MÜSAVAT BAŞQANI GƏNCLƏRLƏ GÖRÜŞDÜ
İsa Qəmbər: “Seçkidə hakimiyyəti çətin vəziyyətə salacağıq”
“Sizi Azərbaycanın gələcəyi uğrunda mübarizəyə çağırıram”
Müsavat başqanı İsa Qəmbər dünən partiyanın mərkəzi qərargahında gənclərlə görüş
keçirdi. Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş
sözü ilə Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sədri Tural Abbaslı açdı. O
qeyd etdi ki, gənclərin mövcud hakimiyyətin əməllərini sakit qarşılaması
xoşagəlməz haldır. “Gənclərin susması cəmiyyətin məhvi deməkdir. Bəllidir ki, bu
ilin payızında Azərbaycanda prezident seçkisi keçiriləcək.
Müsavat başqanı İsa Qəmbər ən real namizədlərdən biridir, hakimiyyətin əsas
rəqibidir. Biz problemlərimizin həlli üçün bu seçkidə maksimum aktiv olmalıyıq.
Mən bütün gəncləri mübarizəyə səsləyirəm”,- deyə GT sədri bildirdi.
Gənclərin qarşısında çıxış edən İsa Qəmbər onlara “sizin aranızda prezident
olmağı düşünən varmı” suallarını ünvanladı. Başqanın bu sualına cavab olaraq
cəmi 3 nəfər əlini qaldırdı. İsa bəy “bəs Şuşaya Azərbaycanın bayrağını sancmağa
hazır olan necə” soruşanda isə zaldakıların hamısı əlini qaldırdı. İsa bəy
onlara “eşq olsun” deyərək nitqini davam etdirdi: “Bu gün Azərbaycanımız
problemlər içərisindədir. Bu problemlərin həlli yolu azadlıqlardan, azadlıqlar
uğrunda mübarizədən keçir. Söz, mətbuat, sərbəst toplaşma, siyasi fəaliyyət
azadlığı, xalqın öz taleyini öz qərarı ilə həll etmək, hakimiyyəti dinc yolla
dəyişmək azadlığı olmayan yerdə başqa problemlərin həlli mümkün deyil. Bu
azadlıqlar uğrunda mübarizə isə insanlardan, hər birimizdən asılıdır. Mən ona
görə də çıxışımı suallarla başladım ki, sizin məqsədiniz, amalınız varmı,
özünüzü hansısa hadisələrə hazırlayırsınızmı? Çünki bir çox hallarda insanlarda
belə əhval-ruhiyyə hökm sürür ki, problem var, ancaq onu kimlərsə həll eləyəcək.
Məntiqlə normal mövqedir, problem varsa, kimsə onu həll eləməyə çalışacaq və onu
yoluna da qoyacaqlar. Ancaq təsəvvür edin ki, hamımız bu məntiqlə düşünək ki,
bizsiz də hər şey həll olunacaq. Bu halda biz o hərəkatı kimdən gözləyirik?
Hesab edirəm ki, hər bir insan ağılı, məntiqi ilə dərk eləsə ki, bu problemi
başqası həll edə bilər, amma hər kəs ürəyi ilə, qəlbi ilə hiss eləmədir ki, mən
olmasam Azərbaycan azad, demokratik bir ölkəyə çevrilməyəcək. Hər birimiz onu
hiss etməliyik ki, əgər mən döyüşməsəm, mübarizə aparmasam Qarabağımız, Şuşamız
azad olmayacaq. Ürəyimizdən keçməlidir ki, Əliyev rejiminə qarşı mən mübarizə
aparmasam, başqaları bunu aparmaz, mənsiz bunu edə bilməzlər”.
Gənc xanımların da hərəkatda, siyasi proseslərdə önəmli rolunun olduğunu
vurğulayan İsa bəy bununla bağlı bir neçə nümunə göstərdi: “Bu il ölkədə növbəti
prezident seçkiləri keçiriləcək. Amma inamsızlıq fəaliyyəti bir xeyli
çətinləşdirir. Siyasi qüvvələrin də bir hissəsi bu seçkilərdə iştirakı düzgün
hesab eləmir, boykota üstünlük verirlər. Biz hər bir qərara hörmətlə yanaşırıq.
Onların arqumentlərini də başa düşürük, ölkədə baş verənləri, reallıqları
bilirik. Adama elə gəlir ki, bu vəziyyətdə hakimiyyəti seçki yolu ilə dəyişmək
mümkün deyil. Mümkün deyilsə, oturaq gözləyək, görək sonra nə olur. Təbii, deyək
mübarizə aparırıq və sair. Ancaq, əgər builki seçkilərdə siyasi müxalifət
iştirak eləməyəcəksə, gələn seçkilərdə nə olacaq? Əliyevlər rejimi kövrələcək,
əməllərindən peşman olacaq? Rejim utanacaqmı ki, gör nə pis oldu, seçkiləri
saxtalaşdırdığımız üçün siyasi müxalifət seçkiyə qatılmadı, gəl bu dəfə seçkini
demokratik keçirək, hamı qatılsın. Rejim bunu edəcəkmi? Bu hakimiyyətdə utanan
üz, millət qarşısında məsuliyyət hissi varmı ki, biz də bu cür fikirləşək ki, bu
seçkilərdə iştirak etməsək gələn seçkilərdə vəziyyət dəyişəcək? Yox. Bu
hakimiyyət təbii ki, demokratik seçki görüntüsü yaratmaq istəyir. Amma
hakimiyyətin əsas qayğısı iqtidarı əllərində saxlamaq, bu milləti, ölkənin
var-dövlətini soymaq, daha da varlanmaq, zənginləşməkdir. Xalq bu hakimiyyəti
dəyişməsə, onlar öz xoşu ilə demokratikliyə, ciddi dəyişikliyə getməyəcəklər.
