MÜSAVAT CÜMHURİYYƏTİN 90 İLLİYİ İLƏ BAĞLI TƏDBİRLƏRƏ BAŞLADI
İsa Qəmbər AXC-ni və Rəsulzadəni hədəfə götürənlərə sərt ismarıclar yolladı

Dünən Müsavat Partiyası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunan tədbir keçirdi. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirə sədrliyi Müsavat başqanı İsa Qəmbər edirdi. Azərbaycanın dövlət himninin canlı ifa edilməsi ilə başlanan toplantıda giriş sözü ilə İsa Qəmbər çıxış etdi. Müsavat Partiyasının ötən ilin sonlarında 2008-ci il ilin Cümhuriyyət ili elan olunması barədə qərar verdiyini xatırladan İsa Qəmbər toplantının həmin tədbirlər silsiləsindən olduğunu bildirdi.

“İl ərzində belə tədbirlərimiz davam edəcək. İstəyirik ki, bugünkü tədbirimizdə Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycanın dövlətçiliyinin, demokratiyanın qədrini bilən, Azərbaycanı sevən ziyalılarımız, mütəxəssislərimiz, ictimai-siyasi xadimlərimiz, gənclərimiz diskussiyalarda fəal iştirak etsinlər. Bu tarixi hadisələrə qiymət versinlər. Bu tarixi hadisədən çıxaracağımız nəticələr barədə fikir mübadiləsi aparsınlar”.

Azərbaycan tarixində Demokratik Cümhuriyyətin yaranmasını ən şərəfli günlərdən biri kimi təqdim edən İsa Qəmbər qeyd etdi ki, bu öz unikallığına görə bəlkə də yeganəsidir: “Təbii ki, bizim tariximizdə çox möhtəşəm hadisələr olub. Yadellilərə qarşı böyük xalq üsyanları təşkil edilib, böyük dövlətlər, imperatorluqlar qurmuşuq, xalqımız tarixin müxtəlif mərhələlərində böyük fədakarlıqlar göstərib. Ancaq bu və ya başqa şəkildə bu hadisələrin hamısı başqa xalqlar tərəfindən də bizdən əvvəl və ya sonra edilə bilərdi. Ancaq Şərqdə, İslam aləmində ilk cümhuriyyəti məhz bizim xalqımız qurub. Bu, Azərbaycanın və bütövlükdə bölgənin gələcəyinə həlledici dərəcədə təsir göstərmiş bir hadisədir. Biz müsavatçılar üçün bu hadisənin dəyəri bəlkə də daha böyükdür. Təkcə ona görə yox ki, Müsavat qurucularına böyük liderimiz Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edib. Təkcə ona görə yox ki, cümhuriyyət nəinki ictimai şüurda, hətta ədəbiyyatda da Müsavat hakimiyyəti kimi təqdim olunub. Həm də ona görə ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə müsavatçılıq bir-birinə sıx surətdə bağlıdır. Xalq Cümhuriyyəti, əslinə qalsa, müsavatçılıq ideologiyasının ən böyük məhsuludur. Demokratik respublika müsavatçılığın Azərbaycan xalqına ən böyük töhvəsidir. Eyni zamanda başqa da çox önəmli bir cəhət var ki, 100 ilə yaxın tarixi olan müsavatçılıq ideologiyası yüz ilin demək olar ki, bütün mərhələlərində məhz ideya şəklində mövcud olub. Ancaq 1992-1993-cü illər bir illik milli hakimiyyəti nəzərə almasaq-əslinə qalsa onu da nəzərə almalıyıq-yalnız 1918-1920-ci illərdə müsavatçılıq artıq həyata tətbiq olunub, təcrübədə sınaqdan keçirilib. Bir var təkliflər, ideyalar, bir də var ki, onların həyata keçirilməsi üçün imkan yarananda həmin qüvvənin onu nə cür etdiyi ortaya çıxsın. Bu baxımdan 1918-1920-ci illər təcrübəsi yenə də əvəzedilməzdir. Həmin dövrün təcrübəsini öyrənəndə görürük ki, doğrudan da istiqlalın qorunması yolunda misilsiz fədakarlıq göstərilib, fərdin azadlığı sahəsində həddən artıq böyük prinsipiallıq nümayiş etdirilib. Bu günə də örnək ola biləcək bir sıra tarixi islahatlar həyata keçirilib. O zaman əməyin azadlığı deyilən, əslində iqtisadi azadlıq kimi başa düşülən istiqamətdə də dövlətin edə biləcəyi hər şey edilib. Yəni həmin illər müsavatçılığın təkcə bir arzu, ideya, xəyal olmadığının, onun gerçək həyata tətbiq edilə biləcəyinin sübutudur”.

