“HAKİMİYYƏT ÖZÜNÜN SÜQUTUNU HAZIRLAYIR”
İsa Qəmbər: “Seçkilərdə iştirakdan imtina qərarı da verə bilərik”
“Mürtəce addımlar İlham Əliyevin tapşırığı və razılığı ilə həyata keçirilir”

Hakimiyyətin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və Seçki Məcəlləsinə istədiyi dəyişiklikləri etməsi ölkə siyasi mühitində gərginliyi artırıb. Baş verənlər ortaya bir sıra ciddi suallar çıxarıb. Bu suallara aydınlıq gətirmək üçün dünən Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşdük. Cümhuriyyət tədbirləri ilə bağlı Türkiyədə olan və təzəcə Vətənə dönən başqana ilk sualımız qardaş ölkədə yubileylə bağlı düzənlənən tədbirlərdən razı qalıb-qalmaması barədə oldu.

- Türkiyə səfərimiz Azərbaycan Kültür Dərnəyinin dəvətilə gerçəkləşdi. Dərnək 90 illik yubileyi yüksək səviyyədə qeyd etdi. 90 illiklə bağlı onların bir çox tədbirləri var idi. O cümlədən milli liderimiz Məhəmməd Əmin Rəsulzadənin anıt qəbrinin yenidən qurulmasını Azərbaycan Kültür Dərnəyi həyata keçirmişdi. Türkiyədə Anıtlar Dərnəyi var. Çox güclü təşkilatlardan biridir. Hər iki dərnək birlikdə olduqca maraqlı kompozisiya qurmuşdular. Məhəmməd Əmin Rəsulzadənin anıt qəbrinin açılışı mərasimində məndən başqa Rəsulzadənin nəvəsi Rəis bəy, tədqiqatçı Nəsiman Yaqublu iştirak edirdi. Eyni zamanda Azərbaycan Kültür Dərnəyi mərasimə hakimiyyət nümayəndələrini də dəvət etmişdi. Onlar da tədbirlərə qatılmışdılar. Azərbaycanın Türkiyədəki səfirilə yanaşı, Prezident Aparatının şöbə müdiri Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, bir neçə millət vəkili iştirak edirdilər. Maraqlı açılış mərasimi düzənlənmişdi.

Adıçəkilən şəxslərin demək olar ki, hamısı çıxış etdilər. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş və türk dünyasına ümumi bir baxış nəzərdə tutan konfrans keçirildi. Konfransda həm biz çıxış etdik, həm də Əli Həsənov və millət vəkili Yaqub Mahmudov. Hər iki tədbirdə Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlu, MHP-dən başqan yardımçısı, millət vəkili Atilla Kaya, Ədalət və İnkişaf Partiyasından və digər partiyalardan millət vəkilləri və təmsilçilər iştirak edirdi. Kifayət qədər yüksək səviyyəli tədbirlər oldu. Həm Xalq Cümhuriyyətinin dəyəri bildirildi, həm Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə iştirakçılar, o cümlədən Azərbaycan hakimiyyətinin nümayəndələri tərəfindən bir daha yüksək qiymət verildi. Eyni zamanda türk dünyasının bugünkü problemlərinə yenidən bir baxış oldu. Cümhuriyyətin 90 illiyinə və böyük Məhəmməd Əmin Rəsulzadəyə layiq şəkildə tədbirlər həyata keçirildi.

Azərbaycana gəlincə isə sözün açığı, ziddiyyətli görüntü ortadadır. Bir tərəfdən təbii ki, hakimiyyətin Cümhuriyyətin 90 illiyilə əlaqədar xüsusi bir sənəd ortaya qoyması, həmin sənədə uyğun da bir sıra tədbirlərin həyata keçirilməsi müsbət hadisədir. Dövlət başçısının Cümhuriyyətin qurucularının şərəfinə ucaldılan abidənin önünə əklil qoyması, bir çox dövlət tədbirlərinin keçirilməsi müsbət qiymətləndirilməlidir. Ancaq problemlər də yox deyil. Məsələn, bu günədək Rəsulzadənin heykəlinin ölkəmizdə ucaldılmaması narahatlıq doğurur. Şəhərin mərkəzində heykəlin qoyulması nəzərdə tutulan yerdə fontan düzəldiblər. Gənclərimiz simvolik olaraq həmin yerə güllər düzməklə Cümhuriyyətin 90 illiyini və Rəsulzadənin xatirəsini qeyd etmək istədilər, ikinici dəfəydi ki, bu addımlarına görə onları hakimiyyət həbs etdirdi. Bu isə həm Cümhuriyyətə, Rəsulzadəyə sayqısızlıqdır, həm də gənclərin fəallığından hakimiyyətin çəkindiyinin göstəricisidir.

