“PARTİYADAKI SEÇKİ OVQATI 51-in 49-a NİSBƏTİNDƏ İŞTİRAKIN XEYRİNƏDİR”
“HƏR ŞANSI SON ŞANS KİMİ QİYMƏTLƏNDİRMƏLİYİK”
İsa Qəmbər: “Qərarımızı zərgər dəqiqliyi ilə ölçüb-biçib verəcəyik”
İsa Qəmbər: “Həlledici amil pul yox, ləyaqətdir”
İsa Qəmbər: “Seçkiyə girəcəyiksə, cəmiyyəti qısa zamanda fəallaşdıra biləcəyik”

Seçkilərə artıq üç aydan da az vaxt qalır. Təbii ki, siyasi qüvvələr bunun fərqindədirlər. Onlar cəmiyyətdəki passivliyi aradan qaldırmaq, müxalifətin pərakəndəliyinə son qoymaq, birgə müqavimət təşkil etmək üçün hansı addımları atmağı planlaşdırırlar? Bu və digər suallarımıza cavab almaq, həmçinin ölkədəki mövcud siyasi vəziyyəti dəyərləndirməsi üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə söhbətləşdik.

- İsa bəy, ötən seçkilərlə müqayisədə budəfəki seçki ilində müxalifətdə və bütövlükdə cəmiyyətdə fəallıq hiss olunmur. Sizcə, bu sönüklüyün əsas səbəbi nədir?

- Əvvəla, “hiss olunmur” sözü nə dərəcədə yerinə düşür, bilmirəm. Yəni, mən Müsavat Partiyasının adından danışa bilərəm, Müsavat hələ bir il əvvəl qəbul etdiyimiz proqrama uyğun olaraq detallı, sistemli şəkildə və tam həcmdə seçkiyə hazırlığı davam etdirir. Eyni zamanda cəmiyyətdə baş verən, cəmiyyətin maraqlarına aid olan bütün məsələlərlə bağlı Müsavat Partiyası mövqeyini bildirir, lazım gələndə ictimaiyyəti məlumatlandırır, diqqəti gərəkən istiqamətə yönəldir. Cümhuriyyətin 90, Elçibəyin 70 illiyi ilə bağlı 2008-ci ilin Cümhuriyyət ili elan edilməsi təşəbbüsünü zamanında biz irəli sürdük. Bu istiqamətdə özümüz də bir çox tədbirlər həyata keçirdik. Tədbirlərimiz yenə davam edəcək. Eyni zamanda bizim bu təşəbbüsümüz cəmiyyətdə iqtidar da daxil olmaqla, xeyli müxtəlif siyasi qüvvələr tərəfindən bir çox tədbirlərin həyata keçirilməsinə gətirib çıxardı.

Kütləvi tədbirlərlə gəldikdə, mitinqlər keçirmək üçün bir neçə dəfə müraciət etmişik, hakimiyyətin bizim Konstitusiya hüququmuzu məhdudlaşdırmasına cavab olaraq məhkəmə iddiası qaldırmışıq. Hazırda məhkəmə prosesi davam etdirilir. Mitinqlərə icazə verilməməsinə etiraz əlaməti olaraq həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piketlərə başlamışıq. Bunlar kifayət qədər həm ölkə, həm də dünya mətbuatının diqqətini çəkib. Yəni bütün istiqamətlər üzrə partiya fəaliyyətini davam etdirir. Bu və ya başqa şəkildə yəqin digər siyasi qüvvələr də fikirlər səsləndirə bilərlər. Sadəcə olaraq, cəmiyyətdə bir gözləmə ab-havası var. Cəmiyyətdə hər kəs hər şeyi bilir, eyni zamanda əksəriyyət gözləyir ki, nəsə qeyri-adi bir hadisə baş verəcək. Bu “qeyri-adi hadisə baş verəcək” gözləntisi ona gətirib çıxarır ki, baş verən hadisələrə də kifayət qədər reaksiya olmur.

