Müsavat Partiyasının
b ə y a n a t ı
Xəbər verildiyi kimi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, onun
qardaşı, həmin qəzetin əməkdaşı, satirik şair Mirzə Sakitin atası Səlim Zahidov
dünyasını dəyişib. Artıq xeyli müddətdir ki, uydurma ittihamlarla həbsdə yatan
Qənimət Zahid və Mirzə Sakitin atalarının yas mərasimində iştirak etmək üçün
müvəqqəti olaraq həbsdən buraxılması xahişi ilə Müsavat Partiyası hakimiyyətə
müraciət etmişdi. Müsavat Deputat Qrupunun üzvləri bununla bağlı bir sıra dövlət
rəsmiləri ilə danışıqlar aparmışdı. Ölkədəki bir sıra siyasi təşkilatlar və
ictimai qurumlar, eləcə də ictimaiyyət nümayəndələri eyni təşəbbüslə çıxış
etmişdilər. Dünən axşam hər iki yazar atalarının yas mərasimində iştirak etmək
üçün müvəqqəti olaraq həbsdən buraxılıb.
Müsavat Partiyası hakimiyyətin ictimaiyyətin təklifi istiqamətində atdığı bu
addımı təqdir edir. Bununla yanaşı biz, bir daha hakimiyyətə müraciət edirik ki,
artıq xeyli müddətdir qeyri-qanuni olaraq həbsdə saxlanılan Qənimət Zahidin,
Mirzə Sakitin və Eynulla Fətullayevin birdəfəlik azadlığa buraxılması
istiqamətində konkret addım atsın. Xatırladırıq ki, bu tək Müsavat Partiyasının
yox, bir çox nüfuzlu beynəlxalq təşkilatların, eləcə də Azərbaycan
İctimaiyyətinin mövqeyidir.
isagambar.az, 03 dekabr 2008-ci il, Bakı