Heydərizm
son mərhələyə qədəm qoyur
“4 iyun qiyamı”nın bəhrələnmə dövrü bitmək üzrə
Hakimiyyətin 5 mərhələsi
1993-cü ilin “4 iyun qiyamı”ndan 15 il keçir. Bu azdır ya çox, ondan
danışmayacağıq, amma “milli” qiyamımızı dünyada baş vermiş digər çevrilişlərlə
müqayisə etsək görərik ki, “4 iyun qiyamı” da hansısa tarixi mərhələsinə gəlib
çatıb və artıq verdikt vermək olar – bu son mərhələdir, bunun isə nə müddət
davam edəcəyini, indidən demək çətindir. Əliyevlər hakimiyyəti çevrilişin
EYFORİYA (1), XAOS (2) və RƏQİBLƏRİN YOX EDİLMƏSİ (3) kimi ilk mərhələlərini 6-7
ilə uğurla başa çatdırdı. Ata Əliyev ömrünün son 3-4 ilini çevrilişin HEGEMONLUQ
(4) mərhələsinə həsr elədi ki, oğul Əliyev indi bu “sabitlikdən” rahatçılıqla
BƏHRƏLƏNİR (5). Beləliklə, biz “4 iyun qiyamı”nın son – BƏHRƏLƏNMƏ
mərhələsindəyik. Bəs görəsən, bu mərhələ nə qədər müddət sürəcək? Bu suala cavab
vermək üçün əvvəlcə hakimiyyətin indiyədək topladığı sərvətin məbləğini
hesablamaq gərəkdir...
Hakimiyyətin nə qədər pulu var?
Hakimiyyətin yığdığı var-dövlət o qədər çoxalıb ki, onu harada saxlamaq, ondan
necə, nə qədər və hara xərcləmək sualı bu dəqiqə onu düşündürən ən aktual
məsələdir. Hələ 2003-cü ildə “Monitor” jurnalının redaktoru, rəhmətlik Elmar
Hüseynov hesablamışdı ki, Əliyevlər ailəsi 30 milyard dollaradək sərvət
toplamışdı. O zamandan bəri keçən müddətdə dolların xeyli qiymətdən düşdüyünü,
neftin qiymətinin 3-4 dəfə artdığını, korrupsiya və büdcə oğurluğunun
(kleptokratiya) dünyada analoqu olmayan həddə çatdığını nəzərə alıb adi
hesablama aparsaq –hakim ailənin yığdığı var-dövlətin azı 300 milyard dollara
çatdığını demək olar. Bu, hələ minimal hesablamalardır, xaricdə bank hesabları
üzərinə gələn faizlər nəzərə alınmayıb...
Hakimiyyətin nə qədər ömrü qalıb?
Razılaşarsınız ki, hakimiyyətin pulunu hesablamaq elə də asan iş deyil, heç
“FORBES” də talançılıqla toplanmış sərvətə girişmək istəmir, daha doğrusu bir
dəfə Rusiyada girişmək istəmişdi, yerli nümayəndəsinin kəlləsinə güllə dəyəndə,
peşman oldu, çünki belə yerlərdə hər şey həddən artıq qeyri-şəffaf, kriminal və
dolaşıqdır. Beləliklə, biz cəsarət edib 300 milyard dolları ortaya atırıq. Bir
çoxları bu qədər varidatı 15 rəqəminə (təxmini illik büdcəmizə) bölərək
hakimiyyətin hələ 20-25 il də rahat dövr sürəcəyini deyə bilər, lakin bu yanlış
yanaşmadı. Hakimiyyətin fors-major situasiyaları istisna etsək, DİKTATURA YOLU
ilə hakimiyyətdə qalmasına 4-5 il, bəlkə də daha az vaxt qalıb. Diktatura sözünü
biz elə-belə işlətmirik, fantastik bir ehtimalla hakimiyyət YUXARIDAN
DEMOKRATİYA yolunu seçsə – korrupsiya və inhisarçılığı azaldaraq ölkə
iqtisadiyyatında tamamilə liberal bir situasiya yaratsa, öz hakimiyyətini
qeyri-məhdud müddətə qədər uzada bilər, amma dünyanın heç bir yerində möcüzə
olmur, illah da ki, Azərbaycanda olsun. Ona görə də, Əliyevlərin hakimiyyətdə
daha nə müddət qalacağını biz sosial və siyasi inkişafın ən primitiv analiz yolu
ilə hesablamışıq. Ancaq indidən etiraf edək ki, hesablamamızda bir neçə il
plyus-minus ola bilər. Müddətin artıb-azalmasına Ermənistandakı vəziyyət, daha
doğrusu Dağlıq Qarabağ konfliktinin inkişafı təsir göstərə bilər, builki
prezident seçkiləri ərəfəsində situasiyanın dəyişə bilməsi ehtimalını isə hələ
nəzərdən atırıq, sanki, hakimiyyətin işləri bu seçkilərdə də yağ kimi gedəcək,
amma bəzən ağac parçası da atəş açır... Sual verilə bilər ki, hakimiyyət bu
qədər varidatla məgər polis rejimini daha da gücləndirib, əzilmiş müxalifəti
sıxıb suyunu bir az da çıxarmaqla, müxalifət qəzetlərini bağlayıb, bizləri
türmələrə doldurmaqla hakimiyyətini uzada bilməzmi? Sualın cavabı birmənalı
deyil – burada həm subyektiv, həm də obyektiv amillər rol oynayacaq. Əslində əzə
bilər, Özbəkistan variantı da edə bilər, amma gecdir artıq, bunu rahatçılıqla
etməsi üçün iqtidar azı 3 il zaman ötürüb, həmçinin ciddi subyektiv amillər baş
qaldırıb. Baxaq görək bu hansı amillərdir.