İndi çox önəmli, qeyri-adi hadisələr baş verir. Elə son hadisəni - Azərbaycan hakimiyyətinin xalqın sərvətləri hesabına topladığı pulları Amerikada lobbi şirkətləri vasitəsilə öz mövcudluğunu qorumağa yönəltməsini götürək. Bu skandal bütün dünya mətbuatında, ABŞ-ın özündə Konqres səviyyəsində, dünyaca məşhur telekanallarda müzakirə olunur. Digər diqqətəlayiq hadisələr baş verir. Ancaq hələlik bu, cəmiyyətin siyasi proseslərə maraq göstərməsi üçün yetərli olmur. Bu baxımdan mən hesab edirəm ki, Müsavat Partiyası fəaliyyətini bugünki şərtlərin imkan verdiyi dərəcədə davam elətdirir, məhdudiyyətləri aradan qaldırmaq, azadlıqları genişləndirmək istiqamətində mübarizədən çəkilmir. Bu mübarizəni davam etdirəcəyik.

Seçkiyə gəldikdə isə, yenə də bəlli bir səbəb var ki, Azərbaycanda cinayətkar rejim formalaşıb və bu rejim hakimiyyətdə qalmaq, gündən-günə artan gəlirləri, rüşvətləri öz nəzarətində saxlamaq üçün hər bir cinayətə hazırdır. Cəmiyyət də bunu bilir. Ona görə də cəmiyyətin hakimiyyətin dinc yolla dəyişəcəyinə arxayınlığı olmadan fəallaşacağını gözləmək çətindir.

- Belə bir vəziyyətdə müxalifətin vəzifəsi nədən ibarət olmalıdır?

- Bizim vəzifəmiz odur ki, bu gün mövcud olan tənlikdəki yerləri dəyişək. “Hakimiyyətin dəyişəcəyinə inam olmadan cəmiyyətin fəallaşmaması” tənliyini dəyişib, onun yerinə “hakimiyyət o zaman dinc yolla dəyişəcək ki, cəmiyyət fəallaşacaq” tənliyini qoyaq. Biz cəmiyyətə bunu izah eləməyə çalışırıq. Bu istiqamətdə bütün mümkün vasitələrlə işləyirik və işlərimizi davam etdirəcəyik. Bu gün bu işin nəticəsi arzuolunan səviyyədə görünmürsə, bu o demək deyil ki, görülən işlər nəticəsizdir. İş gedir. Hesab edirəm ki, çox yaxın zamanlarda görülən işlərin nəticəsi ortada olacaq.

- Müxalifət seçkilərə heç də birgə hazırlaşmağa həvəsli görünmür. Bu partiyaların birgə mübarizə aparmasının effektsizliyinin nəticəsidir, yoxsa başqa səbəblər var?

- Qarşıdan gələn seçki prezident seçkisidir. Kim nə deyir desin, cəmiyyətdə hər kəs bilir ki, hakimiyyətdən dördəlli yapışmış bir qüvvə, ailə var və bu rejimin əsas alternativi Müsavat Partiyasıdır. Bu, 2003-cü ilin prezident seçkisində də özünü göstərdi. Sona 8 namizəd qalsa da, mübarizə rejimin namizədi ilə Müsavatın namizədi arasında getdi. Digər qüvvələr də kənarda nə danışmalarından, mətbuata nə də demələrindən asılı olmayaraq çox gözəl dərk edirlər ki, yenə seçkidə real alternativlər bu iki qüvvələrdir: Müsavat və hakimiyyət. Ona görə də prezident seçkisində hakimiyyətlə Müsavatdan başqa heç bir qüvvə seçki barədə hakimiyyətə gəlmək vasitəsi kimi düşünmür. Ancaq parlament seçkilərində situasiya başqa olur. Milli Məclisdə 125 yer var və normal seçki keçirilsə, orada böyük qüvvələr çox, kiçik qüvvələr isə öz güclərinə uyğun yer ala bilərlər. Ona görə də parlament seçkiləri zamanı müxtəlif siyasi qüvvələr daha fəal, təşəbbüskar olurlar. Mən sizi əmin edirəm ki, hadisələr necə inkişaf edir etsin, 2010-cu ildə keçiriləcək parlament seçkilərində Azərbaycandakı siyasi səhnə indikindən qat-qat gur və daha darısqal olacaq.

