Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Sonra real müxalifətin əməkdaşlıq istiqamətində ilk addımı barədə fikir mübadiləsi aparılıb, bu addım yüksək qiymətləndirilib və demokratik qüvvələrin gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflər müəyyənləşdirilib.

Toplantıda Bakının işğaldan azad olunmasının 90 illik yubileyi ilə əlaqədar sentyabrın 15-də keçiriləcək tədbirlər haqqında qərar qəbul edilib.

Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Güney Qafqazda yaranmış vəziyyət yenə də diqqət mərkəzində olub. Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağ münaqişəsinin ATƏT-lə yanaşı, Azərbaycanın üzvü olmadığı bir qurumun - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının prinsiplərinə uyğun həll edilməsi barədə fikirləri Divanın kəskin narazılığına səbəb olub və Azərbaycan hökumətindən buna rəsmi münasibət bildirməsi tələb edilib.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 08 sentyabr 2008-ci il, Bakı