“Seçkidən danışmağa ümumiyyətlə ehtiyac
qalmayıb”
«Müxalifətin seçkidə iştirakdan imtinası seçki prosesini ləğv edib»
Isa Qəmbər: «Hazırkı seçkiöncəsi situasiya ağlı başında olan bütün insanlar
tərəfindən eyni cür dəyərləndirilir» Məni düzgün yolda olan və birgə addımlar
atmağa gücü çatan qüvvələrin mövqeyi daha çox maraqlandırır
Seçki gününə təxminən 2 aydan az vaxt qalsa da, cəmiyyətdə seçki ab-havası hiss
olunmur. Bu dəfəki seçkinin əvvəlkilərdən köklü surətdə fərqləndiyi və
cəmiyyətin ümumiyyətlə seçki əhval-ruhiyyəsində olmaması nəzərə çarpır. Bu
baxımdan ekspertlər müxalifətin ötən həftə seçkinin legitimliyini tanımamaq
barədə imzaladığı sənədin reallıqla səsləşdiyini düşünürlər. Müsavat
Partiyasının başqanı Isa Qəmbərə də ilk sualımız qeyd etdiyimiz məsələlərlə
bağlı oldu:
- Isa bəy, bu dəfəki seçkiöncəsi vəziyyətin əvvəlki seçkilərdən nə fərqi var?
Burada hansı prinsipial məqamları qeyd etmək olar?
- 2003-cü il prezident seçkisində hakimiyyətin yaratdığı bütün məhdudiyyətlərə
baxmayaraq, ölkədə dəyişikliklərin mümkünlüyü haqqında fikir hələ mövcud idi.
Insanların dəyişikliklərə olan inamına əsaslanaraq biz çox güclü bir seçki
kampaniyası aparıb ölkədə seçki mühiti yarada bildik. Bu il isə xalqda bu
hakimiyyətin azad və ədalətli seçki keçirəcəyinə inam yoxdur. Və xalqın bu
mövqeyinə əsaslanan əsas müxalifət qüvvələrinin seçkidə iştirakdan imtina
etmələri seçki prosesini ləğv edib. Hazırda hakimiyyəti qəsb etmiş Əliyev
rejiminin öz iqtidarının ömrünü bir neçə il daha uzatmaq proseduru yaşanır. Bəzi
qüvvələr bu proseduru seçkiyə oxşatmağa cəhd göstərirlərsə də, alınmır.
Avtoritar rejimin saxta bir şəkildə keçirdiyi və cəmiyyətin maraq göstərmədiyi
seçki oyunu heç zaman önəmli bir prosesə çevrilə bilməz. Bunu da təkcə daxili
müşahidəçilər yox, beynəlxalq ekspertlər də görürlər.
- Aparıcı müxalifət partiyaları əvvəlcə seçkiləri boykot, daha sonra isə
nəticələri tanımamaq barədə bəyanat verdi. Bu iki addımın cəmiyyətdə bu cür
ab-havanın formalaşmasında nə dərəcədə rolu var? Hazırkı tendensiyalar
müxalifətin boykot qərarının baş tutduğunu deməyə əsas verirmi?
- Müxalifətin hər iki addımı bu prosesə təsir göstərib. Siyasi partiyalar
cəmiyyətin istəyinə uyğun situasiyanı dəyərləndirməyi bacarmalıdır. Aydın
məsələdir ki, siyasi partiyaların qərarları ictimai fikrə ciddi təsir göstərir
və bu amillər bir-birini tamamlayır. Artıq cəmiyyətin bu əhval-ruhiyyəsindən və
siyasi partiyaların qərarından sonra Azərbaycanda seçkidən danışmağa,
ümumiyyətlə ehtiyac qalmayıb.
