Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadaxili məsələlərin müzakirəsi zamanı başqanın 12.04.2008-ci il tarixdə müsavatçı və bitərəf gənclərlə görüşü haqqında fikir mübadiləsi aparılıb. Sonra Məclisin növbəti sessiyasının vaxtının müəyyənləşdirilməsi müzakirə edilib. Qərara alınıb ki, Məclisin növbəti sessiyası 03.05.2008-ci il tarixində keçirilsin.

Daha sonra ictimai-siyasi vəziyyətə dair müzakirələr başlayıb. Ölkə həyatının ictimai, iqtisadi və siyasi sahələrində baş verən son hadisələr və proseslərin kütləvi aksiyalara başlanılmasını zəruri etdiyi qənaətinə gələn Divan 04.05.2008-ci il tarixində mitinq keçirmək haqqında qərara gəlib. Mitinq zamanı müxalifətin və beynəlxalq qurumların təkidlərinə baxmayaraq iqtidarın Seçki Məcəlləsinə dəyişikliklər etmək istəməməsinə və bu azmış kimi seçki kampaniyası dövrünü 4 aydan 2 ayadək azaltmaq cəhdlərinə etiraz ediləcək. Mitinqə eyni zamanda son bahalaşmaya qarşı, son dövrlər vətəndaşlara məxsus ev və digər mülkiyyət obyektlərinin adekvat təzminat ödəmədən sökülməsinə qarşı da etiraz şüarları səslənəcək.

İqtidarın “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə qarşı apardığı çirkin kampaniyanı kəskin pisləyən Divan bu kampaniyanın bütövlükdə azad mətbuata qarşı aparıldığını və onun hakimiyyətin özünüifşası ilə nəticələnəcəyini qeyd edib. Bu biabırçı kampaniya zamanı Azərcell abonenti olan Aqil Xəlil və onun müdafiəsi ilə məşğul olan tanınmış şəxslərin mobil telefonlarına məlum nömrələrdən təhqiramiz mətnli SMS-lər göndərilməsinə xüsusi diqqət yetirilib. Divan rejimin azadlıqlara qarşı mübarizəsində Azərcell-in adının tez-tez hallanmasının Azərcell rəhbərliyini düşündürməli olduğunu xüsusi qeyd edib.

Divanın toplantısında sonra ADR-in 90 və Ə. Elçibəyin 70 illiyi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin yığıncağı keçirilib. Görülmüş işlər haqqında məlumat dinlənildikdən sonra komitənin sədri İsa Qəmbər üzvlərə müvafiq tapşırıqlar verib.

isagambar.az, 14 aprel 2008-ci il, Bakı