Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub.

Yığıncağın başlanğıcında Divan adından Polşada və Şərqi Avropada demokratiyanın inkişafı üçün misilsiz xidmətlər göstərmiş, bir vaxtlar Polşanın XİN başçısı kimi ATƏT-ə rəhbərlik etmiş, əfsanəvi “Solidarnost” hərəkatının qurucularından biri Bronislav Geremekin faciəli ölümü ilə bağlı başsağlığı verilib. Gündəliyin partiyadaxili məsələ bölümündə Məclisin növbəti sessiyasının vaxtı müəyyənləşdirilib. Qərara alınıb ki, sessiya 02 avqust 2008-ci il tarixdə keçirilsin. Bu sessiyada Məclisdə boş qalmış yerlərə seçkilərin keçiriləcəyi nəzərə alınaraq, iddiaçıların ərizələrinin qəbulu vaxtı 15 iyul 2008-ci il tarixindən 28 iyul 2008-ci il saat 12.00 tarixinə kimi müəyyənləşdirilib. İctimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi zamanı 11 iyul 2008-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilmiş piketin nəticələri təhlil olunub. Piketin dağıdılması və bu zaman polislərin gözü qarşısında mülki geyimli adamların piket iştirakçılarına qarşı zor işlətmələri qətiyyətlə pislənilib və belə hallara son qoyulması tələb olunub.

Divanın yığıncağının əsas müzakirəsi Müsavat Partiyasının Prezident seçkilərinə hazırlığı ilə bağlı olub. Bu yöndə görülən işlər və ölkədəki mövcud ictimai-siyasi vəziyyət ciddi təhlil edilib.

Axırda bir sıra cari məsələlərə baxılıb.

isagambar.az, 14 iyul 2008-ci il, Bakı