Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
edilib. Kürdəmir rayon təşkilatının dünən keçirilən konfransı haqqında məlumat
dinlənilib. Konfransda Vilayət Abuşov rayon təşkilatının yeni sədri seçilib.
Divan Nizamnamə müddəti bitdiyinə görə sədr postunu tərk etmiş Baha Mikayılova
sədr postundakı səmərəli fəaliyyətinə görə təşəkkür elan edib. Müsavatın
mütinqlərinə razılıq vermədiyi üçün 17.06.08 tarixində, saat 12:00-da Bakı Şəhər
İcra Hakimiyyətinin binası qarşısında piket keçirilməsi barədə həmin quruma
müraciət edilməsi qərara alınıb.
Toplantıda xalq hərəkatının lideri Əbülfəz Elçibəyin 70 illik yubiley
tədbirlərinə hazırlığın gedişi haqqında fikir mübadiləsi aparılıb və dəvət
ediləcək qonaqların siyahısı müəyyənləşdirilib.
Sonra ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkiləri ilə
bağlı məsələ ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul
edilib. “Sərbəst Toplaşmaq Haqqında” yeni qanun layihəsinin qəbulundan və “Seçki
Məcəlləsi”nə edilən yeni əlavə və düzəlişlərdən sonra ölkədə fərqli siyasi
situasiyanın yarandığı bildirilir. Qeyd olunub ki, “Seçki Məcəlləsi”nin daha da
mürtəceləşdirilməsi hakimiyyətin azad və ədalətli seçkilər keçirmək niyyətinin
olmamasından, hakimiyyəti yenidən qəsb etmək planlarını işə salmasından xəbər
verir.
Qərara alınıb ki, hələ 2007-ci ilin oktyabrında partiya məclisinin “2008-ci il
prezident seçkilərində iştirak barədə” qərarında iştirakdan imtina variantının
da istisna olunmamasını nəzərə alaraq, indiki mərhələdə seçkilərə hazırlığın tam
həcmdə davam etdirilməsi şərti ilə bu mövzu ətrafında müzakirələr partiyanın
bütün strukturlarında davam etdirilsin.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 09 iyun 2008-ci il, Bakı