Müxalifətin Əməkdaşlıq Mərkəzinin 15 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı ilkin
RƏYİ
Azərbaycan hakimiyyəti ölkədə demokratik cəmiyyətin qurulması istiqamətində
fəaliyyət göstərdiyini bəyan etsə də, əslində, ölkədə avtoritar sistemin
möhkəmləndirilməsi, demokratik institutların təqib edilməsi və bəzi hallarda
sıradan çıxarılması siyasətini davam etdirir.
Avropa Şurası, ATƏT və digər nüfuzlu təşkilatların da təsdiq etdiyi kimi son
illərdə ölkəmizdə keçirilmiş (prezident, parlament, bələdiyyə, referendum)
seçkilərin heç biri beynəlxalq standartlara cavab verməmişdir.
Seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa
Şurası, ABŞ Dövlət Departamenti, Avropa Birliyinin və digər nüfuzlu beynəlxalq
qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə
alınmamışdır.
Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə
Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə
demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata
keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, ölkədə seçkiqabağı
şərait azad və ədalətli seçkilərin keçirilməsi üçün minimum tələblərə cavab
verməmişdir.
Qeyd edilənləri, eləcə də azad rəqabətə əsaslanan normal seçki kampaniyası
aparılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, ölkənin əsas müxalifət
partiyaları 15 oktyabr 2008-ci il prezident seçkilərində iştirak etməmişlər.
SEÇKİQABAĞI MÜHİT
Ötən prezident seçkilərindən sonra müxalifət partiyalarının sərbəst
fəaliyyətinə maneçiliklər törədilmiş, bir sıra partiyaların və mətbuat
orqanlarının (Müsavat, AXCP, “Azadlıq” qəzeti, “Turan” informasiya agentliyi)
qərargahları əlindən alınmış, bu qurumların fəaliyyət şəraiti administrativ
müdaxilə nəticəsində pisləşmişdir.
Vətəndaşların sərbəst toplaşma hüququ, demək olar ki, ləğv edilmişdir. 2005-ci
il parlament seçkilərindən sonra müxalifət partiyalarının, ictimai təşkilatların
yürüşlər, mitinqlər, piketlər keçirmək üçün yerli icra hakimiyyəti
strukturlarına müraciətləri heç bir ciddi əsas göstərilmədən və ya müvafiq icra
hakimiyyəti strukturunun belə tədbirin keçirilməsini məqsədəuyğun saymadığını
bildirilməklə, “Sərbəst toplaşma azadlığı haqqında” qanuna zidd olaraq rədd
edilmişdir.
Bir çox hallarda siyasi partiyaların öz təşkilati yığınjaqlarının keçirilməsinə
polis müdaxiləsi yolu ilə imkan verilməmişdir.
Müstəqil mətbuat təzyiq və təqiblərlə üzləşmişdir. Bəzi populyar müstəqil
qəzetlər hakimiyyət strukturlarının təzyiqi altında bağlanmış, 10-dan artıq
müstəqil jurnalist həbs edilmişdir. 3 tanınmış jurnalist (onlardan 2-si aparıcı
müxalifət qəzetlərinin baş redaktorlarıdır) hələ də həbsdədir.
Azərbaycan ictimaiyyətinin və Avropa Şurasının tələbləri ilə yaradılmış İjtimai
Televiziya ölkədə siyasi plüralizmi təmin etmək əvəzinə, faktiki olaraq, ölkədə
mövcud olan digər televiziya kanalları kimi daha çox hakimiyyəti təbliğ etmək və
kommersiya fəaliyyəti ilə məşğuldur.
Ölkədə fəaliyyət göstərən siyasi və ictimai təşkilatların, beynəlxalq qurumların
ardıcıl və uzunmüddətli səylərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll
edilməmişdir.
SEÇKİ QANUNU
Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli
sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri
əsasən yerinə yetirilməmişdir. Seçki komissiyalarının formalaşması qaydası və
müşahidənin təşkili ilə bağlı olan qüsurların yerli siyasi və ictimai
təşkilatların, o cümlədən beynəlxalq qurumların təkidlərinə baxmayaraq aradan
qaldırılmamışdır. Bunun nəticəsində MSK-da daxil olmaqla bütün seçki
komissiyaları həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında olaraq
qalmışdır.
Seçki kampaniyası ərəfəsində Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər
ölkənin aparıcı siyasi qüvvələri və bir sıra beynəlxalq təşkilatlar neqativ
dəyişikliklər kimi dəyərləndirmişlər. Belə ki, seçki kampaniyası dövrünün 120
gündən 75 günədək, təbliğat kampaniyası dövrünü isə 60 gündən 28 günə
endirilməsi, prezidentliyə namizədlərin televiziya vasitəsilə təkbaşına birbaşa
çıxışlarının ləğv edilməsi, təşviqat materiallarının yayılmasının
məhdudlaşdırılması, namizədlərin qeydə alınmasının qarantiyası olan seçki
depozitinin qoyulması qaydasının qanundan çıxarılması və digər dəyişikliklər
hakimiyyət namizədinin alternativi olan namizədlərin təbliğat imkanlarını ciddi
surətdə məhdudlaşdırılmasına şərait yaratmışdır.