Yeri gəlmişkən, bu gün-16 iyul Xalq Cəbhəsinin quruluş günüdür, bütün hərəkatçıları, bütün demokratik düşərgəni təbrik edir, hamıya və xalqımıza ugurlar arzu edirəm.

- Biz qəzetçilərin dili ilə desək, hazırda gözlər Müsavatdadır. Söhbət ondan gedir ki, hamı Müsavat Məclisinin avqustun 2-də keçiriləcək iclasında hansı qərarın qəbul olunacağını gözləyir. Şəxsən siz necə düşünürsünüz, hansı qərarın qəbul olunması ehtimalı böyükdür?

- Mən sizə açıq deyəcəm. Partiya rəhbərliyində müzakirələrin gedişi onu göstərir ki, əhval-ruhiyyə 51-in 49-a nisbətində seçkidə iştirakın tərəfinədir. Bir daha qeyd edim ki, müzakirələr çox ciddi, məsuliyyətli gedir. Eyni zamanda müzakirələrdə tərəflər yoxdur. Yəni fikir mübadilələrində “seçkidə iştirak etmək istəyənlər və iştirak etmək istəməyənlər” kimi anlayış yoxdur. Hər kəs iştirakın və iştirak etməməyin üstün və mənfi cəhətləri ilə bağlı fikirlərini, mülahizələrini bölüşür, arqumentlər səslənir. Tam məsuliyyətlə deyirəm ki, bu qərarı zərgər tərəzisi kimi dəqiqliklə ölçüb-biçmək fikrindəyik ki, qərarımız yanlış olmasın. Baxmayaraq ki, qərarların hər ikisi çətin olacaq. Çünki biz yaxşı və pis arasında seçim etmək yox, iki pis variantdan birini seçmək məcburiyyətindəyik.

Ona görə də avqustun 2-də Məclisin hansı qərar qəbul edəcəyini bu gün demək tez olardı. Müzakirələrimiz hələ yaxın 10 gün ərzində də davam edəcək, ayın sonuna doğru partiyanın mövqeyi dəqiqləşəcək və müzakirələrin sonunda bəlli olacaq nəticələrə uyğun şəkildə qərar qəbul olunacaq. Eyni zamanda bu qədər ciddi, davamlı müzakirələr getməklə yanaşı seçkilərə hazırlıq da tam ciddiliyi ilə davam edir. Hazırlıq işi proqramımıza uyğun olaraq aparılır. Bu yenə də Müsavatın gücünü göstərir.

- Belə fikirlərə də tez-tez rast gəlinir ki, hakimiyyət ən təhlükəli rəqiblərinin seçkidə iştirakını əngəlləmək üçün onların namizədliyini müxtəlif bəhanələrlə qeydə almaqdan imtina edəcək. Bu təhlükəni nəzərə alırsınızmı?

