Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Partiyadaxili məsələ bölümündə Müsavat Qadınlar Təşkilatının ümumi yığıncağına
hazırlığın gedişatı haqqında məlumat verilib.
M. Ə. Rəsulzadənin 125 illik yubiley tədbirlərinin keçirilməsi üzrə Təşkilat
Komitəsi yaradılıb və müvafiq qərarlar qəbul edilib.
QAT sədri Akif Nağının “Yeni Müsavat” qəzetinin köşə yazarı, tanınmış jurnalist
Zamin Hacıya qarşı zorakılıq etməsi kəskin şəkildə qınanılıb, bu, azad sözə və
jurnalist azadlığına qəsd kimi qiymətləndirilib. Qeyd edilib ki, Akif Nağının
əməlinin yekdil ictimai qınağa məruz qalması müsbət haldır, bu, cəmiyyətin
mətbuata, tənqidə dözümlü və sayğı ilə yanaşmasına təsir edəcək.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə müxalifətin əməkdaşlığı ilə
bağlı məsləhətləşmələrin gedişi müzakirə edilib.
Divan Güneyli xanım jurnalist Şahnaz Qulaminin həbs edilməsinə də münasibət
bildirib. Qeyd edilib ki, Şahnaz Qulami milli-azadlıq hərəkatının fəallarından
olan Qulamrza, Kərim və Cəfər Əmanilərin müəmmalı avtomobil qəzası nəticəsində
həlak olmalarını araşdırmış və bunu ETTELAAT-ın keçirdiyi əməliyyat olduğunu
bildirmişdi. O da qeyd olunub ki, Güneyli soydaşlarımızın hüquqularını qoruduğu
üçün Şahnaz xanım bundan əvvəl də 5 il həbsdə yatıb. Divan İranda soydaşlarımıza
qarşı aparılan repressiyaları qətiyyətlə pisləyib və Şahnaz xanımla birlikdə
siyasi əqidəsinə görə həbsə atılmış digər soydaşlarımızın azad olunmasını tələb
edib.
Yığıncağın sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 15 dekabr 2008-ci il, Bakı