Bugünkü situasiyada ən düzgün qərarları qəbul etmişik
- Müxalifətin seçkini tanımamqla bağlı vahid mövqeyi ortaya çıxandan sonra bu
qərara hakimiyyətlə yanaşı bəzi müxalifət partiyalarından da sərt reaksiya
gəldi. ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, seçkilər keçirilməmiş onun
nəticələrinə qiymət vermək düzgün deyil...
- Ayrı-ayrı siyasi qüvvələrin məsələyə yanaşmasındakı fərqlərin səbəbini
situasiyanın özündə axtarmaq lazım deyil. Çünki situasiya ağlı başında olan
bütün insanlar tərəfindən eyni cür dəyərləndirilir. Amma bu situasiyaya
yanaşmada müxtəlif siyasi baxışlar ola bilər. Buna da bir qədər sakit yanaşmaq
lazımdır. Bizim məqsədimiz bir tərəfdən ölkədə seçki keçirilmədiyini, məzhəkə
yaşandığını beynəlxalq ictimaiyyətə çatdırmaqdırsa, digər məqsədimiz hamıya
aydındır ki, ölkədə demokratik qüvvələrin bir araya gəlməsini reallaşdırmaqdan
ibarətdir. Eyni zamanda hakimiyyət də müxalifət qüvvələrinin bir araya
gəlməsindən ciddi şəkildə narahat olduğu üçün bunun qarşısını almağa və
parçalanma əhval-ruhiyyəsi yaratmağa çalışır. Hesab edirəm ki, biz buna önəm
verməməliyik. Sərdar Cəlaloğlu bu cür düşünürsə sağ olsun. Başqa biri başqa cür
düşünürsə bu da onun fikridir. Biz öz mövqeyimizi ortaya qoymuş və bugünkü
situasiyada ən düzgün olan qərarları qəbul etmişik. Hesab edirəm ki, az-çox
siyasətlə maraqlananlar üçün bizim haqlı olduğumuz hamıya aydındır.
- ACP lideri Rəsul Quliyev isə müxalifətin birgə bəyanatını şüar
adlandırıb...
- Düşünürəm ki, bunun da üzərinə çox getməyə ehtiyac yoxdur. Indiki mərhələdə
seçkilərlə bağlı mövqe müəyyənləşdirilməli, sonra da o bəyan olunmalı idi. Bizim
ilk “addımımızın heç bir əhəmiyyəti olmadığını bəyan etmək” və “müxalifətin bir
araya gəlməsi üçün mütləq bir forum keçirilməlidir, sonra əməkdaşlıq
edilməlidir” - düşünürəm bu fikirlər vəziyyətə o qədər də adekvat deyil.
Mövqelərin müxtəlif motivləri ola bilər. Bizim də bu səbəblər barədə kifayət
qədər təsəvvürümüz var. Amma biz ictimai diqqətin məhz bu məsələlər üzərində
cəmlənməsinə ehtiyac duymamalıyıq. Çünki ictimaiyyət seçkini məzhəkə hesab edir
və müxalifətin bir araya gəlməsini istəyir. Biz də bu missiyanı həyata
keçiririk. Həm seçkilərə münasibəti aydın şəkildə müəyyənləşdirdik, həm də bunu
birgə mövqe şəkilində ortaya qoymuşuq. Əgər biz həmin siyasi qüvvələrin
fikirlərini şərh etməyə başlasaq, həmin qaydada onların da rəyini öyrənməyə
başlayacaqlar. Hakimiyyətin nəzarəti altında olan siyasi qüvvələr və mətbu
orqanları da bu mövzunu aktuallaşdırmağa başlayacaqlar. Ona görə hesab edirəm
ki, biz özümüzün konkret addımlarımızla diqqəti ölkədəki demokratik
dəyişikliklərin vacibliyinə yönləndirməyi bacarmalıyıq.
- Yeri gəlmişkən, bəyanat imzalanmamışdan qabaq Rəsul Quliyevin də bu sənədi
imzalaması gözlənilirdi. Hətta partiya sədrinin müavini Yaqub Abbasov da bəyan
etmişdi ki, ACP bu addımı çoxdan atmalıydı. Nə baş verdi ki, bu reallaşmadı?
