Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlikdə
qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlər olub. Yığıncağın əvvəlində ötən həftə keçirilən tədbirlər, o cümlədən
şənbə günü Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) Müsavatın qərargahında
keçirdiyi forum dəyərləndirilib.
İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı müxalifətdaxili
əməkdaşlıq haqqında müzakirələr aparılıb. MƏM-in oktyabrın 18-də şəhərin mərkəzi
meydanlarından birində mitinq keçirmək üçün Bakı şəhəri İH-nə müraciət etməsi
müsbət qiymətləndirilib.
Prezident seçkilərindən sonra müxalifətin birgə fəaliyyəti imkanları və
istiqmətləri haqqında fikir mübadiləsi davam etdirilib.
Divan hakimiyyətdən 18 Oktyabr Müstəqillik gününün rəsmi dövlət bayramı kimi
qeyd edilməsini, xalqın ən müqəddəs bayramlarından birinə bu cür sayğısızlığı
aradan qaldırmağı tələb edib.
Davam edən ümumdünya iqtisadi böhranı da müzakirə edilən məsələlər arasında
olub. Bu qlobal iqtisadi böhran və onun Azərbaycana, xüsusən də maliyyə-bank
sektoruna təsiri haqqında ətraflı fikir mübadiləsi aparılıb. Divan hesab edir
ki, hökumət bu böhranın Azərbaycan iqtisadiyyatına təsiri olmayacağı haqqında
məsuliyyətsiz bəyanatlar verməyi bir kənara qoyaraq, ölkə iqtisadiyyatını bu
böhranın təsirlərindən qorumaq üçün təxirəsalınmaz təsirli tədbirlər görməlidir.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 13 oktyabr 2008-ci il, Bakı