Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadaxili məsələlərin müzakirəsi zamanı Məclisin sessiyasının vaxtı müəyyənləşdirilib. Qərara alınıb ki, sessiya 27.01.2008-ci il tarixində saat 1100-da partiyanın mərkəzi qərargahında keçirilsin.
Yığıncaqda son vaxtlar ABŞ senator və konqresmenlərinin Azərbaycana səfərlərinin intensivləşməsi qeyd olunub. İsa Qəmbər senator R. Luqar və konqresmen R. Vekslerlə görüşü barədə divan üzvlərinə məlumat verib.

Gürcüstanda keçirilmiş növbədənkənar prezident seçkilərinin gedişi və nəticələri haqqında geniş fikir mübadiləsi aparılıb. Müzakirə zamanı qeyd olunub ki, Gürcüstanda seçki ilə yanaşı NATO-ya üzvlük məsələsi ilə bağlı plebissit də keçirilib və iştirakçıların 70%-dən çoxu NATO-ya üzvlüyə müsbət cavab verib. Bu faktı müsbət qiymətləndirən Müsavat Partiyasının Divanı bir daha qeyd edir ki, Azərbaycanın da NATO-ya üzvlük haqqında rəsmi müraciət etməsinin vaxtı çoxdan çatıb və iqtidar bu sahədə əməli fəaliyyətə keçməlidir.

Divan MM-də birinci oxunuşdan keçmiş “Təhsil Haqqında Qanun”un layihəsi haqqında da müzakirə aparıb. Bir daha qeyd olunub ki, bu qanun layihəsi mükəmməllikdən çox uzaqdır və təhsil sistemində rüşvətin daha da genişlənməsi üçün geniş imkanlar yaradır.
Nazirlər Kabinetinin 11.01.2008-ci il tarixində keçirilən genişləndirilmiş müzakirəsi haqqında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkə iqtisadiyyatının inkişafı haqqında İlham Əliyevin söylədiyi rəqəmlər və fikirlər reallığı əks etdirmir. Korrupsiyanın, inhisarçılığın məngənəsində boğulan ölkə iqtisadiyyatı haqqında səsləndirilmiş rəqəmlər şişirdilmiş və saxtadır.

Yığıncağın sonunda bir sıra cari məsələlər haqqında fikir mübadiləsi aparılıb.

isagambar.az, 14 yanvar 2008-ci il, Bakı