Bayquş qonmayan radiolarGülnaz Məmmədli

Oktyabrın son günü Azadlıqsevərlər üçün böyük sürpriz yaşandı. EMTEREŞE-nin sədri Nuşirəvan Məhərrəmli artıq çoxlarımız üçün bəlli açıqlama ilə çıxış etdi ki, xarici radiostansiyaları bağlamağın vaxtı gəlib çatdı...

Biz açıqlamanın səbəbləri üzərində dayanmayacağıq, bunda məna görmürük. Onsuz da açıqlamanın arxasında nələr və kimlər durduğu hamıya gün kimi aydındır... Çoxları kimi bizim Nuşirəvan müəllimə qarşı da iddiamız yoxdur, o da çoxları kimi hakimiyyətdən tam asılı olan bir məmurdur (amma bu onu məsuliyyətindən azad etmir), deyilənə görə hətta ANS-in bağlanma əmrini imzalamaq üçün onu evdən çağırıb idarəyə gətirmişlər... İndi baxaq hakimiyyətin bu açıqlamanı etməklə – daha doğrusu, çoxdan planlaşdırdığı bir siyasi oyunu ortaya atmaqla nəyə nail olmaq istəyir, doğrudanmı hakimiyyət bu radioları bağlayacağına əmindir?!

“Azadlıq”, “Amerikanın Səsi” və BBC radioları bağlanan deyil

Hakimiyyət xarici radiostansiyaları bağlaya bilməyəcək! Buna biz qəti əminik. Əlbəttə bəzi pessimistlər o dəqiqə etiraz edə bilərlər ki, hakimiyyət nə istəsə onu eləyə bilər. Bəli mümkündür, amma baxaq görək Əliyevlər hakimiyyət 15 illiyi tarixində öz oturduğu budağı bir dəfə də olsun kəsibmi, baxmayaraq ki, bu budaq bəzən ona çox mane olub, onun necə deyərlər, altını çox sürtüb, hətta deyərdik ki, filan yerinə də batıb, buna baxmayaraq, hakimiyyət oturduğu budağı kəsməyib. Çünki o, çox yaxşı dərk edir ki, budağı kəssə düşdüyü yer bataqlıq olacaq. Bəs hakimiyyət xarici radiostansiyaları niyə bağlaya bilməyəcək? Niyə bunda biz qəti əminik? Fikrimizi bir neçə arqumentlə əsaslandıraq:

Yaxın tarixə nəzər salaq, görək hakimiyyət nə zaman və kimlərə qarşı “qəti addımlar” atıb. Birmənalı deyə bilərik ki, Barmek kimi bir neçə istisnanı kənara qoysaq, qalan bütün hallarda hakimiyyət “qəti addımları” ancaq və ancaq YERLİ QÜVVƏLƏRƏ qarşı etmişdir. “Qəti addımlar” dedikdə bağlamaq, dağıtmaq, məhv etmək, həbs eləmək, müflis eləmək, müsadirə etmək və s. kimi cəza tədbirləri nəzərdə tutulur.

Biz həmişə görmüşük ki, hakimiyyət daxildə canavar, xaricdə isə quzu olub. Hətta Barmek məsələsində də Hüseyn Arabulun nə qədər aciz durumda olduğuna baxmayaraq, hakimiyyət onu həbs etməyə cəsarəti çatmadı. Elə buna görə də qətiyyətlə bildiririk ki, hakimiyyət xarici radioların heç birini bağlamağa cəsarət etməyəcək. Baxmayaraq ki, efir məsələsinə iqtidar kağız mətbuatına nisbətən daha həssasdır. Yadınıza salıram “Sara TV”-ni hakimiyyət həmin kanalın efirində Elçibəyin görünməsindən sonrakı gün qapadı. ANS isə, heç kimə sirr deyil ki, hansı səbəbdən qapadıldı (cəzalandırıldı).

Bir addım irəli, iki addım geri

Hakimiyyət xarici radiostansiyaları bağlaya bilməyəcək, çünki açıqlama verilib-verilməmiş artıq geriyə doğru iki addım atdı. Hansı addımlardır bunlar?

