Müsavat Partiyasının bəyanatı

Dünən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil işdən evə gedərkən bıçaqlanıb. Xatırladaq ki, bir müddət əvvəl o, zeytunluq bağında xidməti vəzifəsini yerinə yetirərkən vəhşicəsinə döyülmüşdü. İndiyə kimi həmin cinayət işi üzrə heç bir təsirli tədbir görülməyib, jurnalisti döyən şəxsin fotoşəkilləri ortada olsa da, heç kim həbs olunmayıb. Ümumiyyətlə indiyə kimi ölkədə jurnalistlərin şəxsiyyətinə qarşı törədilən bütün cinayətlər açılmamış qalıb. Təbii ki, belə cəzasızlıq mühiti cinayətkarların əl-qolunu açır, onları daha ağır cinayətlərə sövq edir.

Müsavat Partiyası baş vermiş bu hadisəni son illərdə azad sözə və müstəqil mətbuata qarşı davam edən amansız təzyiqlərin növbəti nümunəsi kimi dəyərləndirir və cinayətkarların dərhal tapılaraq həbs olunmasını tələb edir. Əgər bu cinayət işi də açılmamış qalsa, onun ən yüksək rəsmi dairələrin siyasi sifarişli ilə törədildiyinə şübhə qalmayacaq.

isagambar.az, 14.03.08, Bakı