- Məni düzgün yolda olan və bu istiqamətdə birgə addımlar atmağa gücü çatan
qüvvələrin mövqeyi daha çox maraqlandırır, nəinki müxtəlif səbəblərdən bu
prosesdən kənarda qalanlar və buna arqumentlər gətirənlərin mövqeyi. Bu onların
mövqeyi və problemidir. Əgər onlar hansısa səbəblərdən birlikdə iştirak etməyə
hazır olmayıblarsa, biz onları öz problemləri ilə baş-başa buraxmalıyıq. Nə
zaman özlərinə güc tapsalar, bu birlikdə prosesə iştiraka cəlb olunarlar.
Diskussiyanı da sənədi imzalamamış siyasi qüvvələrlə aparmaq lazım deyil. Bu
diskussiya seçkiləri saxtalaşdıran, xalqın seçim hüququnu əlindən alan
cinayətkar rejim ilə, xalqın mənafeyini düşünən siyasi qüvvələr arasında
getməlidir. Qalan qüvvələr isə bu və ya başqa səbəblərdən diskussiyanın,
mübarizənin əsas xəttindən kənarda qalıblar. Mən onların hamısını qətiyyən
hakimiyyətyönlü hesab etmirəm və qınamaq fikrində də deyiləm. Zaman hər şeyi
göstərəcək. Bu prosesdən kənarda qalan siyasi qüvvələrin mövqeləri nə aparıcı
siyasi qüvvələr, nə də aparıcı media təmsilçiləri üçün aparıcı mövzu
olmamalıdır.
- Bəzi ekspertlər hesab edir ki, regionda gedən proseslərlə əlaqədar dünya
Əliyevlərin budəfəki saxtakarlığına da ciddi önəm verməyəcək. Bunun baş
verməməsi üçün müxalifət hansı addımları atmaq niyyətindədir?
- Hazırda regionda baş verən hadisələrin ikili təsir istiqamətləri var. Bir
təsir istiqamətini taktiki istiqamət adlandırmaq olar. Bu regionda demokratiya
və insan haqları ilə bağlı məsələləri arxa plana keçirib, təhlükəsizlik, ərazi
bütövlüyülə bağlı məsələlərə yönəldib. Insan haqlarına münasibətətə gəlincə isə,
burada artıq humanitar fəlakət səviyyəsinə gəlib çıxmış böyük insan
topluluqlarının taleyi məsələsi gündəlikdədir. Amma strateji baxımdan isə başqa
pozetiv bir təsir dövrü başlayıb. Baş verən hadisələr bir daha göstərdi ki,
demokratiya olmayan ölkələrin normal inkişafını təmin etmək mümkün deyil.
Demokratiyası olmayan ölkələrin müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək
həddindən artıq çətindir. Baş verən hadisələr taktiki olaraq seçkilərə diqqəti
daha da azaldırsa, digər tərəfdən ölkədə demokratiyanın, azad və ədalətli
seçkilərin önəmini qat-qat artırır. Hesab edirəm ki, müxtəlif istiqamətli
proseslər yaxın zamanlarda aydınlaşmağa başlayacaq və bölgənin demokratik
dünyanın bir hissəsi olması zərurəti daha aydın şəkildə dərk olunacaq. Biz də öz
mövqeyimiz və addımlarımızla bunun demokratik dünya tərəfindən daha tez dərk
olunmasını təmin etməyə çalışmalıyıq. Biz Müsavat Partiyası olaraq bu
istiqamətdə fəaliyyət göstəririk. Hesab edirəm ki, digər siyasi qüvvələr də
lazımı addımları atacaqlar. Bundan sonra isə biz bu addımları birgə yerinə
yetirmək niyyətindəyik.