EMTEREŞE-nin sədri Nuşirəvan Məhərrəmli ötən cümə verdiyi açıqlamanın ardınca, “bununla belə, ola bilər ki, yayımın dayandırılması haqda qərar hər 3 radiostansiyaya aid olmasın... BİR VƏ YA HƏTTA İKİ radioya yayımı davam etdirmək imkanı verilsin...” (“Yeni Müsavat”, 01.11.2008). Təbii ki, xoruzun quyruğu buradan da açıq-aşkar görünür, BBC və “Amerikanın Səsi”nə yayımlarını FM-də davam etdirməyə icazə verilə bilər, amma “Azadlığ”a yox! Heç kimə sirr deyil ki, BBC və “Amerikanın Səsi” sözün kəsəri və cəsarət baxımından “Azadlıq”dan nə qədər fərqlənir, bundan başqa canlı efir saatı baxımından da “Azadlıq” məsələn BBC-dən 6-7 dəfə üstündür... Artıq şənbə – açıqlamanın sabahı günü Nuşirəvan Məhərrəmli ANS TV-yə müsahibəsində geriyə doğru daha bir addım ataraq, bildirmişdi ki, xarici radiolar yayımlarını MÜVƏQQƏTİ davam etdirə bilərlər. Bəs onda Azərbaycan qanunları MÜVƏQQƏTİ pozulmayacaqmı? EMTEREŞE-nin sədri bu suala cavab verməmişdi. Biz isə yaxşı bilirik ki, Azərbaycanın indiki durumunda MÜVƏQQƏTİ KİMİ DAİMİ heç nə yoxdur!

Obamaya meydan oxumaq olarmı?

Hakimiyyət xarici radiostansiyaları bağlaya bilməyəcək, çünki ABŞ-da və deməli bütün dünyada hakimiyyət dəyişir. ABŞ-da hətta Makkeyn prezident seçilsə belə cəsarətlə deyə bilərik ki, ABŞ-ın sabahkı demokratiya siyasəti dəyişəcək, çünki Buşun erası sona yetir və deməli dünya düzəni dəyişməlidir, bunu dünyanı bürüyən maliyyə və siyasi böhran deyir, biz demirik. İndi siz deyin təzə enerjili, demokrat prezident sizcə ölkəsinin ən təsirli bir vasitəsinin dünyanın ən korrupsioner, öz xalqına göz verib – işıq verməyən bir ölkəsində yayımının dayandırılmasına göz yuma bilərmi? Sualı açıq saxlayırıq...

Böyük Britaniya ilə konfrontasiyaya mümkündürmü?

Hakimiyyət xarici radiostansiyaları bağlaya bilməyəcək, çünki qapadılan radiolardan biri dünya düzənini təşkil edən 6-7 ölkədən biri olan Böyük Britaniyanın ən məşhur dövlət kanalıdır. Bunu mübahisə açmaq üçün demirik, amma çoxları elə düşünür ki, indiki ailə hakimiyyətinin Azərbaycanda bərqərar olmasında da 1993-cü ildə bu ölkənin (daha doğrusu BP-nin) çox böyük “rolu” olub. Hakim ailənin Böyük Britaniya ilə çox sıcaq maliyyə və mülkiyyət münasibətlərinin olması da hər kəsə bəllidir. Yenə də sizlərə sual ünvanlayırıq, hakimiyyət Böyük Britaniyaya qarşı çıxaraq onun dövlət kanalının tezliyini əlindən ala bilərmi? Qoy bu sual da açıq qalsın...

Nə qədər ki, Azərbaycanda demokratiya yoxdur...

Hakimiyyət xarici radiostansiyaları bağlaya bilməyəcək... Biz “Azadlıq” radiosunun Azərbaycan xidmətinin direktoru, radionun Azərbaycanda son dərəcə məşhurlaşmasında bir nömrəli xidməti olan KƏNAN KAZIMOĞLUDAN bütün Azadlıqsevərləri düşündürən suala – “sizi susdurmaq olacaqmı?” sualına cavab istədik, budur onun cavabı:

Kənan Kazımoğlu“Əziz Azadlıqsevərlər, sizi üzən sonsuz suallara cavab verə bilməsəm də, bu suala gözümü qırpmadan cavab verəcəyəm. – YOX! “Azadlıq” radiosunu heç vaxt, heç kəs, heç bir qüvvə susdura bilməyəcək! Buna əmin olun. Biz Azərbaycanımızı azad görmək istəyirik, insanlarımızın ləyaqətli, ədalətli bir cəmiyyətdə yaşamasını istəyirik. Biz buna layiqik. Bu gün üzərimizə böyük bir missiya, çiynimizə ağır yük düşüb. Azərbaycanda azad fikir, doğru söz eşitmək istəyənlərin son pənah yeri bizik! Sizinlə, sizin üçün işləməkdən qürur duyuruq, sizinlə fəxr edirik. “Azadlıq” radiosu 55 ildir ki, demokratiya uğrunda çalışır, bundan sonra da 55 il – demokratiya olana qədər çalışacaq!”

Sizin və bizim azadlığımız uğrunda!
 
AZADLIQ qəzeti, 04.11.2008, Gülnaz Məmmədli, mammadli@post.com