- Hakimiyyət ölkədə azadlıqları son dərəcə məhdudlaşdırmaqla yanaşı, Seçki Məcəlləsini də mümkün qədər məhdudlaşdırıcı şəkildə dəyişdirdi. Bu dəyişikliklər namizədin qeydə alınmasını çətinləşdirdi, eyni zamanda qeydə alınmış namizədin qeydiyyatının ləğvini asanlaşdırdı. Və digər bir sıra mürtəce addımlar atıldı. Bu, özü də hakimiyyətin real siyasi qüvvələrin seçkidə iştirak etməsində maraqlı olmadığını sübut edirdi. Biz hər zaman imzatoplama kampaniyasında ən məsuliyyətli yanaşma nümayiş etdirən qüvvə olmuşuq. İndi də bu işə hazırlıq gedir. Əgər seçkidə iştirak qərarı qəbul edilərsə, qısa müddətdə keyfiyyətli, qüsursuz imzalar toplanılacaq. İstər partiyanın potensialının, istərsə də Müsavat tərəfdarı olan seçicilərin böyük bir qüvvə olduğunu nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, imza toplayarkən bizimçün hər hansı bir problem ortaya çıxmayacaq. Hakimiyyətin hər zaman olduğu kimi bu imzaları tanımamaq kimi bir qanun pozuntusuna gedib-getməyəcəyini zaman göstərəcək. Əlbəttə, hakimiyyət belə bir qanun pozuntusuna gedəcəksə, biz də bu qanunsuzluğun aradan qaldırılması üçün mübarizə aparacağıq. Necə ki, biz əvvəlki dövrlərdə də bu istiqamətdə mübarizə aparmışıq.

Xatırlayırsınızsa, 1995-ci ildə bizim imzaları qeydə almadılar, 2000-ci ildə də qeydə almaq istəmirdilər, ancaq bizim apardığımız mübarizə və cəmiyyətin təpkiləri, beynəlxalq birliyin mövqeyi nəticəsində seçkilərə qısa bir zaman qalmış Müsavatın siyahısı qeydə alındı. Həmin il parlament seçkisində Müsavat çox yüksək nəticə göstərmişdi. 2003-cü ildə də imzalarla bağlı oyun oynamaq istədilər, lakin son anda depozit məsələsinin də olduğunu və Müsavatın müqavimət potensialını nəzərə alaraq geri çəkilməyə məcbur oldular. Yenə biz səliqəli şəkildə imzaları toplayıb təqdim edəcəyik, hakimiyyət yenə də oyun oynamaq istəyəcəksə, ciddi mübarizə aparacağıq. Nəticəsini isə zaman göstərər.

- Hakimiyyət təmsilçiləri birbaşa olmasa da, dolayısı yolla və istehza ilə belə fikirlər səsləndirirlər ki, müxalifət maddi baxımdan elə durumdadır ki, seçki kampaniyası dövründə minimal xərcləri ödəməyə qadir deyil. Seçki kampaniyasını qurmaq üçün maddi problemləri həll etmək mümkün olacaqmı?

- Əvvəla, biz hər zaman hesab eləmişik ki, həlledici amil pul deyil, ləyaqətdir. Müsavat Partiyası tarix boyu ləyaqət göstəricisi ilə fərqlənib. Bu baxımdan pulumuzun az olması bizə nöqsan tutula bilməz. Ölkədə normal, demokratik ab-hava olsaydı, Müsavat Partiyasının maliyyə baxımından heç bir problemi olmazdı. Qanunsuzluq, rüşvətxorluq baş alıb gedir, hakimiyyət Müsavata meylli, hətta salam verən insanlarla bağlı çox ciddi cəza tədbirləri həyata keçirir. Belə bir şəraitdə əlbəttə ki, maliyyə problemlərimizin yaranması təbiidir. Ancaq biz əvvəlki seçkilərdə də göstərmişik ki, bizdən yüzlərlə, bəzən minlərlə dəfə çox pul xərcləyən hakimiyyəti - YAP-ı məğlub etməyi bacarırıq. Bu baxımdan xalqdan oğurladıqları pullarla çox da fəxr eləməsinlər. Oğurluq pulun bərəkəti olmaz. Və indiyə qədər dünyada oğurluq puldan sonadək bəhrələnən olmayıb.

- Seçkilərə qalan müddət qısaldıqca hakimiyyət aqressivləşir. Ölkə rəhbərliyinin son açıqlamalarından belə təəssürat, görüntü yaranır ki, sanki dünyaya meydan oxuduqlarını göstərmək istəyirlər. Sizcə, bu mövqe nədən qaynaqlanır və sonadək davam edəcəkmi?