Müsavat başqanı cümhuriyyəti quranları nəhəng şəxsiyyətlər adlandırdı: “Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və digərləri. Onlar Azərbaycanın hər bir ictimai, siyasi xadiminin örnək ala biləcəyi şəxsiyyətlərdir. Ancaq bu şəxsiyyətlərin də içində fərqlənən bir şəxsiyyət var ki, o da Məhəmməd Əmin Rəsulzadədir. Təsadüfi deyil ki, adını çəkdiyim nəhəng şəxsiyyətlər öz liderləri kimi məhz Rəsulzadəni müəyyənləşdiriblər. 34 yaşlı cavan, möhtəşəm keyfiyyətlərə malik bir insanı özlərinə lider seçiblər. Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarından həyatını Azərbaycan xalqının azadlığına həsr etmiş bir insandır. Heç kim qalxıb gənclik illərindən NKVD-yə xidmət edən birisini onunla müqayisə eləməsin. Heç kim qalxıb gəncliyini Moskvanın, İstambulun dəri alveri dükanlarında, kazino, oyun obyektlərində keçirən adamları Rəsulzadə yüksəkliyinə qaldırmağa cəhd göstərməsin. Rəsulzadənin etdiklərinin mində birini etsinlər, ondan sonra Rəsulzadə və o dövrün digər nəhəng şəxsiyyətləri haqqında fikir yürütmək haqqını qazansınlar.

Demokratik Cümhuriyyət və onun qurucuları xalqımızın ən böyük dəyərləridir. Bu dəyərlərin, əslinə qalsa, bizim fikirlərimizə ehtiyacları yoxdur. O tarix yaşanıb, həmin böyük şəxsiyyətlər xidmətlərini, fədakarlıqlarını millətə ediblər. Biz o dövrə və həmin şəxsiyyətlərə münasibət bildirərkən öz dəyərimizi müəyyənləşdiririk, özümüzün onların varisi adlandırılmağımıza haqqımızın olub-olmadığını ortaya qoya bilirik. Bu baxımdan son vaxtlar hakimiyyət dairələrində həmin dövrə və şəxsiyyətlərə qarşı hücum kampaniyasından qətiyyən narahat deyiləm. Qısa bir müddətdə cəmiyyətin bu hücumlara münasibəti bəlli oldu.

Mütəxəssislərimiz, alimlərimiz, partiyalar, gənclər öz mövqelərini ortaya qoydular. Bəlkə də hakimiyyət bu səhv addımı ilə bir daha xalqımıza o dəyəri xatırlatdı. Biz qətiyyən o fikirdə deyilik ki, cümhuriyyət dövrü araşdırıla, tənqid oluna bilməz. Əksinə, biz geniş şəkildə araşdırılmasının tərəfdarıyıq. Baxmayaraq ki, cümhuriyyət dövrü alimlərimiz tərəfindən çox ciddi şəkildə araşdırılıb. Şirməmməd Hüseynov başda olmaqla bir çox alimlərimiz o dövrün və müsavatçılığın araşdırılması istiqamətində ciddi işlər görüblər. Əslinə qalsa, prinisipial məqamlar ortaya qoyulub. Bütün bunlara baxmayaraq yenə də diskussiyalara hazırıq. Lakin Xalq Cümhuriyyətinin əhəmiyyətini azaltmağa, müsavatçılığın mahiyyətinin təhrifinə yönəlmiş cəhdlərə yol verilə bilməz. Hər kəs əmin olsun ki, Müsavat Partiyası bu dəyərlərə hücum etməyə heç kimə imkan verməyib və verməyəcək!”

Millət vəkili, professor Cəmil Həsənli çıxışına Azərbaycan Xalq Cümhuriyyəti irsi ilə ilk məşğul olanlardan biri kimi tanınmış ziyalı Mövsüm Əliyevi xatırlamaqla başladı: “Bu adamın xidmətləri böyükdür. Heç kim hələ respublika daxilində Xalq Cümhuriyyəti və onun quruclarının irsinin araşdırılması ilə məşğul olmayanda Mövsüm Əliyev Vətən Cəmiyyətinin “Odlar Yurdu” qəzetinin hər nömrəsində ADR liderlərinin həyat və fəaliyyəti ilə bağlı yazılar verirdi. Cümhuriyyət irsinin araşdırılmasında ən böyük xidmətləri olan Şirməmməd Hüseynovun adını xüsusi hörmətlə anmaq istəyirəm. Bəzən mənə elə gəlir ki, Şirməmməd müəllim mənəvi cəhətdən cümhuriyyət dövrünün adamlarının ömrünü davam elətdirir”.

