Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Əvvəlcə Məclisin 03.05.2008-ci il tarixində keçirilmiş sessiyası haqqında fikir mübadiləsi aparılıb və qəbul olunmuş qərarların icrası yönündə Divanın görəcəyi işlər müəyyənləşdirilib. Sonra Bakı şəhər İcra Hakimiyyətinin Müsavatın 04.05.2008-ci il tarixində mitinq keçirmək müraciətinə rədd cavabı verməsi ciddi müzakirə olunub. Bu iqtidarın insanların sərbəst toplaşmaq azadlığını kobud surətdə pozması, cəmiyyətin və müxalifətin fəallaşmasından çəkinməsinin göstəricisi kimi qiymətləndirilib. Qərara alınıb ki, məhkəməyə müraciət edilsin. Daha sonra növbəti mitinqin vaxtı və yeri barədə müzakirələr aparılıb. Razılığa gəlinib ki, 18.05.2008-ci il tarixdə mitinq keçirmək üçün yenidən Bakı şəhər İH rəhbərliyinə müraciət edilsin və əvvəlki müraciətdə göstərilmiş 3 meydandan əlavə daha 2 meydan qeyd edilsin.

İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı Milli Məclisdə dövlət büdcəsinə dəyişiklik edilməsinə də münasibət bildirilib. Qeyd olunub ki, ilin ortasında büdcəyə yenidən baxılmasının artıq pis ənənəyə çevrilməsi narahatlıq doğurur. Bu narahatlığı büdcə artımında Neft Fondundan ayırmaların əsas rol oynaması, son artımın 80%-nin bu məbləğdən formalaşması və büdcə xərclərinin 40%-nin tikintiyə ayrılması daha da artırır. Hazırda büdcə gəlirlərində neft sektorundan daxil olmaların 60%-i ötməsi bir tərəfdən neft pullarının büdcə vasitəsi ilə mənimsənilməsinin, digər tərəfdən isə büdcə artımında neftdən kənar sektorun rolunun azalmasının göstəricisi sayıla bilər. Odur ki, Müsavat Partiyası ölkədə baş alıb gedən bahalaşmanın yoxsulluğun artımına əhəmiyyətli təsirini nəzərə alaraq büdcə vəsaitləri hesabına sosial müdafiə tədbirlərinin gücləndirilməsini zəruri hesab edib.
Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 05 may 2008-ci il, Bakı