- Bu, elə məhz görüntüdür. İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirlərinin toplantısında etdiyi məlum çıxışından iki gün keçməmiş ABŞ dövlət katibi Kondaliza Raysdan çox sərt bir cavab aldı. Onun Praqada olarkən “Azadlıq” radiosuna dediyi həqiqətlər çox kəskin və konkret İlham Əliyevin uğursuz, məsuliyyətsiz bəyanatına cavab olaraq səslənən fikirlər idi. Bu yaxınlarda bir xarici diplomatla söhbət edərkən müxalifətdəki, cəmiyyətdəki və hakimiyyətdəki əhval-ruhiyyə ilə bağlı mövzuya toxunuldu. Diplomat maraqlı bir fikir işlətdi. Dedi ki, hakimiyyət nümayəndələri ilə danışanda görünür ki, onlar çox arxayın danışırlar, ancaq hərəkətləri o arxayınlıqdan xəbər vermir. Hərəkətləri narahatlıqdan xəbər verir. Son vaxtlar Kondoliza Raysın cavabı, Andreas Qrossun müsahibəsi və digər tanınmış şəxslərin müsahibələrində bir məqam xüsusi vurğulanır ki, rejim topladığı sərvətləri, hakimiyyəti itirməkdən qorxur.
Bu baxımdan mən bilirəm ki, hakimiyyətdə heç bir özünəarxayınlıq yoxdur. İstər ölkə miqyasında, istərsə də beynəlxalq miqyasda vəziyyətlərinin həddən artıq ağır olduğunu başa düşürlər və heç də bayram əhval-ruhiyyəsində deyillər. Bu dəqiqdir. Ancaq təbii ki, cəmiyyətə özlərini arxayın göstərmək istəyirlər, yuxarıdan danışırlar. Məşhur lətifədə deyildiyi kimi, danışmaq qadağan deyil, danışsınlar.

- Bəzi ekspertlər, hətta müxalifətə yaxın olan şərhçilər xeyli öncədən 2008-ci il seçkisinin ənənəvi müxalifətin son şansı olması barədə bəyanatlar veriblər. Siz necə düşünürsünüz?

- Mən bu barədə bir dəfə fikrimi bildirmişəm ki, siyasətçi, siyasi qüvvə bir tərəfdən hər bir şansa son şans kimi yanaşıb ondan istifadə etməyə çalışmalıdır, onun dəyərini bilməlidirsə, digər tərəfdən aydın şəkildə dərk etməlidir ki, siyasətdə son şans deyilən bir şey yoxdur. Nə qədər ki, Azərbaycan var, bu millət və xalq var, nə qədər ki, Müsavat var, heç zaman son şans deyilən bir şey olmayacaq. Hətta vəziyyət indikindən 10 dəfə yaxşı olanda da, daha yaxşı vəziyyət uğrunda mübarizə getməlidir və gedəcək. Təsəvvür edin, Müsavatın 20-ci ildə hakimiyyətdən getməsi, sonrakı illərdə 100 minlərlə müsavatçının və Müsavat tərəfdarının məhv edilməsi, minlərlə müsavatçının mühacirət etməyə məcbur olması, onilliklərlə xaricdə yaşamağa məhkum edilməsi və sair mərhələlərində kimsə deyəydi ki, Müsavat son şansını itirdi və bir daha ayağa qalxmayacaq. Yəni yeni dövrdə Müsavat Partiyası öz gücünü, xalqa bağlılığını, qüdrətini nümayiş etdirərək yenə də ölkənin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini davam etdirirsə, indi hansısa seçkinin guya müxalifətin son şansı olduğunu söyləmək ancaq gəlişigözəl fikirlərdir. Son şans anlayışını politoloji olaraq qəbul eləməsəm də, bir siyasətiçi kimi hər bir şansı son şans kimi dəyərləndirməyin tərəfindəyəm.

