Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Öncə qərarların
icra vəziyyəti və görülən işlər müzakirə edilib. Divan Gürcüstanda yaranmış
vəziyyəti ətraflı müzakirə edib və qeyd edilib ki, Cənubi Osetiyadakı separatçı
rejimin provakasiyalarının qarşısını almaq və ərazi bütövlüyünü bərpa etmək
məqsədi ilə Gürcüstan dövlətinin addımlar atdığı bir dövrdə Rusiya bu ölkəyə
qarşı iri miqyaslı təcavüzkar müharibəyə başlamışdır. Müsavat Partiyası əvvəlki
bəyanatlarında olduğu kimi Rusiyanın bu təcavüzkar mövqeyini qətiyyətlə
pisləyir, təcavüzkardan öz hərəkətlərinə dərhal son qoyulmasını tələb edir.
Partiya Divanı münaqişə bölgəsindən rus qoşunlarının çıxarılmasını, həmin
ərazilərə beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsini, bütün məsələlərin
beynəlxalq hüquq normalarına uyğun olaraq Gürcüstanın ərazi bütövlüyü
çərçivəsində həll edilməsini tələb edir.
Partiya Divanı eyni zamanda Azərbaycan hakimiyyətinin bu məsələlərə münasibətdə
mövqesizliyini tamamilə yanlış hesab edir. Analoji problemlə üzləşən
Azərbaycanın hakim rejiminin Bakı-Ceyhan neft kəmərinin raket atəşinə tutulduğu,
Poti limanının neft daşıyan qurğularının sıradan çıxarıldığı, BTC-nin Türkiyə
ərazisindəki partlayışından sonra kəmərin hələ də bərpa edilmədiyi bir vaxtda
formal bəyanatla kifayətlənməsi, Rusiya təcavüzünə münasibət bildirməməsi,
Gürcüstana zəruri dəstək verilməməsi məntiqdən kənardır.
Partiya Divanı Rusiyanın Gürcüstandakı təcavüzkar hərəkətlərinə etiraz əlaməti
olaraq Rusiya səfirliyi qarşısında piket keçirən 5
müsavatçı gəncin azad olunmasını tələb etmiş, bir daha hakimiyyəti
“Vətəndaşların Sərbəst Toplanması Haqqında” Qanunun müddəalarına əməl etməyə
çağırmışdır.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 11 avqust 2008-ci il, Bakı