Cümhuriyyət tədbirlərinin rəsmilər tərəfindən keçirilən bütün formatlarının hamısında bir qırmızı xətt keçir ki, müstəqilliyi qazanmaq asandır, saxlamaq çətin. Bununla da Rəsulzadənin fəaliyyətini kiçiltməyə və Əliyevlərin fəaliyyətini göylərə qaldırmağa cəhd göstərirlər. Bu da təbii ki, tarixin saxtalaşdırılması deməkdir və siyasi baxımdan da etik deyil. Görünür, bu adamlar Cümhuriyyətin nə qurulmasında, nə də bərpasında iştirak etməyiblər. Ona görə də müstəqilliyin qazanılmasının nə qədər çətin olduğunu bilmirlər. Onlar 1990-cı illər situasiyası ilə 1920-ci ilin situasiyasının bir-birindən yerlə göy qədər fərqləndiyini nəzərə almırlar. 1920-ci ildən fərqli olaraq 1990-cı illərdə Rusiyanın müstəqillik qazanmış ölkələri zorakı üsulla özünə tabe etdirməsi mümkün deyildi. Azərbaycanın müstəqilliyinin qorunmasında zamanında - Elçibəy hakimiyyəti dövründə rus ordusunun Azərbaycandan çıxarılmasının həlledici təsiri olub.
İstənilən halda biz hesab edirik ki, hələ ötən ilin oktyabrında Müsavat Partiyasının Məclisində Xalq Cümhuriyyətinin 90 illiyinin yüksək səviyyədə qeyd olunması və 2008-ci ilin Cümhuriyyət ili elan olunması tərəfimizdən atılmış çox düzgün addım idi. Bu addım hakimiyyətin də qərarlarına təsirini göstərdi və Cümhuriyyət bayramının kifayət qədər geniş şəkildə keçirilməsinə gətirib çıxardı. Biz cümhuriyyət tədbirlərimizi dayandırmaq fikrində deyilik.

- “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilərək qəbul olundu. Hakimiyyət hər iki qanunu öz istədiyi formada parlamentdən keçirdi. İqtidarın məqsədi nədir, onun heç bir partiyanın və beynəlxalq təşkilatın tələbinə məhəl qoymaması nəyin göstəricisidir?

- “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun yeni variantı ilə bağlı partiyamız rəsmi mövqeyini bildirib. Ümumiləşdirsək, belə demək olar ki, qanuna edilmiş dəyişikliklər situasiyanı dəyişmir. Əvvəl də qanunda kütləvi aksiya üçün icazə variantı yox, xəbərdarlıq variantı nəzərdə tutulmuşdu. İndi də eyni variant nəzərdə tutulub. Ancaq məsələ qanunda yox, gerçəklikdədir ki, hakimiyyət bu qanunu kobud surətdə pozur və 2005-ci ildən bu günə kimi fövqəladə vəziyyət şəraitini saxlayır. Bir-iki aksiyanı nəzərə almasaq, kütləvi tədbirlərin keçirilməsinə imkan vermir. Hakimiyyət cəmiyyətdə populyar olmadığını, xalqın ondan narazı olduğunu çox gözəl bilir. Ona görə də ictimai fəallıqdan, kütləvi tədbirlərdən, seçkidən qorxur. Nəyin bahasına olur-olsun fəallığın qarşısını almağa çalışır.

