Müsavat Partiyasının
b ə y a n a t ı
Son günlər Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan şəxslər ölkədə
bir şəxsin dalbadal iki dəfədən artıq prezident seçilməsini qadağan edən
konstitusiya maddəsinin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Artıq
parlamentin son iclasında sözügedən partiyanı təmsil edən deputatlar tezliklə
həmin məsələ ilə bağlı referendum keçirilməsini təklif ediblər. Bu təklifin
xeyli sayda iqtidar deputatları tərəfindən dəstəklənməsi, parlament
rəhbərliyinin təklifi tezliklə müvafiq komissiyalarda müzakirə edib növbəti
iclasın gündəliyinə çıxarılması ilə bağlı fikirləri sübut edir ki, əslində
göstəriş ən yuxarı səviyyədə verilib və bu antidemokratik təklif tezliklə
referenduma çıxarılacaq.
Göründüyü kimi iqtidar ölkədə monarxiya qurulması istiqamətində növbəti biabırçı
addım atmağa hazırlaşır və bu addımın gerçəkləşməsi ölkəni tam fəlakətə
sürükləyəcək, onun olan-qalan beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vuracaq. Sözdə
demokratiya quruculuğundan, ölkənin Avro-Atlantik məkana inteqrasiyasından dəm
vuran hakimiyyət bu hərəkəti ilə bir daha özünün əsl simasını növbəti dəfə açıb
göstərdi.
Müsavat Partiyası İlham Əliyev və onun ətrafının bu cür addımlarını ölkənin
geriyə - feodalizm dövrünün qayda-qanunları ilə idarə edilməsinə sürüklənməsinə
yönələn biabırçı bir fakt kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir. Biz
bütün nüfuzlu beynəlxalq təşkilatları, Azərbaycanda həqiqi demokratik cəmiyyət
quruculuğunu istəyən mərkəzləri Əliyev rejiminə qarşı indiyə kimi sərgilədikləri
loyal münasibətin fəsadlarını obyektiv qiymətləndirməyə və əllərində olan bütün
təsir mexanizmlərindən istifadə edərək ölkədə demokratiyanın birdəfəlik dəfn
olunmasına yol verməməyə çağırırıq. Biz ölkədə fəaliyyət göstərən bütün
müxalifət qüvvələrinə, ictimai-siyasi təşkilatlara, ziyalılara, bütövlükdə
Azərbaycan xalqına müraciət edərək onları bu müdhiş planın həyata keçirilməsinə
qarşı birgə mübarizə aparmağa çağırırıq.
isagambar.az, 17 dekabr 2008-ci il, Bakı