Müsavat Partiyasının bəyanatı
Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycanala bağlı
sərt qərarların çıxarılacağı ərəfədə hakimiyyət orqanları özlərinin onsuz da
təmiz olmayan imicinə xələl gətirən hərəkətləri davam etdirməkdədirlər. Bu
günlərdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin
Hüseynov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəhbərliyi
tərəfindən döyülərək, ciddi xəsarət alıb. Hazırda Mərkəzi Klinik Xəstəxanasının
reanimasiya şöbəsində müalicəsi davam etdirilən Emin Hüseynova qarşı rörədilən
bu vəhşilik hərəkəti ölkə ictimaiyyətində ciddi qəzəb hissi doğurub. Söz və
Mətbuat nümayəndələrinə qarşı repressiyaların və polis özbaşınalığının davam
etdirilməsi ölkədə yaranmış ağır vəziyyətin təzahürü kimi qiymətləndirilir.
Müsavat Partiyası jurnalist hüquqlarının pozulmaqda davam etdiyini qətiyyətlə
pisləməklə hakimiyyət orqanlarından söz və mətbuat azadlığı ilə bağlı qanunlara
riayət edilməsini, Emin Hüseynova qarşı zor tətbiq edənlərin məsuliyyətə cəlb
edilməsini tələb edir. Partiya hesab edir ki, nəhayət bu ölkədə jurnalistlərin
hüquq və azadlıqları təmin edilməli, söz və mətbuat azadlığına sözdə deyil, işdə
əməl edilməlidir.
isagambar.az, Bakı, 16 iyun 2008-ci il