TƏBLİĞAT KAMPANİYASI
Bərabər hüquqlu təbliğat imkanları prinsipi kobud sürətdə pozulmuşdur. Bütün
seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən televiziya kanallarının
əksəriyyəti hakimiyyətin namizədinin təbliği, müxalifətə qarşı təbliğat, təhqir
və böhtanlarla məşğul olmuşdur.
Ölkənin dövlət kanalında hər hansı bir namizədin təbliğat kampaniyasının
aparılması qadağan edilsə də, ölkə başçısının fəaliyyətinin təbliğinə həsr
olunmuş çoxsaylı və uzunmüddətli verilişlər həmin televiziya kanalını faktiki
olaraq hakimiyyət namizədinin təbliğat ruporuna çevirmişdir.
Özəl televiziya kanallarının əksəriyyəti seçki kampaniyasında bu və ya digər
şəkildə iştirakdan imtina etdiklərini bildirməklə digər namizədlərin hüquqlarını
pozmuş, ənənələrinə uyğun olaraq, dövlət başçısının və hakimiyyətin siyasətinin
təbliğatını davam etdirmişlər. ANS kanalında bütün namizədlərin fikirlərinin
cəmiyyətə çatdırılması üçün ayrılan vaxt çox məhdud olmuşdur.
Respublikanın bütün şəhər və rayonlarında özəl müəssisələrdə, ticarət
obyektlərində hakimiyyət namizədinin təşviqat materialları yerləşdirilmiş, digər
namizədlərə isə belə imkan yaradılmamışdır.
Seçki Məcəlləsinin və beynəlxalq hüququn tələblərinə rəğmən administrativ resurs
seçki kampaniyasında hakimiyyət namizədinin müdafiəçisi kimi fəal iştirak
etmişdir.
İjra Hakimiyyəti strukturları, nazirliklər, polis, ədliyyə orqanları nəyinki
leqal şəkildə hakimiyyət namizədini təbliğ etmiş, eyni zamanda onun seçki
kampaniyasında əsas təşkilati işləri öz üzərinə götürmüşdür.
SEÇKİ GÜNÜ
Seçki Məcəlləsinə uyğun olaraq respublika ərazisində 125 seçki dairəsi, 5359
seçki məntəqəsi yaradılmışdır.
Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatların (AXC, Liberal,
Müsavat, Vətəndaş və İnkişaf partiyaları və “Azərbaycan Naminə İctimai Forum”)
müstəqil olaraq seçki məntəqələrində seçkiləri müşahidə edən çoxsaylı
nümayəndələri tərəfindən verilən məlumata əsasən seçki günü qanun pozuntuları və
saxtakarlıqlar davam etdirilmişdir.
Seçki məntəqələrində səs vermə başlamazdan əvvəl seçki bülletenləri
müşahidəçilərin nəzarəti altında sayılmamış və bu barədə akt tərtib
edilməmişdir.
Seçicilərin seçki məntəqələrinə icra hakimiyyəti strukturları işçilərinin
nəzarəti altında avtobus və digər minik maşınlarında gətirilməsi kütləvi hal
almışdır.
İcra hakimiyyəti və bələdiyyə strukturları tərəfindən ölkənin bütün ərazisində
“karusel” metodundan istifadə edilməklə, ayrı-ayrı seçici qruplarının bir neçə
seçki məntəqəsində səs verməsi təşkil edilmişdir.
Bir çox seçki dairələrində Mənzil-İstismar İdarəsinin işçiləri, yerli bələdiyyə
nümayəndələri, işıq və qaz idarəsi işçiləri (Gəncə, Ağstafa, Sabirabad, Yevlax,
Binəqədi və s.), polis (Tərtər) tərəfindən seçicilərin evlərindən çağırılaraq
seçki məntəqələrinə səsvermə üçün aparmaları kütləvi hal almışdır.
İnsanların kütləvi surətdə toplaşdığı bazarların (Bakı şəhəri 7-ci mikrorayon
ərazisindəki “Bolluq” bazarı, “Şərq” bazarı), yarmarkaların (Gəncə şəhəri) polis
tərəfindən bağlanaraq, ora gələnlərə məntəqəyə gedərək səs vermələri və bu haqda
bildirişin arxasına möhür vurduraraq, geri qayıtmaları tələb olunmuşdur.
Bir sıra seçki məntəqələrində müşahidəçilər üçün seçici siyahılarına imzaların
atılması, seçiciyə seçki bülleteninin verilməsi və seçki bülleteninin seçki
qutusuna atılması prosesinin müşahidə edilməsi mümkün olmayan ayrıca yerlər
ayrılmışdır.
