Müsavat Partiyasının başqanı İsa Qəmbər
görkəmli yazıçı Anarı 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə
deyilir:
“Hörmətli Anar bəy!
Sizi, 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür,
cansağlığı arzulayıram.
Siz Azərbaycan ədəbiyyatının canlı klassiklərindən birisiniz. 60-cı illər ədəbi
nəslinin ən parlaq nümayəndələrindən biri kimi ədəbiyyatımıza yeni nəfəs
gətirmiş, söz sənətimizin ideoloji ehkamlardan qurtulması, həyat həqiqətləri ilə
zənginləşməsi yolunda misilsiz xidmətlər göstərmisiniz. Hələ gənc yaşlarında
yazdığınız hekayə və povestlərlə nəinki həyata yeni ədəbi baxışın başlanğıcını
qoymuş, eyni zamanda yeni oxucu nəslinin yaranmasında və formalaşmasında əvəzsiz
xidmətlər göstərmisiniz. Hər bir yenilik kimi Sizin də ədəbiyyatımıza
gətirdiyiniz yeni ruh, yeni bədii obrazlar ciddi müqavimətlərlə rastlaşır,
əsassız tənqidlərə hədəf olur. Lakin belə müqavimətlər və tənqidlər heç bir
zaman həqiqi istedadın qarşısına sədd çəkə bilməyib və bilməyəcək. İstər ədəbi
əsərlərinizdə, istərsə də kino və teatr sahəsində yaratdığınız zəngin irs bu gün
milli mədəniyyətimizin və mənəviyyatımızın iftixarıdır. Sizin qələminizdən çıxan
məqalə və esselər, xüsusilə rəhbərliyiniz altında nəşr edilən “Qobustan” dərgisi
publisistikamızın sonrakı inkişafına güclü təkan verib.
Azərbaycan cəmiyyətində Sizi həm də görkəmli bir ziyalı kimi tanıyırlar. Bir çox
çətin tarixi və milli sınaqlar dönəmində məhz Sizin mövqeyiniz proseslərin
düzgün axara istiqamətlənməsində həlledici rol oynayıb. Azərbaycan cəmiyyətinin,
bütövlükdə xalqımızın fikrinə və mövqeyinə ehtiyac duyduğu çox nadir
ziyalılarımızdan birisiniz. Bəzən ünvanınıza səslənən qərəzli yox, səmimi
tənqidlər də məhz burdan qaynaqlanır. Çünki Siz cəmiyyətin bütün kəsimlərinin
umacağı olan bir insansınız. Əlbəttə, bu çox çətin bir missiyadır, amma bu
missiyanı daşımaq şərəfini istedadınız və zəkanızla Siz özünüz qazanmısınız.
Hörmətli Anar bəy!
Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edir, şəxsi həyatınızda
xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda uğurlar arzulayıram. Ümid edirəm ki,
hələ yeni-yeni əsərlərinizlə bizi çox sevindirəcəksiniz.”
isagambar.az, 14.03.2008, Bakı