsindən əsla vaz keçilməyəcəyini bəyan edən ölkə başçısı Moskva bəyannaməsində faktik olaraq gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə yol aça biləcək müddəaların altına imzasını atmışdır. Baş verənlər Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət etdiyindən Müsavat Partiyası ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulmasına aparan bu siyasi kursun yolverilməzliyini bəyan edir.

isagambar.az, 03 noyabr 2008-ci il, Bakı