Xalq Cümhuriyyəti dövrünü Azərbaycan xalqının mənəvi xəzinəsi adlandıran C.Həsənli xalqımızın həmişə asılılıqla müstəqillik arasında böyük bir mücadilə dövrü keçdiyini qeyd etdi: “Cümhuriyyətin elan olunması əslində həm siyasi, həm mənəvi baxımdan Azərbaycan xalqının müstəqilliyinin elan edilməsi idi. Baxmayaraq ki, 70 illik sovet dövrü oldu, ancaq bu dövrdə də formal olsa da Azərbaycan öz müstəqilliyini saxladı. Rəsulzadə təsadüfən demirdi ki, Azərbaycan coğrafi linqivistik kəlməykən biz ona siyasi məzmun verdik, sözün həqiqi mənasında tarixin sınağından çıxdı. Tarix cümhuriyyət liderlərinin doğru yolda olduqlarını əyani şəkildə təsdiq etdi. Ümumiyyətlə, biz Azərbaycanın 19-20-ci əsr tarixinə diqqət yetirsək, azərbaycanlılar ictimai prosesdə bir neçə ilk addımların müəllifi olublar. Bu ilk qəzetdə, ilk teatrda, ilk operada, ilk cümhuriyyətdə özünü göstərib. Amma bütün bu ilklərin bünövrəsində duran bir ilk var. O da İslam ümmətçiliyindən türk millətçiliyinə tarixi keçidin məhz Azərbaycanda baş verməsi idi. Qalan bütün ilklərin hamısı bununla bağlıdır”.

C.Həsənli vurğuladı ki, 1914-cü ildə “Dirilik” jurnalında silsilə yazılarında müstəqil dövlət yaratmağın hədəf olduğunu ilk dəfə nəzəri cəhətdən əsaslandıran Məhəmməd Əmin Rəsulzadə olub: “Rəsulzadə bununla da millətin gedəcəyi yolu müəyyənləşdirdi. Cümhuriyyət liderlərinin hamısı bizim üçün müqəddəsdir. Lakin Məhəmməd Əmin Rəsulzadə hamısının önündə gedir”.

Müsavat başqanının müavini, tarixçi-alim Məryəm Oruclu hakimiyyətin son vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə apardığı kampaniyanın məqsədli şəkildə həyata keçirildiyindən danışdı: “Bu kampaniyada Cümhuriyyət dövrünün araşdırmaçılarından yox, daha çox digər mütəxəssislərdən, tamamilə başqa dövrlərin araşdırmaçılarından istifadə olunur. Həmin tədqiqatçılar da ya bilərəkdən, ya da bilməyərəkdən İrəvanla bağlı Milli Şuranın qərarını cinayət səviyyəsinə qaldırmağa cəhd edirlər. Həmin dövrün şərtlərini nəzərə almayan bu cür tədqiqatçılar Rəsulzadə başda olmaqla Xalq Cümhuriyyətinin liderlərinin zəhmətlərini heçə endirmək istəyirlər. Onlar fərqində deyillər ki, həmin dövrdə hətta Azərbaycan sözündən söhbət gedə bilməzdi. Azərbaycan quberniyalar şəklində Rusiya imperiyasının tərkibində idi. 1917-ci ildə Müsavat Partiyası Azərbaycan muxtariyyəti məsələsini qaldıranda çox acı bir həqiqət ortaya çıxmışdı. İrəvan ərazisində yaşayan nə ermənilər, nə ruslar, nə də digər qüvvələr hətta Azərbaycan xalqının, Azərbaycan muxtariyyətinin mövcudluğu ilə razılaşmaq istəmirdilər. 1918-ci ilin mart qırğınları, Bakı quberniyasının digər ərazilərində olan soyqırım siyasəti də məhz bununla bağlı idi. Azərbaycan Xalq Cümhuriyyəti bu cür dəhşətli ağır dövrdə yaradıldı. Onun yaranması Azərbaycan xalqının, Azərbaycan adlı dövlətin varlığını dünyaya təsdiq etdi. Sovet dövründə Azərbaycan Respublikasının mövcudluğunun qəbul edilməsi də məhz buna bağlıdır”.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Kamran Məmmədli təmsil olunduğu qurumun Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif tədbirlər həyata keçirdiyini bildirdi: “Ümumi tariximiz üçün çox gərəkli araşdırmalar aparılır. İmkanlarımız məlum səbəblərdən məhdud olsa da bacardığımızı edirik. Cümhuriyyətimizin tarixi ilə bağlı aparılan tədqiqatlar daha da genişləndirilib. Cümhuriyyətin əleyhinə olan fikirləri tarix haqqında məlumatı olmayan, qeyri-peşəkar adamlar səsləndirirlər”.

