MÜSAVAT PARTİYASI AQİL XƏLİLLƏ BAĞLI
YAYIMLANAN SÜJETLƏRİ İCTİMAİYYƏT ÜÇÜN HƏQARƏT SAYIR
Müsavat partiyası jurnalist Aqil Xəlil barədə telekanallarda yayımlanan
süjetləri bütövlükdə ölkə jurnalistikasına və cəmiyyətinə həqarət kimi
dəyərləndirir və bu biabırçı kampaniyaya son qoymağa çağırır. Bu cümlə Müsavat
partiyasının bu gün yaydığı bəyanatdandır.
Müəlliflər bir sıra telekanallarda "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin
şərəf və ləyaqətini təhqir edən kadrlar yayımladığını bildirir. Sənəddə deyilir
ki, bu kadrların yayımlanmasında məsqəd A.Xəlilin bu ilin fevralında fiziki
zorakılığa məruz qalması və martında bıçaqlanması faktını ört-basdır etməkdir.
Müəlliflər hüquq-mühafizə orqanlarının jurnalisti hansısa homoseksualistin
bıçaqlaması kimi versiyasını öz saxtakarlıq səviyyəsinə görə ölkə ictimaiyyətini
və beynəlxalq qurumların təmsilçilərini şoka salan hadisə kimi dəyərləndiriblər.
Daha sonra müəlliflər jurnalist Aqil Xəlilin zərərçəkən olsa da, günlərlə
istintaq altında saxlanılmasını, şikayətini geri götürməyəcəyi halda şərlənəcəyi
barədə xəbərdarlıqları yada salırlar. "Vətəndaşların və xüsusilə hakimiyyət üçün
"arzuolunmaz" şəxslərin belə təxribatlara çəkilməsinin, illər əzində bu cür
qarayaxmaların, böhtan və şantajların çox şahidi olmuşuq", - deyə sənəddə qeyd
edilir.
Son olaraq, müəlliflər jurnalisti döyən və bıçaqlayan həqiqi təqsirkarların
dərhal məsuliyyətə cəlb olunmasını tələb etdiklərini bəyan edirlər.
BAKI/10.04.08/TURAN