Müsavat Partiyasının bəyanatı
Bu günlərdə ABŞ Dövlət Departamentinin Azərbaycanda demokratiya və insan
haqlarının vəziyyəti ilə bağlı illik hesabatı yayılıb. Hesabatda demokratik
dəyərlər və insan haqları sahəsində Azərbaycanda ciddi xarakter daşıyan geriyə
doğru addımların olduğu vurğulanır. Bu kontekstdə söz, mətbuat, sərbəst
toplaşma, siyasi fəaliyyət azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılması,
siyasi məhbusların, işgəncələrin mövcudluğu, müxalifət partiyaları üzvlərinin
siyasi mənsubiyyətinə görə, müstəqil KİV mənsublarının baxış və yazılarına görə
təqib olunması və birbaşa digər məqamlar pislənilir.
Azərbaycan hakimiyyət orqanları bu tənqiddən lazımi nəticələr çıxarmaq əvəzinə,
məlum hesabatın ciddi tənqid atəşinə tutulması xəttini götürüb. Belə ki, KİV-də
müxtəlif ranqlı rəsmilərin dili ilə bu hesabat pislənilir, onu hazırlayanların
hətta təsir altında hərəkət etdikləri iddia edilir. Belə bir ciddi sənədə
Azərbaycan hakimiyyətinin qərəzli münasibəti ölkənin beynəlxalq imicinə ciddi
zərbə vurmaqla yanaşı Azərbaycanla ABŞ arasındakı münasibətlərə xələl gətirir.
Müsavat Partiyası hesab edir ki, ABŞ Dövlət Departamentinin bu hesabatı ölkədəki
ictimai-siyasi vəziyyətin real mənzərəsini yaratmaqla ölkədə hər gün bir az da
pisləşməkdə olan vəziyyəti obyektiv əks etdirir. “Azadlıq” qəzetinin müxbiri
Aqil Xəlilə sui-qəsd, tanınmış vəkil, Müsavat Partiyası Divanının üzvü Osman
Kazımova sui-qəsd cəhdi, Milli Demokratiya İnstitutunun Gəncədə Müsavat şəhər
təşkilatı ilə birgə keçirməyi planlaşdırdığı tədbirə icazə verilməməsi və bu
qəbildən olan çoxsaylı misallar ölkədə demokratiya və insan haqlarının bərbad
vəziyyətdə olduğunu, hakimiyyətin seçki ərəfəsində repressiv metodla əhalini xof
və qorxu içərisində saxlamağa çalışdığını nümayiş etdirir.
isagambar.az, 17.03.08, Bakı