“HAKİMİYYƏT NEFT DOLLARLARININ EYFORİYASINI YAŞAYIR”
Müsavat Məclisinin növbəti toplantısı keçirildi
İsa Qəmbər: “Bu il rejimin və vəziyyətin dəyişməsi realdır”


Dünən Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirildi. Partiyanın himni oxunduqdan sonra Məclisin gündəliyi müəyyənləşdirildi. Öncə bir sıra rayon təşkilatlarının yeni seçilmiş sədrlərinin səlahiyyətləri təsdiqləndi. Daha sonra Müsavat başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi vəziyyət barədə çıxış etdi. Musavat başqanı əvvəlcə mayın 4-ə təyin edilmiş mitinqin əngəllənməsilə bağlı fikirlərini Məclis üzvlərinin nəzərinə çatdırdı.
“Təəssüf ki, hakimiyyət növbəti dəfə sərbəst toplaşma haqqında qanunu kobud şəkildə pozaraq mitinqin keçirilməsinə imkan vermədi. Formal olaraq bizə Bibiheybətdə mitinq keçirmək üçün stadion təklif olundu. Bu da hakim rejimin cəmiyyətin və müxalifətin fəallaşmasından nə dərəcədə qorx keçirdiyinin göstəricisidir. Və bu qorxu real vəziyyətlə əsaslandırılmış bir qorxudur”.

Çıxışını davam etdirən Müsavat başqanı ölkədə yaşana biləcək iqtisadi böhranın müsavatçı iqtisadçılar tərəfindən proqnozlaşdırıldığını bildirdi: “Partiyanın iqtisadiyyat üzrə mütəxəssisləri 2010-2012-ci ilərdə ölkədə iqtisadi böhranın yetişəcəyini proqnozlaşdırırdılar. Bu proqnoz kifayət qədər ciddi elmi təhlilə əsaslanmışdı. Amma gerçəklik ekpertlərin proqnozlarından da sürətlə özünü göstərməyə başladı. İndiki mərhələdə hamımız real sosial-iqtisadi vəziyyətin gözlənilməyən dərəcədə pisləşməsinin şahidi və iştirakçısıyıq. Bütün xalq kimi biz də bu böhranın zərbələrinə məruz qalırıq. İqtisadiyyatda dünya miqyasında böhran prosesi gedir. Eyni zamanda ölkəmizlə də bağlı ağırlaşmanın ciddi əsasları və səbəbləri var. Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarın məşhur bir sözü var. Deyirdi ki, dünya bazarında neftin qiyməti bahalaşdıqca neft ixrac edən ölkələrin rəhbərlərinin intellektual göstəricisi aşağı düşür. Təbii ki, Qaydar bununla Rusiyanın rəhbərliyinə işarə edirdi. Amma eyni fikir Azərbaycanın hakimiyyət dairələrinə də aiddir. Bu adamlar neft dollarlarının eyforiyasını yaşayır. Neft dollarlarını ölkənin gələcəyinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə xərcləmək əvəzinə öz şəxsi məqsədləri üçün istifadə edirlər”.

Çıxışçı dünya bazarında neftin qiymətinin qalxmasını yalnız müsbət hadisə kimi qiymətləndirməyin əleyhinə olduğunu bildirdi: “Dünyada neft bahalaşırsa, hər şey də avtomatik surətdə bahalaşmağa başlayır. Xüsusən Azərbaycan kimi sənayesi iflas olan, kənd təsərrüfatı və istehsalatı bərbad vəziyyətə düşən bir ölkənin idxaldan asılı olduğu şəraitdə təbii ki, neftin qiyməti qalxması ilə bütün məhsulların qiyməti qalxacaq. Bu isə dolayısı ilə Azərbaycana və xalqa zərbədir. Ancaq bu adamlar adi təhlillər aparıb, önləyici tədbirlər görmək istəmir. Təbii ki, ölkəni idarə edənlər vəziyyətə görə məsuliyyət daşıyırlar. Azərbaycanda gündən-günə sürətlənən inflyasiya və bahalaşma heç birimiz üçün sirr deyil. Həyat səviyyəsi yüksəlmək əvəzinə günbəgün aşağı düşür. Nəticədə xalqda həddindən artıq böyük narazılıq var. Hakimiyyət də bu narazılığın fərqindədi. Və o, özü də sosioloji araşdırmalarla ictimai rəyi öyrənib və insanların bu rejimə qarşı nə dərəcədə mənfi münasibətinin olmasından xəbərdardır”.

