Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik
qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub. Toplantının əvvəlində Milli Dirçəliş günü qeyd edilib
və bayram münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlandırılıb.
Divan bu yaxınlarda Bakıda keçirilmiş enerji sammitinə münasibət bildirib. Qeyd
olunub ki, neft və qaz boru kəmərləri təkcə iqtisadi deyil, eyni zamanda ciddi
strateji siyasi əhəmiyyətə malikdir. Odur ki, bu sammitdə Nabukko, Odessa-Brodı
və digər neft və qaz kəmərləri layihələrinin dəstəklənməsi ölkəmizin həm
iqtisadi maraqlarına cavab verən, həm də Azərbaycanın Avro-atlantik məkana
inteqrasiyasına xidmət edən addım kimi müsbət qiymətləndirilib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin
mətbuatda dərc edilməsi və Moskva bəyannaməsindən sonra danışıqlar prosesində
intensivlik müşahidə edilməsi haqqında ciddi fikir mübadiləsi aparılıb. Divan
iqtidardan danışıqların indiki mərhələsi haqqında cəmiyyətə bitkin məlumat
verməsini tələb və Müsavat Deputat Qrupuna həvalə edib ki, Xarici İşlər
Nazirliyinin bu məsələ ilə bağlı Milli Məclisdə məlumat verilməsi haqqında
məsələ qaldırsın.
Müxalifətin əməkdaşlıq perspektivləri və formaları haqqında fikir mübadiləsi
aparılıb, qərara alınıb ki, Divan bu yöndə səylərini davam etdirsin.
Yığıncağın sonunda Divan həbsdə olan jurnalist Eynulla Fətullayevi beynəlxalq
“PEN klub”a üzv seçilməsi münasibəti ilə təbrik edib.
Axırda bir sıra cari məsələlərə baxılıb.
isagambar.az, 17 noyabr 2008-ci il, Bakı