Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantının əvvəlində Divan üzvləri Arif Hacılı və Gülağa Aslanlının cənub bölgəsinə səfərləri və yerli müsavatçılarla görüşləri haqqında məlumat dinlənilib. Partiyadaxili məsələ bölümündə Müsavatın 04.05.2008-ci il tarixində nəzərdə tutulmuş mitinqinə razılıq vermədiyi üçün Bakı şəhər İcra Hakimiyyətinin məhkəməyə verilməsi hazırlıqları nəzərdən keçirilib. Nəzərdə tutulub ki, bütün yerli məhkəmə instansiyalarını keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək.

Milli Məclisdə Seçki Məcəlləsi ilə bağlı gözlənilən müzakirələrdə partiyanın mövqeyini dəqiqləşdirmək üçün aparılan fikir mübadiləsi zamanı aydın olub ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər adı altında İlham Əliyevin imzası ilə 02 may 2008-ci il tarixli 1\149 saylı iki fərqli sənəd may ayının 8-i və 12-də millət vəkillərinə paylanıb. Bu fakt hakimiyyətin ciddi səriştəsizliyindən və məsuliyyətsizliyindən xəbər verir. Layihələrdə Seçki Məcəlləsinin daha da mürtəceləşdirilməsinə cəhd edilir. Divan təqdim olunan layihələrin qəbul olunmaması və Seçki Məcəlləsinin demokratikləşdirilməsi üçün respublikada fəaliyyət göstərən partiyalar və ictimai-siyasi qurumlarla məsləhətləşmələrin başlanmasını məqsədəuyğun hesab edir.

Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 12 may 2008-ci il, Bakı