İctimai təşkilatlar adından “exit-poll” aparan şəxslər məktəbin müəllimləri və
mənzil-istismar idarəsinin işçiləri olmuşdur (Xətai, Yasamal və s.). Bu şəxslər
hansı təşkilatı təmsil etdiklərini belə bilməmiş, bu işi məktəb rəhbərliyinin və
MİS işçilərinin göstərişi ilə yerinə yetirdiklərini bildirmişlər ki, bu da
“exit-poll”ların hakimiyyət strukturları tərəfindən təşkil edildiyini təsdiq
edir.
Seçkilərdən xeyli əvvəl çağırışçı yaşında olan gənclərin hərbi çağırışı həyata
keçirilsə də, seçki gününədək hərbi xidmətdən tərxis olunmaları təxirə salınmış
əsgərlərin yalnız səs verdikdən sonra evə buraxılmasına göstəriş verilmişdir.
124 saylı seçki dairəsinin 68 saylı seçki məntəqəsində seçici siyahısında adı və
bu ərazidə qeydiyyatı olmayan şəxslər səs vermişlər. Seçki komissiyasının
sədrindən bu qanunsuzluğun səbəbini soruşduqda “bu, prezidentin fərmanı ilə
həyata keçirilir, seçkilər sərbəstdir, kim istəsə harada istəsə səs verə bilər”
cavabını vermişdir. Belə hallar digər seçki dairələrində də təkrarlanmışdır.
1800 nəfərdən artıq Azərbaycan vətəndaşının işlədiyi “DİA” və “ASKAD”
şirkətlərinin rəhbərliyi oktyabrın 16-da işə gələrkən barmaqlarında olan
mürəkkəbin ultrabənövşəyi şüaları yoxlayan cihazla yoxlanılacağını, barmağında
mürəkkəb aşkar edilməyən işçinin işdən azad olunacağını bildirilmişdir.
Xətai rayonu ərazisindəki seçki məntəqələrində Seçki Monitorinq Mərkəzinin
müşahidəçilərinin şəxsiyyət vəsiqələri əllərindən alınmış, onlar seçki
məntəqələrindən çıxarılmışlar.
16 saylı Yasamal ikinci seçki dairəsinin Bakı Dövlət Universitetinin binasında
yerləşən 11 saylı seçki məntəqəsindən verilən məlumata görə, məntəqə seçki
komissiyasının sədri və üzvləri universitetin binasının qarşısında gəzintiyə
çıxan adamlar belə, seçki məntəqəsinə dəvət edilərək, onlar üçün təkrar səs
verməyə şərait yaradılmışdır.
Çoxsaylı müstəqil müşahidəçilərin Müxalifətin Əməkdaşlıq Mərkəzinə verdiyi
məlumata əsasən, seçkilərdə iştirak edən seçicilərin sayı 20 faizdən az olmuş,
seçicilərin seçkilərdə iştirak faizi hakimiyyətin nəzarəti altında olan seçki
komissiyaları tərəfindən 3 dəfədən çox artırılmışdır.
NƏTİCƏ
1) 15 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikası prezidenti
seçkiləri demokratik və ədalətli olmamışdır.
Prezident seçkiləri ərəfəsində ölkədə
- normal seçkiqabağı demokratik şərait olmamış;
- müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam etmiş;
- demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası
yaradılmamış;
- bütün seçki komissiyalarında hakim partiya nümayəndələri həlledici səs
çoxluğuna malik olmuş;
- iddiaçı tərəflərə bərabərhüquqlu təbliğat imkanları verilməmiş;
- seçki kampaniyasının müddəti azaldılmış, təbliğat və təşviqat imkanları, hətta
əvvəlki seçkilərlə müqayisədə xeyli məhdudlaşdırılmış;
- ölkədə normal siyasi rəqabət şəraiti yaradılmamışdır.
Qeyd edilənlərə əsaslanan əsas müxalifət qüvvələri prezident seçkilərində
iştirak etməmiş, bunun nəticəsində seçkilər faktiki olaraq alternativsiz
keçirilmişdir.
Sönük seçki kampaniyası sovet dövrünün seçki məzhəkələrini xatırlatmışdır.
Seçki məntəqələrində seçki günü saxtakarlıqlar və qanun pozuntuları davam
etdirilmişdir.
2) 15 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikası prezidenti seçkiləri
azad olmamışdır.
Belə ki, bir çox seçki məntəqələrinə seçicilər hakimiyyət strukturları
nümayəndələrinin nəzarəti altında gətirilmiş, məntəqələrdə qurulmuş
web-kameralar vasitəsilə seçicilərin seçkilərdə iştirakına inzibati nəzarət
təmin edilmişdir.
Siyasi hazırlığı olmayan seçicilərə onların kimə səs verdiyinin web-kameraların
apardığı çəkilişlərlə müəyyən olunacağı deyilmişdir.
Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan siyasi təşkilatlar (AXC,
Liberal, Müsavat, Vətəndaş və İnkişaf partiyaları və “Azərbaycan Naminə İctimai
Forum”) 15 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikası prezidenti
seçkilərinin azad və ədalətli olmadığını əsas götürərək, belə seçkilər
nəticəsində formalaşacaq hakimiyyəti xalqın iradəsini əks etdirməyən,
qeyri-legitim hakimiyyət hesab edir.