İsa Qəmbər hakimiyyətin siyasi rəqiblərinə və müstəqil mətbuata qarşı apardığı çirkin təbliğat kampaniyası barədə də fikirlərini səsləndirdi: “Artıq hakimiyyət dairələri öz gücsüzlüklərini o dərəcədə dərk etməyə başlayıb ki, ən murdar üsullarla müxalifətə hücumlar edirlər. Jurnalist Aqil Xəlilin məsələsi ilə bağlı hakimiyyətin biabırçı davranışını hamı bilir. Sonradan bu böhtan kampaniyasının iflasa uğradığını dərk edib dayandırmaq əvəzinə daha da genişləndirdilər. Əli Kərimliyə qarşı böhtan kampaniyasına başladılar. Müəyyən formalarda Müsavat Partiyasına da böhtan atmağa çalışırlar. Görünür, bu adamlar xəstə şüur daşıyıcılarıdır ki, artıq Müsavatın bayrağına rişxənd etmək cəsarətində bulunublar. Onlar dərk etmirlər ki, həmin rəng Azərbaycanın müqəddəs üçrəngli bayrağında əks olunub. Onlar dərk etmirlər ki, bu rəng Azərbaycan xalqının bağrından çıxan Müsavatın xalqa təqdim etdiyi müqəddəs rənglərdən biridir. Azərbaycan dili nadir dillərdəndir ki, həmin dildə biz səmaya da “göy” deyirik, rəngə də. Bu əxlaqsızlıqla görəsən hansı rənglər qalacaq? Hər bir rəngə ad qoşmaq mümkündür. Amma bu adqoşanlar özlərinə də dönüb baxsınlar. Məsuliyyət hiss etdiyimizdən hakim dairələrdə nələrin baş verdiyindən danışmaq istəmirik. Bu mövzuları gündəmə gətirməklə hakimiyyət nəyə nail olmaq istəyir? Özlərinin törətdiyi əxlaqsızlıqların açılmasını istəyir? Hakimiyyət dairələrindəki əxlaqsızlıq səviyyəsi ilə demokratik düşərgənin əxlaq münasibətləri nə cür müqayisə oluna bilər? Təbii, mən siyasi mövqeyə görə əxlaqi qiymətlər vermək fikrində deyiləm. Çox yaxşı bir məsəldə deyilir ki, şüşədən olan evdə yaşayanlar gərək başqasına daş atmasınlar”.

Beynəlxalq qurumların, ABŞ prezidenti Corc Buşun və dövlət katibi Kondoliza Raysın Azərbaycanla bağlı son açıqlamalarına münasibət bildirən Müsavat lideri dedi: “Seçkilərlə bağlı bu cür açıqlamalar artmaqdadır. Mən nə zamansa ABŞ prezidentinin Azərbaycanını adını neqativ kontekstdə çəkdiyini xatırlamıram. Amma bu da baş verdi. Prezident Corc Buş Azərbaycanın adını Çin, Kuba, İran və Eritreya kimi mətbuat və söz azadlığının ən bərbad vəziyyətdə olduğu ölkələr sırasında çəkdi. Hakimiyyət nümayəndələrinin Kondoliza Raysın regiondakı vəziyyət barədə guya gerçək məlumatının olmaması və onun yanlış informasiyaya istinad etməsi kimi fikirləri də gülüş doğurur. Beynəlxalq təşkilatların, azad dünyanın Azərbaycan haqqında narahatçılığını ifadə edən bəyanatları yalnız demokratiya ilə bağlı qayğıdan irəli gəlmir”.

İsa Qəmbər ABŞ-ın Azərbaycanın NATO-ya inteqrasiyası yönündə real addımların vacibliyini də vurğuladı: “NATO-ya üzv olmaq tək Rusiya və ABŞ arasında seçim etməklə bağlı deyil. Bunun demokratiya ilə də birbaşa bağlılığı var. Qərb də müşahidə edir ki, Azərbaycanda proseslər belə davam etsə, ölkədə sabitliyin pozulması qaçılmaz olacaq. İstər sosial-iqtisadi vəziyyətin kəskinləşməsi, işsizlik, maaşların həddən artıq aşağı səviyyədə olması, istərsə də haqsızlığın və nəzarətsizliyin hökm sürməsi çox ciddi destabilizasiya mənbəyidir. Ona görə də Qərb bu sahədə ciddi islahatların aparılmasını istəyir və bunda təkid edir. Amma yenə də hər şey xalqımızdan və partiya strukturlarının fəallığından asılıdır. Əliyev rejimi artıq iflasa uğramaqdadır. Bu rejimin getməsi zamanın tələbidir. Bu rejim istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə bütün resurslarını, etimad limitini xərcləyib, qurtarıb”.

Müsavat başqanı çıxışının sonunda bu il mövcud rejimin siyasi səhnədən getməsinin real olduğunu söylədi: “2008-ci ildə hazırkı rejimin getməsi və vəziyyətin dəyişməsi realdır. Məmləkətin nicatı Müsavat Patiyasından asılıdır. Yalnız Müsavat Partiyası ölkəni böhrandan çıxara bilər. Mən bir daha sizləri və sizlərin simanızda partiyamızı və bütün demokratik qüvələri fəalığı artırmağa, builki seçkilərdə qalib gəlməyi hədəf seçərək mübarizə aparmağa səsləyirəm. İnanıram ki, bu mübarizə qələbə ilə başa çatacaq”.

Daha sonra Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bölgələrdə seçicilərlə görüşün nəticələri barədə məruzə ilə çıxış etdi. O, həmçinin seçki hazırlıqlarını gücləndirmək məqsədilə partiya strukturlarının möhkəmləndirilməsinin vacibliyinə toxundu, eyni zamanda cari məsələlərlə bağlı fikirlərini söylədi.

Tədbirdə iştirak edən Məclis üzvləri partiyanın fəaliyyət istiqamətlərilə bağlı təkliflərini irəli sürdülər. Və bununla da qurumun toplantısı başa çatdı.

Leyla İLQAR