- İsa bəy, mətbuatda, müxtəlif dairələrdə belə fikirlər də səsləndirilir ki, Müsavat Partiyası seçkidə iştirak qərarı versə də, seçkiyə 10 gün qalmış - yəni seçkini boykot etmək üçün qanunda göstərilən son müddətdə prosesi dayandıracaq. Bu fikirlər nə dərəcədə əsaslıdır?

- Əslinə qalsa, bu, Müsavat Məclisinin ötən ilin oktyabrında qəbul etdiyi qərarın ruhunda olan bir versiyadır. Yəni o zaman qərar qəbul edilmişdi ki, seçkilərə hazırlığa başlayırıq, seçkilərdə iştirak etmək əzmindəyik, eyni zamanda iştirakdan imtina hüququnu da özümüzdə saxlayırıq. Bu baxımdan iştirakdan imtina variantı hətta seçkiyə 10 gün qalana, yəni qanunun nəzərdə tutduğu son müddətədək istisna ola bilməz. Nəzəri cəhətdən bu belədir. Ancaq bu, çox ciddi məsələdir və təbii, indidən belə qəbul eləmək ki, seçkiyə girək, müəyyən mərhələdə çıxarıq, belə bir qərar ola bilməz. Biz məsələyə son dərəcə məsuliyyətli yanaşırıq. Əgər seçkidə iştirak qərarı verəcəyiksə, qələbə uğrunda mübarizə aparacağıq. Qələbə ilə yanaşı vətəndaşlarımızın haqları, azadlıqları, cəmiyyəti fəallaşdırmaq uğrunda mübarizə aparacağıq. Eyni zamanda şübhəsiz ki, müxtəlif siyasi şəraitlərdə istədiyimiz qərarları qəbul etmək hüquqlarını da özümüzdə saxlayacağıq.

- Belə suallarla tez-tez rastlaşırıq ki, müxalifət niyə birləşmir? Demokratik düşərgədə bu istiqamətdə hansısa müzakirələr gedirmi?

- Bu sual bizə də tez-tez verilir. Mən dəfələrlə bu suala cavab vermişəm. Bu günlərdə bir məclisdə yaxşı tanıdığım, hörmət bəslədiyim məşhur bir bəstəkarla rastlaşdım. Söhbətin gedişində qəfildən soruşdu ki, müxalifət niyə birləşmir? Mən də ona zarafatla cavab verdim ki, siz bir yerdə olan üç bəstəkarın adını çəkin, sonra müxalifətdən soruşun ki, niyə birləşmirsiniz. Yəni birləşmək belə asan məsələdirsə, elə hamı birləşsin. Qəzetlər birləşsinlər bir qəzet buraxsınlar, QHT-lər birləşsinlər bir yerdə hüquqlarımızı müdafiə eləsinlər, telekanallar birləşib bir kanalda fəaliyyət göstərsinlər.

Müxalifətin birləşməsi məsələsi də təxminən buna bənzər bir şeydir. Amma demokratiyanın əsas atributlarından biri elə müxtəliflikdir. Müxtəlif siyasi qüvvələrin olması, müxtəlif baxışların mövcudluğudur. Mən əminəm ki, bu, heç kimə mane olmur. Amerikada yüzlərlə siyasi qüvvə fəaliyyət göstərir. Ancaq cəmiyyət hər seçkidə həmin o yüzlərlə qüvvədən yalnız ikisinin namizədinə ciddi yanaşır, bu iki namizədin arasında ciddi mübarizə gedir. Prinsip etibarilə Azərbaycanda da buna bənzər bir situasiya var və bundan daha aydın şəkildə ola bilər. Bu məsələnin sırf nəzəri tərəfidir.