İkincisi, hakimiyyət ölkəni geriyə - sovet dövrünə aparmaq istəyir. O dövrə ki, zahirən Konstitusiyada çoxlu azadlıqlar qeyd olunmuşdu, ancaq gerçəklikdə heç bir azadlıq reallaşmırdı, seçkilərdə heç kim öz qərarı ilə iştirak eləmirdi. Yalnız Kommunist Partiyasının məsləhət bildiyi partiya üzvləri və ya bitərəflər namizədliklərini verirdilər və alternativsiz seçilirdilər. Zəhmətkeşlər nə zaman toplanırlar, nə zaman hansı məsələyə münasibət bildirirlər, hamısı bir partiyanın qərarı ilə baş verirdi. Əliyev rejimi də Azərbaycanda belə bir vəziyyət yaratmaq istəyir. Ona görə bütün azadlıqlar sistemli şəkildə məhdudlaşdırılır. Bu məhdudiyyətlər yavaş-yavaş həyatdan qanunlara da keçirilməyə başlayıb. Hakimiyyətin məqsədi budur.

Hakimiyyətin nəyə arxayın olub bu cür hərəkət etdiyinə gəldikdə isə, o, çox böyük səhv edir. Bu adamların gözünü bir tərəfdən neft, qaz dollarlarından yağan pul yağışı örtüb və gerçəkliyi görmürlər. Digər tərəfdən də beynəlxalq birliyin bu və ya digər səbəblərdən onların bu hərəkətlərinə loyal münasibəti hakimiyyəti çaşdırıb. Unudurlar ki, nə neft dollarlarının yağışı, nə də beynəlxalq birliyin loyal münasibəti daimi deyil. Bunun üstünə xalqın ondan ciddi narazılığını da gəlsək, hakimiyyət atdığı addımlarla özünün süqutunu hazırlamaqdadır.

- Bəzi siyasətçilər bildirirlər ki, hakimiyyətin daxilində bir irticaçı qrup var. Bu qrup İlham Əliyevi beynəlxalq təşkilatlarla və müxalifətlə üz-üzə qoyub onu özlərindən asılı vəziyyətdə saxlamaq üçün məlum antidemokratik dəyişiklikləri reallaşdırırlar. Bu fikirləri bölüşürsünüzmü?

- Bu versiya hakimiyyətin mürtəce addımlarının məsuliyyətini İlham Əliyevin üzərindən kənarlaşdırmaq istəyən dairələr tərəfindən uydurularaq dövriyyəyə buraxılıb. Versiyanın heç bir əsası yoxdur. Ölkədə demokratiyanın, azadlıqların məhdudlaşdırılması istiqamətində atılan bütün addımlar, qərarlar İlham Əliyevin tapşırığı və razılığı əsasında həyata keçirilir. Bunu görməmək mümkün deyil.

- Seçki Məcəlləsində namizədlərin qeydiyyata alınmaq üçün depozit qoyması barədə müddəanı da ləğv etdilər. Bu dəyişikliyin hakimiyyətin istənilən rəqibini bəhanə ilə qeydiyyata almayıb seçkidən kənarda qoymasına hesablandığını deməyə əsas verirmi?

- Aydın məsələdir. Bir qədər əvvəl ümumi şəkildə dediyim mülahizələr bu suala da aiddir. Zamanında depozit düzəlişinin Seçki Məcəlləsinə daxil edilməsi demokratik qüvvələrin, beynəlxalq təşkilatların təsiri nəticəsində mümkün olmuşdu. Çünki hakimiyyət imza vərəqələrilə manipulyasiya edirdi. Hansı namizədi istəyirdi qeydə alırdı, hansını istəmirdi almırdı. Ona görə də depozit məsələsi təklif olundu ki, seçici imzası olmadan da namizədlərin qeydə alınması mümkün olsun və hakimiyyətin çəkindiyi namizədləri seçkidən kənarda saxlamaq imkanları məhdud olsun. 2003-cü ildə məbləğ kifayət qədər yüksəkiydi, səhv etmirəmsə 33 min dollar idi. Ancaq çətin də olsa, hər halda ödənməsi mümkün idi. Seçki Məcəlləsinə dəyişiklik təkliflərində məbləğ 300 min manata qaldırılmışdı. Bu da təbii ki, müxalifət üçün real məbləğ deyildi. Biz buna etiraz etmişdik. Hakimiyyət isə rəqəmi ağıla batan varianta gətirmək əvəzinə depoziti bütövlükdə ləğv elədi. Bu da hakimiyyətin ciddi müxalifət nümayəndələrinin seçkidə iştirakından qorxduğunun daha bir sübutudur.

