Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda
ictimai-siyasi vəziyyətə dair bir sıra məsələlərə baxılıb. AŞ PA-nın Azərbaycan
üzrə həmməruzəçilərindən biri Yevgeniya Jivkovanın “ölkədə mətbuatın əsas
probleminin qəzetlərin siyasi partiyalara yaxın olmasını və həbsdə olan
jurnalistlərin azad olunmasını tələb etməyəcəyini” bildirməsi Divan üzvlərinin
təəccüb və təəssüfünə səbəb olub. Qeyd olunub ki, Yevgeniya Jivkova Azərbaycan
üzrə həmməruzəçi təyin olunanda onun iqtidaryönlü olacağı haqda proqnozlar
təsdiq olunmağa başlayır.
Daha sonra Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər müzakirə olunub.
Son günlər səslənən təklif və təşəbbüslər müzakirə edildikdən sonra Divanda
qərara alınıb ki, bu il fevralın 26-da Xocalı faciəsinin ildönümünü qeyd etmək
məqsədi ilə Azadlıq meydanında birgə mitinq keçirilməsi YAP da daxil olmaqla
bütün siyasi partiyalara təklif edilsin.
İlham Əliyevin Ağdamdakı çıxışı zamanı İrəvanın ADR liderləri tərəfindən
ermənilərə verilməsini deməsindən sonra hakimiyyət dairələrində və iqtidaryönlü
mətbuatda onlara qarşı başladılmış əks-təbliğat kampaniyası ciddi müzakirə
edilmişdir. Qərara alınıb ki, 15 fevral 2008-ci il tarixində bu məsələyə həsr
olunmuş Dəyirmi Masa keçirilsin.
Toplantıda payızda keçiriləcək prezident seçkiləri ilə bağlı ayrıca məsələ
müzakirə edilib və bir sıra təşkilati xarakterli qərarlar qəbul edilib.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 11 fevral 2008-ci il, Bakı