- Türkiyə prezidenti Abdulla Gülün Ermənistan və Azərbaycana səfəri hələ də
diqqət mərkəzindədir. Gül Bakıya səfəri zamanı bildirib ki, hazırda regionda
yaranan situasiya Qarabağ problemini çözməyə imkan verir...
- Hazırda regionda mürəkkəb prosesdir. Əslində informasiya azlığı da hamımızı bu
məsələlərlə bağlı şərhlərdə diqqətli olmağımızı tələb edir. Biz Müsavat
Partiyası olaraq cəmiyyətimizin Türkiyənin Ermənistana yanaşmasında fərqli
çalarların ortaya çıxmasında narahatçılığın olduğunu gördük və bu
narahatçılığımızı da öz mövqeyimizlə ifadə etdik. Çox yaxşı haldır ki, Irəvana
səfərindən sonra Abdulla Gül həm Türkiyə mətbuatına geniş açıqlamalar verdi, həm
də Azərbaycana gələrək burada da öz mövqeyini bir daha ifadə etdi. Amma bütün
bunlara baxmayaraq yenə də düşünürəm ki, məsələyə qiymət verməyə tələsmək lazım
deyil. Hələlik biz Qarabağ probleminin çözülməyə yaxın olduğunu söyləməyə imkan
verəcək ciddi bir informasiyaya sahib deyilik. Düşünrəm ki, həddindən artıq
böyük optimizmə qapılmaq lazım deyil. Əvvəla Azərbaycan xalqı Türkiyənin Qarabağ
məsələsində fəal olmasını illərdir diqqətə gətirib. Əgər biz də bu məsələnin
həllini sülh yolu ilə görürüksə, aydın məsələdir ki, Türkiyənin vasitəçilərdən
birinə çevrilməsi üçün ən azı Ankaranın Irəvanla müəyyən münasibətlərinin olması
vacibdir. Ikinci onu nəzərə almaq lazımdır ki, Türkiyədə Azərbaycanın
maraqlarını müdafiə edən böyük bir ictimai qüvvə var. Bu baxımdan hesab etmirəm
ki, Türkiyənin Azərbaycanın maraqlarına zidd bir addım atmasından qorxmağa
ehtiyac var. Türkiyənin Ermənistana münasibətinin dəyişməyə başlamasında
regionda baş verən hadisələrin təsiri olduğu kimi eyni zamanda Azərbaycan
hakimiyyətinin regional proseslərə baxışının olmaması öz təsirini göstərib.
Digər tərəfdən hazırda Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili
və xarici qüvvələr haray-həşir qalıdırblar. Guya ki, Azərbaycana qarşı hansısa
xəyanat baş verib. Halbuki ortada bir şey yoxdur. Məncə prosesləri daha diqqətlə
izləmək lazımdır. Qalan məsələləri isə zaman özü diqtə edəcək. Hakimiyyət
balanslaşdırılmış siyasət adı altında mövqesiz xarici siyasət yürüdür
- Türkiyənin siyasətində Ermənistana münasibətdə dəyişikliyin səbəbləri ilə
bağlı müxtəlif fikirlər səslənir. Türkiyəni bu addımı atmağa vadar edən başqa
səbəblər sırasında ölkənin Avropa Birliyinə üzvlüyünü, Qərbin təzyiqini, Rusiya
ilə münasibətləri göstərmək olarmı?
- Burada hamısını təsir göstərən səbəb kimi göstərmək olar. Regionda vəziyyət
köklü surətdə dəyişib. Belə olan vəziyyətdə Türkiyənin öz mövqelərinə baxış
keçirməsi, yeni addımlar atması normal atması normaldır. Digər bir tərəfdən biz
özümüz həmişə Türkiyənin regionda fəallaşmasını istəmişik. Indi də Türkiyə bu
fəallaşmanın bəzi istiqamətlərini həyata keçirir. Eyni zamanda Ermənistan
faktiki patronu olan Rusiyadan qopmağa başlayıb. Yaranmış situasiyada Qərbin və
Avropa Birliyinin də təsiri var. Eyni zamanda Rusiya Türkiyənin regionda
fəallaşmasına o qədər də isti baxmasa da, bunu Qərbin etməsindənsə, Ankaranın
etməsinə daha müsbət baxır. Türkiyə və Ermənistan arasında münasibətlər isə heç
şübhəsiz daha ciddi fazaya Irəvanın öz absurd iddialarından əl çəkməsindən sonra
baş verəcək.