- Çəkindikləri namizəd kimi imza vərəqələrində hansısa “qüsur”u bəhanə edib sizi seçkidən kənarda qoya bilərlərmi?

- Müsavat Partiyasına qarşı belə bir hal 1995-ci ildə parlament seçkisində də baş verib, 2000-ci ildə də bu addımı təkrarlamaq istədilər, yalnız son anda bizi seçkiyə buraxmaq məcburiyyətində qaldılar. Yəni nəzəri cəhətdən mövcud hakimiyyətdən istənilən qeyri-qanuni addımı gözləmək mümkündür.

- Sizcə, beynəlxalq təşkilatlar, əsasən də Venesiya Komissiyası Seçki Məcəlləsinin bu şəkildə qəbulu ilə razılaşacaqlarmı? Hakimiyyət hansısa problemlə qarşılaşa bilərmi?

- Hesab edirəm ki, beynəlxalq birlik Azərbaycan hakimiyyətinin son dövrlərdə atdığı addımlara prinsipial münasibət bildirməlidir. Çünki axır bir neçə ildə beynəlxalq təşkilatlar hakimiyyətin insan haqlarını pozmasına, jurnalistləri həbsə atmasına prinsipial etiraz edib, ancaq müsbətə doğru dəyişikliyə nail ola bilməyib. İndi isə hakimiyyət öz antidemokratik addımlarının nəticələrini aradan qaldırmaq əvəzinə, bu addımları daha da artırır, məmləkətdə daha mürtəce ab-hava yaradır. Belə bir şəraitdə təbii ki, beynəlxalq təşkilatlar öz prinsipial mövqelərini bildirməlidirlər. Əgər bildirməyəcəklərsə, bu, artıq onların nüfuzuna kifayət qədər xələl gətirəcək.

- Müsavat Partiyasının seçkiləri boykot mövqeyinə keçməsi ehtimalı varmı?

- Hakimiyyətin Seçki Məcəlləsinə təklifləri ortaya çıxan gün mən sizin qəzetə müsahibə verdim və bildirdim ki, bu dəyişikliklərin həyata keçirilməsinə cəhd bir tərəfdən seçkidə iştirakın əhəmiyyətini azaldır və seçkidə iştirak etməmək qərarının ortaya çıxmasına yol açır. Digər tərəfdən də hakimiyyətin seçkilərdən, müxalifətdən nə qədər qorxduğunu sübut etməklə seçkidə iştirak qərarına əlavə arqumentlər verir. Bilirsiniz ki, ötən ilin sonunda partiyanın Məclisində bu məsələlərlə bağlı müzakirələr aparıb qərar qəbul etmişik ki, seçkidə iştirak edək. Eyni zamanda həmin qərarda qeyd olunur ki, Müsavat Partiyası boykot variantını da istisna etmir. Bu qərar özü o deməkdir ki, seçkiyə qədərki müddətin müxtəlif mərhələlərində, zəruri hallarda partiya rəhbərliyində müvafiq müzakirələr keçirib qərar yenidən nəzərdən keçirilə bilər. Yəni seçkidə iştirak qərarının davamı da ola bilər, seçkidə iştirakdan imtina qərarı da verilə bilər. Seçki Məcəlləsi ilə bağlı situasiya kifayət qədər aydınlaşandan sonra partiya rəhbərliyində yeni müzakirəyə ehtiyac var. Və bu gün (dünən - red.) partiya Divanında müzakirə başlandı.

- Müxalifət vəziyyəti dəyişmək üçün bir araya gəlməli deyilmi?

- Məsələnin həlli müxalifətin bir araya gəlib-gəlməməsindən keçmir, cəmiyyətin fəallaşmasından və öz taleyinə sahib çıxmasından keçir. Müsavat hər zaman müxalifətin birliyinə tərəfdar olub. Bu istiqamətdə addımlar atdığımızın son günlərdə də şahidi oldunuz.

Etibar SEYİDAĞA, "Yeni Müsavat", 3 iyun, 2008

----------------------------------------------------------------------
"Məhəmməd Əmin Rəsulzadə” adlı konfransdan və Rəsulzadənin Anıt adlı qəbrüstü abidəsindən FOTOLAR