Müsavat Məclisinin qərarı

M. Ə. Rəsulzadənin anadan olmasının 125 illiyi ilə əlaqədar 2009-cu ilin “M. Ə. Rəsulzadə ili” elan olunması haqqında Müsavat Partiyası Məclisinin 08 noyabr 2008-ci il tarixli

q ə r a r ı

Müsavat Partiyası öz fəaliyyəti dövründə həmişə partiyanın, Azərbaycan Xalq Cumhuriyyətinin irsinə sayğılı münasibət göstərib, bu irsin öyrənilməsi və təbliğinə böyük önəm verib. Keçən ilin sonlarında Müsavat Partiyasının Məclisi AXC-nin 90 illiyi ilə bağlı 2008-ci ili bütövlükdə “Cumhuriyyət ili” elan edib və bu istiqamətdə bir sıra mühüm tədbirlər keçirib. Bu tədbirlərin keçirilməsi bu gün də davam etdirilir. Partiyanın Məclisi böyük öndər M. Ə. Rəsulzadənin gələn ilin yanvarın 31-də tamam olacaq 125 illik yubileyi ilə əlaqədar da bir sıra tədbirlərin keçirilməsinin vacibliyini nəzərə alaraq

qərara alır:

1. 2009-cu il M. Ə. Rəsulzadə ili elan olunsun.
2. M. Ə. Rəsulzadənin 125 illik yubileyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr olunmuş Dəyirmi masa və elmi-praktiki konfrans keçirilsin.
3. M. Ə. Rəsulzadənin adının əbədiləşdirilməsi üçün vacib olan addımların atılmasını – Bakı Dövlət Universitetinə onun adının qaytarılmasını, Bakı şəhərində onun heykəlinin ucaldılmasını hakimiyyətdən növbəti dəfə tələb etsin.
4. Müsavat Deputat Qrupuna tövsiyyə edilsin ki, M. Ə. Rəsulzadənin adının əbədiləşdirilməsi məsələsi öz həllini tapmayınca, bu məsələni Parlamentin gündəmində saxlasın.
5. Məclisin qərarından irəli gələn əlavə tədbirlərin hazırlanıb həyata keçirilməsi Divana həvalə edilsin.

isagambar.az, 08 noyabr 2008-ci il, Bakı