- Son vaxtlar Azərbaycana dünya siyasətində böyük nüfuza malik şəxslərin
səfərlərinin intensivləşməsi elə təəssürat yaradır ki, ölkəmizdən konkret mövqe
sərgilənməsi istənilir. Sizcə belə olan şəraitdə Azərbaycan hakimiyyətinin
diliylə desək, iqtidar balanslaşdırılmış siyasətini davam etdirə biləcəkmi?
- Azərbaycan hakimiyyəti balanslaşdırılmış siyasət adı altında mövqesiz xarici
siyasət yürüdür. Çünki bu hakimiyyətin xarici siyasət konsepsiyası yoxdur.
Hakimiyyət xarici təsirlərə açıqdır. Və haradan güclü təsir olursa həmin gücün
tələb etdiyi güzəştləri verməyə, bu barədə danışmamağa üstünlük verir. Bunu da
öz aləmlərində müdrik siyasət hesab edirlər. Mən isə bunu daha çox “dəvəquşu”
siyasəti adlandırıram. Çünki dövlətin aydın siyasəti olmalıdır. Bu siyasət də
xalqa, qonşu dövlətlərə aydın şəkildə çatdırılmalıdır. Azərbaycan hakimiyyəti
özünü regionun lider ölkəsi adlandırır. Ən azı lider ölkənin bir mövqeyi
olmalıdır. Mövqesiz ölkədən lider ola bilməz. Artıq bölgədə aydınlaşma dövrü
həlledici mərhələyə daxil olub. Tam aydınlaşma olmadan bölgənin Avroatlantik
məkana inteqrasiyası mümkün deyil. Hesab edirəm ki, Azərbaycan bu məsələdə çox
gecikib. Yaxın zamanlarda da Azərbaycanın mövqeyi bəlli olmasa, bu ölkəmizin
təhlükəsizliyinə ciddi problemlər yarada bilər. Ona görə Azərbaycanın
Avroatlantik məkana inteqrasiya və NATO-ya üzvlüklə bağlı ciddi addım atmasını
vacib sayırıq.
- Yaranmış vəziyyətdə Azərbaycan hökuməti hansı mövqedən çıxış edəcək?
- Hakimiyyətin ürəyi Moskvada olsa da, beyni Qərbdədir. Yəni cibləri Qərbə
bağlıdır. Çünki onlar Qərblə biznes qurur, Qərb şirkətləriylə əməkdaşlıq
edirlər, xalqdan oğurladıqları milyardları Qərbin banklarında yerləşdirirlər. Bu
baxımdan onlar başa düşürlər ki, Qərbsiz yaşaya bilməzlər. Bu baxımdan
hakimiyyət qeyri-müəyyənliyini maksimal dərəcədə uzatmağa çalışacaq. Əgər
beynəlxalq birlik buna dözəcəksə hakimiyyət yenə qərar qəbul etməməyə çalışacaq.
Əgər tərəflər konkret mövqe bildirmək istəsələr,ÿo zaman Əliyevər rejimi çətin
seçim qarşısında qalacaq. Və bu sualın cavabını onlar ictimaiyyətlə
məsləhətləşməmiş vermək gücündə olmayacaqlar. Əgər bu qərar məsləhətləşməmiş
veriləcəksə, o zaman Azərbaycan və öz taleləri üçün ciddi problemlər
yaradacaqlar.
Xəyal Şahinoğlu, "AZADLIQ" qəzeti, 13-14.09.2008
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1221277634&archive=&start_from=&ucat=9