Məsələnin mahiyyət, konkret tərəfinə gəldikdə isə Müsavat Partiyası olaraq biz siyasi qüvvələrin bir arada olması üçün əlimizdən gələni hər zaman etmişik. Bizim ötən əsrin 90-cı illərində atdığımız addımları, yeni əsrin əvvəlində atdığımız addımları, son dövrdə müxalifətin bir araya gəlməsi ilə bağlı irəli sürdüyümüz təklifləri yada salın, israrımızı görəcəksiniz. Dəfələrlə bu istiqamətdə cəhdlərimiz, səylərimiz olub. Müxtəlif səbəblərdən hələlik bu mərhələdə bu birlik yoxdur. Ancaq konkretləşdirməyin tərəfdarı deyiləm, çünki bunun izahına keçsək ki, nəyə görə birlik yoxdur, biz də hansısa siyasi qüvvələrin qərarları ilə bağlı tənqidi fikirlər söyləmək zorunda qalırıq. Ona görə də ehtiyac duymuram. Çünki hesab eləmirəm ki, ölkənin problemi müxalifətin birgə olub-olmamasıdır.

Ölkənin problemi cinayətkar bir rejimin mövcudluğudur, bu rejimin xalqazidd siyasətidir. Eyni zamanda düşünürəm ki, cəmiyyətdə dinc yolla, seçkilər yolu ilə hakimiyyətin dəyişəcəyinə inam yüksəldikcə müxalifətin bir araya gəlməsi prosesi sürətlənəcək. Müsavat Partiyası olaraq bu yöndə səylərimizi davam etdirəcəyik.

- 2003-cü ildə seçki ilinin əvvəlindən müxalifətdə hətta şüar şəklini almış bir inam vardı ki, qələbə bizimdir. Bu gün də həmin inam qalırmı?

- Müxalifətin seçkidə qalib gəlmək şansları təbii ki, var. Yəni biz cəmiyyətin, xalqın indiki hakimiyyətdən nə dərəcədə narazı olması barədə də dəqiq məlumatlara malikik, seçki kampaniyası dövründə seçicilərin böyük əksəriyyətini prosesə cəlb etməyin mümkünlüyünü də görürük, bilirik. Ancaq bir-birilə bağlı iki problem var. Biri qələbəni reallaşdırmağın mümkünlüyüdür ki, öz xalqına qarşı hər bir cinayətə hazır olan rejimin keçirdiyi seçkidə xalqın verdiyi səslərin düzgün sayılacağına, qeydə alınacağına inanmaq çox çətindir.

İkincisi də cəmiyyətin elə məhz bu səbəbdən seçki yolu ilə hakimiyyət dəyişikliyinə inanmamasıdır. Bunlar bir-biri ilə bağlı problemlərdir. Biz 2003-cü ildə qalib gələcəyimizi deyirdik, çünki bilirdik ki, xalq qələbəyə inanır. Ancaq indiki mərhələdə cəmiyyətdə hakimiyyətin dinc yolla dəyişməsinə inam yoxdursa, bizim irəli sürdüyümüz fikirlər, səsləndirdiyimiz şüarlar da cəmiyyətin əhval-ruhiyyəsindən həddindən artıq irəli gedə bilməz. Şüarlar, hədəflər cəmiyyətin əhval-ruhiyyəsi nəzərə alınaraq müəyyənləşməlidir ki, sonda nail olduğumuz nəticə cəmiyyətin gözlədiyindən daha çox olsun. Gözlədiyindən az olmasın.

- Seçkilərə qalan üç aydan da az vaxtda cəmiyyəti onda beş il ərzində formalaşmış fikirdən daşındırmaq mümkün olacaqmı?

- İstənilən bir işi həyata keçirmək istəyirsənsə, bu işin mümkün olduğunu qərara alıb hərəkət edirsən. Əgər əvvəlcədən deyəcəksənsə bu iş mümkün deyil, təbii ki, mümkün olmayacaq. Biz hesab edirik ki, əgər seçkiyə girəcəyiksə, seçkidə iştirak edəcəyiksə, ən qısa müddətdə də cəmiyyəti fəallaşdıra biləcəyik.

Elşad MƏMMƏDLİ, Yeni Müsavat, 18-19 iyul, 2008