Millət vəkili Pənah Hüseyn bildirdi ki, ADR-in ən böyük tarixini yazanlar onun qurucuları idi: “Bizim nəsil üçün ilkin dövrdə nümunə xalq cümhuriyyətinin qurucularına milli öndər Əbülfəz Elçibəyin münasibəti olmuşdu. Əbülfəz Elçibəy deyirdi ki, biz yeni bir dövlət yaratmırıq. Dövlətimizi, müstəqilliyimizi bərpa edirik. Əbülfəz bəy 1990-1991-ci illərdə bəyan etdi ki, bizə heç bir yeni ideologiya lazım deyil. Çünki bizim milli ideologiyamız ortadadır. O müsavatçılıq ideologiyasıdır. Böyük öndər axtarışları gedirdi. Əbülfəz Elçibəy məsələni qəti şəkildə qoydu ki, bizim milli öndərlərimiz məlumdur. Bu, Məmməd Əmin Rəsulzadə başda olmaqla Müsavatın və Xalq Cümhuriyyətinin qurucularıdır. Biz nəsil cümhuriyyətimizə, liderlərimizə layiq olmalıyıq. Layiq olsaq sahib də durmuş olacağıq. Çünki sahib durmaq üçün mütləq ona layiq olmaq lazımdır”.

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bildirdi ki, Cümhuriyyət tarixi təkcə Müsavat Partiyasının tarixi deyil: “Hörmətli İsa bəy sağ olsun. O, Əhrarla Müsavatın tarixi müttəfiqliyini qeyd elədi. Cümhuriyyətin qurulmasında Əhrar Partiyasının da tarixi rolu olub. 1918-ci ildə Zaqatala Məclisinin qərarı ilə Zaqatalanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini qeyd etmək istərdim”.

V.Hacıbəyli İlham Əliyevin bir qədər əvvəl İrəvanın Azərbaycan torpaqları olduğu barədə bəyanatının doğru olduğunu dedi: “Bu məsələdə müxalifətçilik olmamalıdır. Onun öz sözündən tutub Milli Məclisdə müzakirələrin aparılmasına və beynəlxalq şüura Ermənistan torpaqlarının tarixi Azərbaycan torpaqları olduğunu yeritməyə nail olmaq lazımdır”.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu nihilizmin hökm sürdüyü dövrdə cümhuriyyət qurucularının addım ataraq qəhrəman Azərbaycanlı obrazını ortaya qoyduqlarını bildirdi: “Bundan başqa onlar çətin bir dövrdə bayraq ortaya qoya biliblər, milli kimlik obrazını konvertləşdiriblər. O zaman üçün bu çox çətin məsələ idi”.

Tanınmış jurnalist Sevil Nuriyeva bildirdi ki, Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə iki hissəli sənədli filmin hazırlanmasına başlayıblar: “Mən, Qulu Məhərrəmli və Zeynal Məmmədli yaradıcı qrup halında Xalq Cümhuriyyəti ilə bağlı iki hissəli sənədli filmin hazırlanmasına başlayırıq. Bu filmin nümayişini Türkiyənin dövlət və iki özəl televiziyasında həyata keçirəcəyik”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Rəsulzadənin müdafiəsinə bütün siyasi qüvvələri öz canlarını qabağa verməklə qalxmağa çağırdı: “Siyavuş Novruzov kimdir ki, desin Rəsulzadə kimdir, Elçibəy qaçıb”.

Tarixçi-alim Sabir Məmmədli Rövşən Məmmədlinin çıxışlarından sonra tədbir yekunlaşdı.

Etibar SEYİDAĞA, "Yeni Müsavat", 16.02.2008