Yalnız mübarizə ilə vəziyyəti dəyişmək mümkündür. Mübarizədə aktivlik, hərəkət,
mövqe tutmaq deməkdir. Biz bu mübarizənin çətinliyini bilirik. Ancaq inanırıq
ki, hakimiyyəti çətin vəziyyətə sala biləcəyik. Qələbənin mümkünlüyünə də
inanırıq. Mən bircə onu etiraf edirəm ki, gənclərin fəallığı olmasa, biz bunu
bacarmayacağıq. Ona görə də məsuliyyətin bir hissəsi sizin üzərinizdədir.
Dəyişikliyə inananların sayı çoxluq təşkil eləməyə başlasa, o zaman dəyişiklik
labüddür. Buna görə biz sizdən fəallıq, hərəkət və bu hərəkətdə birgə olmağı
istəyirik. Biz bu seçkidə hakimiyyəti yerində oturtmağı bacarmalıyıq. Hakimiyyət
özünü qorxmayan kimi göstərsə də, hədyanlar danışsa da, repressiyalar həyata
keçirsə də, cəmiyyətdən və müxalifətdən qorxur. Əgər hakimiyyət qorxmasaydı,
özünə arxayın olsaydı, bu cür məhdudiyyətlərə getməzdi. Ancaq hakimiyyət
müxalifət liderlərini televiziyaya yaxın buraxmaq istəmir. Bilirlər ki, real
liderlərə efir qadağaları götürülsə, normal siyasi fəaliyyətə, sərbəst
toplaşmağa imkan verilsə, qısa müddətdə hakimiyyət dəyişəcək. Sadəcə, ölkədəki
vəziyyəti dəyişmək üçün cəmiyyətdə inamı bərpa etmək lazımdır. Mən bu il
Azərbaycanda hakimiyyətin dəyişməsinin mümkünlüyünə inanıram. Və bu yolda
mübarizə aparacam. On minlərlə müsavatçı bu yolda mənimlə bir yerdə olacaq.
Ancaq yenə təkrar edirəm ki, gənclər hərəkətə getməsələr, başqalarını
fəallaşdırmasalar vəziyyət həddən artıq çətin olacaq. Ona görə də sizi
Azərbaycanın gələcəyi uğrunda mübarizəyə çağırıram. Sizin gələcəyiniz uğrunda,
müstəqil, demokratik, firavan, bütöv Azərbaycan qurmaq uğrunda mübarizəyə
çağırıram. Tanrı Azərbaycanımızı qorusun!”.
Daha sonra çıxış edən Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki,
ölkənin ən böyük problemi indiki hakimiyyətin mövcudluğudur: “Biz hamımız bu
hakimiyyətin kənarlaşması uğrunda mübarizə aparmalıyıq. Dünya ölkələri sırasında
Azərbaycan demokratiyaya keçidə növbədə birinci yerdə dayanıb. Yəni Belorusda,
Rusiyada, Çində də demokratiya uğrunda mübarizə aparan qüvvələr var. Bizim
nikbinliyimizin başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti
dəyişikliklər istəyir. Əgər Rusiyada demokratik seçkilər olsa, yenə Putinin
dediyi adam prezident seçilər. Belarusda demokratik seçki olsa, yenə Lukaşenko
qalib gələr. Ancaq Azərbaycanda demokratik seçkilər keçirilərsə, demokratik
qüvvələr qalib gələcək, Müsavat qalib gələcək, Müsavatın namizədi İsa Qəmbər
qalib gələcək. Bunu hətta antidemokratik, saxtalaşdırılmış seçkilərin
nəticələrinə əsaslanıb deyə bilirik”.
A.Hacılı Stalin rejimi ilə Azərbaycan hakimiyyətinin apardığı siyasət arasında
bir çox oxşar cəhətlərin olduğunu dedi: “Ancaq əsas fərq ondan ibarətdir ki,
sovet xalqı Stalini sevirdi, Azərbaycan xalqı isə İlham Əliyevi sevmir. Çünki
cəmiyyətimiz kifayət qədər dünyagörünüşünə malikdir və demokratik keçidə
hazırdır. Buna mane olan ancaq hakimiyyətdir. Biz ona görə nikbinik ki,
Azərbaycanın fədakar, həbslərdən qorxmayan, repressiyalardan çəkinməyən
demokratik qüvvələri, bütün ölkə boyunca strukturlara malik və dönməz mübarizə
aparan Müsavat kimi partiyası, demokratik qüvvələrin bu ölkəni gələcəyə aparacaq
İsa Qəmbər kimi lideri var”.
Daha sonra İsa Qəmbər gənclərin çoxsaylı suallarını cavablandırdı.
Elşad MƏMMƏDLİ, Yeni Müsavat, 12.04.2008