İSA QƏMBƏRƏ AMERİKADAN BİR NEÇƏ DƏVƏT GƏLİB
“Yaxın günlərdə dəyərləndirib ən uyğun qərar verəcəyəm”
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ Demokratlar
Partiyasının qurultayına dəvət edilib. Onu da qeyd edək ki, ABŞ Respublikaçılar
Partiyasının da qurultayı keçiriləcək və İsa Qəmbərin həmin tədbirə də dəvət
olunacağı gözlənilir. Bəs Müsavat başqanı demokratların dəvətini qəbul edib
ABŞ-a gedəcəkmi?
İsa Qəmbər bildirdi ki, ümumiyyətlə bu il yaya qədər ABŞ-a getməyi
planlaşdırırmış: “Bir sıra dəvətlər də var. Hələlik səfərimin müddətini
müəyyənləşdirməmişəm. Srağagün isə demokratların milli qurulayında iştirakla
bağlı dəvət aldım. Bu qurultay avqust ayında, respublikaçıların qurultayı isə
sentyabrda keçiriləcək. Ona görə demokratların qurultayına dəvəti
dəyərləndirirəm. Ölçüb-biçəcəyəm ki, iştirak edim, yoxsa yox. Əgər gedəcəyəmsə,
o vaxta qədərki səfərlərim necə olsun? O səfərləri də həyata keçirim, yoxsa, bu
səfərlərin hamısını birləşdirim? Yəni müxtəlif variantlar var. Yaxın günlərdə
dəyərləndirib ən uyğun qərar verəcəyəm”.
Qurultayda iştirak etmək üçün səfər xərclərinin kim tərəfindən ödənilməsinə
gəlincə, İsa Qəmbər bildirdi ki, səfər xərcləri dəvət olunanların özlərinin
üzərinə düşür.
Xatırladaq ki, demokratların qurultayına Azərbaycan müxalifətindən ancaq İsa
Qəmbərlə AXCP sədri Əli Kərimli dəvətlidir. “Səfərlə bağlı hər iki partiya
liderinin arasında müzakirə olacaqmı” sualına İsa Qəmbər belə cavab verdi:
“Dəvət məktubunu yeni almışam. Hələlik heç kimlə məsləhətləşməmişəm. Təbii ki,
imkan olsa Əli Kərimli ilə fikir mübadiləsi aparacağam. Mən çox təəssüf edirəm
ki, hakimiyyət qanunsuzluqlarından birini yenə davam etdirərək Əli Kərimlinin
pasportunu vermir. Sözün doğrusu, bu da məni düşünməyə vadar edir. Çünki 2004-cü
ildə də Demokratlar Partiyasının qurultayına dəvət almışdıq. O zaman dəvətə görə
təşəkkür məktubu göndərdim və getmədim. Ancaq Əli Kərimli getdi və Azərbaycanın
demokratik qüvvələri həmin qurultayda təmsil olundu. İndi Əli Kərimlinin pasport
problemi olduğu üçün bir az fərqli situasiya yaranır”.
Etibar SEYİDAĞA, Yeni Müsavat, 11.04.2008