70 yaşlı subyekt
Subyektiv amillər ondan ibarətdir ki, şişirtmədən deyə bilərik ki, hakimiyyətin
dayağı olan Ramiz Mehdiyev cənabları artıq 70-i haqladı. Biz ona bundan sonra da
uzun ömür və ayıq düşüncə arzulayırıq ki, o son 30 ildə bu xalqın başına açdığı
oyunların nəticələrini heç olmasa bundan sonra dərk eləyə bilsin. İnsanın ahıl
çağları ilə bağlı ən maraqlı sözü vaxtilə Karl Marks deyib (təəssüf ki, Marks
bunu hansı əsərində deyib, xatırlamıram): “İnsan 70-dən sonra heç nə yarada
bilməz...” Kimsə burada etiraz edərək, ata Əliyevin – oğul Əliyevlə
əvəzlənməsini misal çəkərək subyektiv amillərin əksinə hakimiyyətin daha da
möhkəmlətməsinə gətirib çıxaracağını iddia edə bilər. Amma yaddan çıxarmaq lazım
deyil ki, subyektiv amillər onlardan asılı olmayan obyektiv amillərlə də
hesablaşmalı olacaqlar. Oğul Əliyevin misalı burada yerinə düşmür, çünki o zaman
obyektiv amillər məhz onun tərəfində idi...
Hakimiyyətin gedəcəyini sürətləndirən obyektiv amillər
İndi isə əsas sirri açırıq, hakimiyyətin getməsinin obyektiv səbəbi isə, nə
qədər paradoks olsa da əhalinin sosial vəziyyətinin nisbətən yaxşılaşması səbəb
olacaq. Bunun üçün təbii ki, hakimiyyətə minnətdar olmaq lazım deyil, bu,
obyektiv səbəb onun istəyindən asılı olmayaraq inkişaf edir. Ölkədə pul kütləsi
sürətlə artır, Rusiyada və Avropada yaşayan, Əliyevlər dönəmində ölkədən qaçqın
düşmüş miqrantlar da özlərinə gəlib, ölkəyə pul göndərməyə başlayıblar... Hətta
Türkiyə, İran və Qazaxıstanda işləyən həmvətənlərimiz də ölkəyə “xeyir”
gətirməyə başlayıblar. Tikinti bumu, İlham Əliyevin “680 min iş yeri” də öz
töhfəsini verməkdədir, yoxsa çinli işçilər burada nə qayırırdı?
Zarafatı bir qırağa qoyaq, sual oluna bilər ki, sosial durumu güclənən əhali
nəyə görə hakimiyyəti dəyişsin axı, dəyişirdi elə pis gündə olanda dəyişərdi də.
Paradoks da bundadır, sosioloqlar hesablayıblar ki, ciddi protest üçün əhali
kütlələrinə minimal sosial səviyyə, yəni adambaşına düşən müəyyən məbləğ gəlir
tələb olunur ki, bundan aşağı səviyyədə insanlar ancaq öz qarnını güdür... Bəs
adam başına nə qədər vəsait düşməlidir ki, o təkcə qarnını güdməsin? Qoy bu,
bizim kiçik sirrimiz kimi qalsın, amma bir şeyi açıq deyə bilərik ki, adambaşına
düşən gəlir bir-iki ilə lazım olan səviyyəyə çatacaq. Bunu bu yaxınlarda IMF
nümayəndəliyi də öz hesabatında göstərmişdi. Yenə də sual oluna bilər ki,
hakimiyyət əhalinin sosial vəziyyətinin yaxşılaşmasının qarşısını ala bilməzmi?
Yox, bu daha mümkün deyil, daha doğrusu bu, hakimiyyətdən asılı olan şey deyil.
Hakimiyyətin yaxın 4-5 ilə getməyini sürətləndirəcək ən güclü amillərdən biri
isə, Amerikada hakimiyyət dəyişikliyi olacaq, prezidentliyə namizəd Obamanın
şansları getdikcə artır, hətta Makkeyn qalib gəlsə belə o, Amerika tarixinə ən
uğursuz prezident kimi düşmüş, ən qeyri-demokratik əməllər sahibi Dabıl-Yu Buş
kimi olmayacaq...
Sizin və bizim azadlığımız uğrunda!
AZADLIQ qəzeti, 04.06.2008, Gülnaz Məmmədli,
mammadli@post.com